Ombudsman məcburi köçkünlərin övladlarının statusuna yenidən baxılmasını istəyir

Ombudsman məcburi köçkünlərin övladlarının statusuna yenidən baxılmasını istəyir
# 03 mart 2023 14:01 (UTC +04:00)

Ombudsman “Məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal xidmətlər və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”na əlavə və dəyişikliklər edilməsini zəruri hesab edir.

APA xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsi”ndə əksini tapıb.

Ombudsman Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli, 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a “atası “məcburi köçkün” statusuna malik olan, valideynləri boşandıqdan sonra anasının himayəsində qalmış və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara” da “məcburi köçkün” statusunun və onu təsdiq edən vəsiqənin verilməsinə dair müddəanın əlavə edilməsini təklif edir.

Sənəddə bildirilib ki, Ombudsmanın ünvanına daxil olan bəzi müraciətlərdə vahid aylıq müavinəti bərpa edilmiş şəxsə müavinətin dayandırıldığı tarixdən bərpa olunma tarixinədək ödənilməli olan vəsaitin ödənilməsinin nəzərdə tutulmaması, məcburi köçkün statusu olmayan şəxsdən boşanan qadınlara həmin müavinətin ödənilməməsi, valideynlərindən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara həmin statusun verilməməsi kimi hallar öz əksini tapıb. Odur ki, qeyd edilən problemlərin tənzimlənməsi məqsədilə “Məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal xidmətlər və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”na əlavə və dəyişikliklər edilməsi zəruridir.

Həmçinin, sənəddə bildirilib ki, otuz ilə yaxın doğma yurd həsrətində olan məcburi köçkün soydaşlarımızın öz doğma torpaqlarında dayanıqlı məskunlaşması və təhlükəsiz yaşayışının təmin olunması, ərazilərin minalardan və digər hərbi sursatlardan təmizlənməsi, habelə ölkə Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində postmüharibə dövründə müasir yaşayış, istehsal və xidmət infrastrukturunun yenidən qurulması məqsədilə sistemli tədbirlər davam etdirilməkdədir.

Bu şəxslərin məskunlaşma və məşğulluq problemlərinin həlli, peşəkar hüquqi yardım alması, təhsil haqqı xərclərinin ödənilməsində onlara güzəştlərin tətbiqi və digər sahələrdə üzləşdikləri çətinliklərin aradan qaldırılması ilə bağlı Ombudsmanın ünvanına daxil olmuş müraciətlər araşdırılıb, tədbirlər görülüb, aidiyyəti dövlət qurumlarına tövsiyələr verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR