Ombudsman Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyən bəyanat yayıb - YENİLƏNİB

Ombudsman Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyən bəyanat yayıb  - YENİLƏNİB
# 27 yanvar 2023 15:08 (UTC +04:00)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə edilən hücumla bağlı bəyanat yayıb.

Ombudsman Aparatından APA-ya verilən xəbərə görə, bəyanatda deyilir:

"Bu gün səhər saatlarında ölkəmizin İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktını qətiyyətlə qınayırıq. Bu alçaq hücum nəticəsində öz xidməti fəaliyyətini həyata keçirərkən diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov həlak olub, səfirliyin iki nəfər əməkdaşı isə xəsarət alıb.

Baş verən hadisə ilk növbədə "Diplomatik əlaqələr haqqında" 1961-ci il tarixli Vyana Konvensiyasının müddəalarının kobud şəkildə pozulmasıdır. Belə ki, Vyana Konvensiyasının 22-ci maddəsinə əsasən, nümayəndəlik binaları toxunulmazdır, nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq, nümayəndəliyin normal fəaliyyətinin təmini üçün lazımi tədbirlər görmək ev sahibi olan dövlətin vəzifəsidir.

Baş verən cinayət hadisəsi həm də "Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən, diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında" 1973-cü il tarixli Konvensiyasının tələblərinin kobud pozuntusudur.

Bəşəriyyət üçün ən təhlükəli təhdidlərdən biri olan terrorizm cinayətinin qurbanı olub və öz xidməti vəzifəsini icra edərkən həlak olmuş səfirlik əməkdaşına Allahdan rəhmət, ailəsinə səbir, yaralananlara şəfa diləyirəm.

Bu qanlı terror aktı İran hökuməti tərəfindən tezliklə araşdırılmalı, cinayətkarlar cəzalandırılmalı, beynəlxalq sənədlərə əsasən müəyyən edilmiş öhdəliklər yerinə yetirilməlidir".

Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, “Human Rights Watch” və “Amnesty International” təşkilatlarına, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

***

13:32

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib.

APA xəbər verir ki, bu barədə Ombudsman Tvitter hesabında bildirib.

“Biz, Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu qətiyyətlə pisləyirik və müvafiq qurumların günahkarların ədalət qarşısında cavab verməsi üçün əllərindən gələni edəcəklərinə inanırıq”, – Ombudsman qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR