Ötən il meşələrdə 800 hektara yaxın ərazi yanıb

Ötən il meşələrdə 800 hektara yaxın ərazi yanıb
# 03 fevral 2023 16:19 (UTC +04:00)

Ötən il 66 meşə yanğını olub.

APA xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin şöbə müdiri Vahid Fərzəliyev deyib. Onun sözlərinə görə, nəticədə 800 hektara qədər ərazi yanıb:

“Bu da havanın isti keçməsi ilə bağlıdır. Yay aylarında ilk yanğın Şabranda olub. Biz, bütün yanğın ərazilərində bərpa işlərini aparırıq. Quba, Şabran, Zaqatala ərazilərində əkin-səpin işləri aparırıq".

O, eyni zamanda qeyd edib ki, ötən il 60 min kubdan artıq oduncaq tədarükü olub:

“Bura xəstə və ya yanğına məruz qalmış ağacları nümunə kimi göstərmək olar”.

Vahid Fərzəliyev deyib ki, meşələrdə olan yanğınların qarşısını almaq üçün tədbirlər görülür:

"Bildiyimiz kimi artıq yay fəsli gəlir. Bunun üçün bir sıra tədbirlər görülür. Ən əsası qoruyucu zolaqlar çəkilir. Yanğına həssas ərazilər müəyyən olunur və daim nəzarətdə saxlanılır. Meşəyə yaxın ərazilərdə əkinçilik edən və yaşayan insanlarla tədbirlər aparılır".

Şöbə müdiri həmçinin əlavə edib ki, son dövrlərdə meşələrdə quraqlıq görülür:

"Bunun üçün meşələrdə ötən il 1300 hektardan artıq ərazidə meşəbərpa işləri aparılıb. Bu il isə Bərdədə 200 hektar ərazidə meşə əkinləri aparılacaq. İqlim şəraitinə uyğun bitkilər əkiləcək ki, faydalı olsun. Xüsusən də Kürqırağı ərazilərdə intensiv işlər aparılır".

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR