Ombudsman erməni radikalların Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinə hücumu ilə bağlı bəyanat yayıb

Ombudsman Səbinə Əliyeva

© APA | Ombudsman Səbinə Əliyeva

# 17 iyun 2022 18:38 (UTC +04:00)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Fransanın paytaxtı Parisdə bir qrup erməninin Azərbaycan Səfirliyinin Mədəniyyət Mərkəzinə hücumu ilə bəyanat yayıb.

Ombudsman Aparatından APA-ya daxil olan bəyanatda deyilir ki, erməni radikallar Azərbaycan Respublikasının Şuşa şəhəri, o cümlədən Qarabağ bölgəsi ilə bağlı təxribatçı şüarlar səsləndirib, dinc insanlara hücum edərək zorakılıq nümayiş etdiriblər.

“Ombudsman olaraq, Ermənistanın Azərbaycana, eyni zamanda xarici ölkələrdəki azərbaycanlı icmalarının üzvlərinə qarşı yönələn nifrətə əsaslanan cinayət əməllərini qətiyyətlə pisləyir, Ermənistan tərəfini məqsədli gərginlik yaradaraq sülh danışıqlarına əngəl törətmək cəhdlərindən əl çəkməyə, üzərinə götürdüyü öhdəliklərə əməl etməyə, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmağa çağırırıq”, - bəyanatda bildirilib

Qeyd edək ki, bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR