Oftalmoloq: “Uşaqlar arasında zəifgörmə səviyyəsi artıb”

Oftalmoloq: “Uşaqlar arasında zəifgörmə səviyyəsi artıb”
# 10 avqust 2022 15:13 (UTC +04:00)

“Gözlərdə batma və quruluq şikayəti son zamanlar çox rast gəlinir. Bu kompüter göz sindromu da hesab edilir”.

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq-cərrah Nigar Həsənova deyib.

Həkim qeyd edib ki, ekran qarşısında olarkən insanlar gözlərini normadan az qırpırlar. Buna görə də müəyyən müddətdən bir fasilə vermək və sadə göz nəmləndirici damlalardan istifadə etmək tövsiyə olunur:

“Gecə, qaranlıqda ekranlara baxmaq daha təhlükəlidir. Göz dibində ola biləcək xəstəliklərin cavanlaşmasına səbəb olur. Xüsusən də azyaşlıların qaranlıqda ekrana baxması daha təhlükəlidir”.

Həkim əlavə edib ki, ümumiyyətlə uşaqlar arasında zəifgörmə səviyyəsi artıb:

“Uşaqların kiçik ekrandan istifadəsini məhdudlaşdırmaq lazımdır. Bu həm də uşaqların görmə itiliyini aşağı salır. Bunu uşaqlar hiss etmir. Uşaqlar görməsi 10-20% olana qədər zəif gördüklərini hiss etmirlər”.

Nigar Həsənova deyib ki, uşaq daimi olaraq balıq yesə, gözü yaxşı görəcək deyə anlayış düzgün deyil:

"Elə uşaq var ki, heç balıq yemir, amma gözü yaxşı görür. Bəzən valideynlər uşağa davamlı olaraq kök suyu verir. Bu da ciyərdə piy mübadiləsini pozur. Bundansa, uşağa fasilələrdə kök verə bilərsiniz".

Həkim qeyd edib ki, konkret olaraq elə bir qida yoxdur ki, onu çox yesən gözün yaxşı görəcək:

“Tərkibində omeqa olan qidalar təbii ki, göz üçün faydalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR