Ombudsman Aparatında Milli preventiv qrupun hüquqları müəyyənləşir

Ombudsman Aparatında Milli preventiv qrupun hüquqları müəyyənləşir
# 07 oktyabr 2022 11:13 (UTC +04:00)

Ombudsman Aparatında Milli preventiv qrupun təşkili prinsipləri və qrupun hüquqları müəyyənləşir.

APA-nın xəbərinə görə, bu, bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” qanunun layihəsində əksini tapıb.

Layihəyə əsasən, milli preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi məqsədilə Müvəkkilin aparatında Milli preventiv qrup yaradılacaq. Yaşı 25-dən aşağı olmayan, ali təhsilli, insan hüquqlarının müdafiəsi sahəsində təcrübəyə və yüksək əxlaqi keyfiyyətlərə malik olan şəxslər Milli preventiv qrupun üzvü təyin olunacaqlar. Milli preventiv qrupun üzvləri Müvəkkil tərəfindən 3 il müddətinə şəffaf prosedurlar əsasında təyin olunacaqlar.

Sənəddə bildirilib ki, ikili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, əvvəllər ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxs Milli preventiv qrupun üzvü təyin oluna bilməz.

Milli preventiv qrup aşağıdakı hüquqlara malikdir:

- istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən polis orqanlarına, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə daxil olmaq, saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək və ya mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək, saxlanılan və ya əvvəllər saxlanılmış şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və surətlərini almaq, akt tərtib etmək, həyata keçirdiyi tədbirlərin gedişini və nəticələrini protokollaşdırmaq, texniki vasitələrdən istifadə etməklə foto, audio və video qeydiyyatını aparmaq;

- polis orqanlarının, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərin rəhbərliyi tərəfindən təxirəsalınmadan qəbul edilmək;

- milli preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi zamanı

hüquq pozuntularının qarşısının alınması və aşkar edilmiş pozuntuların aradan qaldırılması məqsədilə dövlət orqanlarının, bələdiyyələrin və digər qurumların nümayəndələrini dəvət etməklə tədbirlər görmək.

Milli preventiv qrupun üzvü öz funksiyalarını həyata keçirməsi ilə əlaqədar ona məlum olmuş faktlar barəsində ifadə verməyə və ya hər hansı digər üsulla bu faktları açıqlamağa məcbur edilə bilməz. Bu təminat Milli preventiv qrupun üzvü qrupun tərkibindən çıxdıqdan sonra da qüvvədə qalır.

Milli preventiv qrupun üzvü saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə

bilmədiyi yerlərdə öz funksiyalarını həyata keçirərkən tutula və ya saxlanıla bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Milli preventiv qrupun üzvünün poçt, teleqraf və digər göndərişlərinin, habelə elektron yazışmalarının üzərinə həbs qoyulmasına, onların yoxlanılmasına və ya götürülməsinə yol verilmir.

Layihə eyni zamanda müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsinin xüsusiyyətlərini müəyyənləşdirir.

Müvəkkil insan hüquq və azadlıqlarının təşviqi, müdafiəsi və təmini vəziyyətinin monitorinqi, pozuntu hallarının qarşısının alınması məqsədilə bu Konstitusiya Qanununa uyğun olaraq müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirir.

Müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsi məqsədilə Müvəkkilin aparatında monitorinq qrupları yaradılır. Monitorinq qruplarının üzvləri bu Konstitusiya Qanununda nəzərdə tutulmuş qaydada təyin olunurlar.

Müstəqil monitorinq mexanizmi funksiyalarını həyata keçirən zaman Müvəkkilin və monitorinq qrupunun aşağıdakı hüquqları vardır:

- dövlət orqanlarında, bələdiyyələrdə və digər qurumlarda monitorinqlər həyata keçirmək, zəruri məlumatlarla (sənədlərlə, materiallarla) yerində tanış olmaq və surətlərini almaq;

- dövlət orqanlarından, bələdiyyələrdən və digər qurumlardan, onların vəzifəli şəxslərindən zəruri məlumatları (sənədləri, materialları) və ya onların surətlərini tələb etmək və 5 iş günü müddətində almaq;

- həyata keçirilən monitorinqin nəticələrini sənədləşdirmək;

- dövlət orqanlarına, bələdiyyələrə və digər qurumlara, onların vəzifəli şəxslərinə monitorinqin nəticələri ilə əlaqədar tövsiyələr vermək;

- vətəndaş cəmiyyəti institutlarını, müstəqil ekspertləri və mütəxəssisləri monitorinq qruplarının fəaliyyətinə cəlb etmək.

Müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsi zamanı aşkar edilmiş insan hüquqlarının pozulması faktlarına bu Konstitusiya Qanunu ilə müəyyən edilmiş qaydada baxılır.

Müvəkkilin, milli preventiv qrupun və müstəqil monitorinq qruplarının qanuni fəaliyyətinə maneə törədilməsinə görə məsuliyyət müəyyənləşir.

Müvəkkilin, milli preventiv qrupun və müstəqil monitorinq qruplarının qanuni fəaliyyətinin məhdudlaşdırılması və ya fəaliyyətinə müdaxilə qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Müvəkkilin fəaliyyəti ilə əlaqədar ona, milli preventiv qrupun və müstəqil monitorinq qrupunun üzvlərinə, Müvəkkilin aparatının və regional mərkəzlərinin işçilərinə məlum olan dövlət sirri təşkil edən məlumatların, istintaq, məhkəmə, vergi, bank və kommersiya sirlərinin, eləcə də qanunla əldə olunmasına məhdudiyyət qoyulan digər məlumatların mühafizəsi bu sahədə münasibətləri tənzimləyən Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR