Ombudsmanın səlahiyyətlərinin artırılması təklif olunub

Ombudsmanın səlahiyyətlərinin artırılması təklif olunub
# 07 oktyabr 2022 12:48 (UTC +04:00)

“Bu gün Ombudsman Aparatından vətəndaşlarımızın ciddi gözləntiləri var. Amma bunun bəzən bizim gözləntilərimizə uyğun həyata keçirilməməsi Ombudsman Aparatının işləməməsindən xəbər vermir”.

APA xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” qanunun layihəsinin müzakirəsi zamanı deputat Razi Nurullayev deyib.

O bildirib ki, bu, dövlət orqanlarının Ombudsmanın müraciətlərinə cavab verməməsindən asılıdır: “Ombudsman Aparatı Azərbaycanda insan hüquqlarının qorunması sahəsində ən ali orqandır. Son Qarabağ hadisələrində də Ombudsmanın bəyanatları təqdir edilməlidir. Hətta buna xaricdə istinadlar da oldu. Ermənistanın Ombudsmanı demək olar ki, ağzına nə gəldi, danışırdı və beynəlxalq qurumlar da bunu əlində bayraq edirdilər. Azərbaycanda Ombudsmanın səlahiyyətlərinin və hörmətinin artırılması ilə bağlı işlər görülməlidir. Çünki beynəlxalq təşkilatlar Ombudsmanın sözünə daha çox etibar edirlər”.

Deputat Naqif Həmzəyev isə deyib ki, regionlarda Ombudsman Aparatı işçilərinin adı var, amma heç bir səlahiyyəti yoxdur: “Regionlarda dövlət qurumları bu işçilərlə hesablaşmır. Regionlarda Ombudsmanın rolu artırılmalıdır. Qarabağ problemini həll edən ölkənin vətəndaşı olaraq biz Ombudsman Aparatının fəaliyyətində dönüş yaratmalıyıq. Biz beynəlxalq təşkilatlar tərəfindən A kateqriyadan B kateqoriyaya endirilmişiksə, bu, C-yə də endirilə bilər. Buna imkan vermək olmaz. Ombudsman təsisatının cəmiyyətdə rolu artırılmalıdır. Digər tərəfdən, məktəblərdə, universitetlərdə qanun pozuntuları olur, amma Ombudsman bu məsələ ilə məşğul olmur. Bizdə belə fikir var ki, Ombudsman sadəcə, Ədliyyə Nazirliyi ilə işləməlidir, qanun pozuntuları ancaq həbsxanalarda baş verir. Amma bu, belə deyil. Biz universitetlərdə də ombudsman təsisatının rolunu artırsaq, ombudsmanın təhsil müəssisələri üzrə nümayəndəsi də olsa, bu, beynəlxalq təşkilatlar tərəfindən də çox yüksək dəyərləndirilər”.

Deputat Bəhruz Məhərrəmov isə Ombudsmana protest hüququ verilməsini təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR