On altı yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər etməyə görə cəzalar sərtləşdirilir

On altı yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər etməyə görə cəzalar sərtləşdirilir
# 28 oktyabr 2022 16:52 (UTC +04:00)

On altı yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər etməyə görə cəzalar sərtləşdirilir.

APA xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə edilən Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, əvvəl cəzalar əxlaqsız hərəkətlərə görə nəzərdə tutulurdu.

Dəyişikliyə əsasən, on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə, habelə həmin şəxsi cinsi zorakılıq hərəkətləri və ya seksual fəaliyyəti müşahidə etməyə cəlb etməyə görə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Qüvvədə olan Məcəlləyə əsasən, on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Qüvvədə olan Məcəlləyə əsasən, eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə bir ildən iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Yuxarıda göstərilən əməllər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Qüvvədə olan Məcəlləyə əsasən, yuxarıda göstərilən əməllər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Yuxarıda göstərilən əməllər
- təkrar törədildikdə
- iki və ya daha çox şəxsə qarşı törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş ildən doqquz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR