“Parasetamol”, “Qlükoza” və “Dimedrol”la bağlı vəziyyətin Azərbaycana təsiri açıqlanıb

“Parasetamol”, “Qlükoza” və “Dimedrol”la bağlı vəziyyətin Azərbaycana təsiri açıqlanıb
# 02 fevral 2023 14:25 (UTC +04:00)

Rusiyanın ən böyük dərman istehsalçıları Rusiyanın Sənaye və Ticarət Nazirliyinə “Parasetamol” və “İbuprofen” də daxil olmaqla bir sıra həyati vacib dərmanların istehsalından imtina edə biləcəklərinə dair xəbərdarlıq ediblər. Bundan başqa onlar əsas dərmanlar siyahısına daxil edilmiş 50-dən çox beynəlxalq patentləşdirilməmiş adda dərman vasitəsinin istehsalından imtina edə biləcəklərini bildiriblər.

Sözügedən dərmanlar arasında “Parasetamol”, “Qlükoza”, “İbuprofen”, “Dimedrol” da var. Ölkəmizdə bir müddətdir ki, “Parasetamol”, İbuprofen”, “Dimedrol” kimi dərmanların əldə edilməsi ilə bağlı problem yaşanır. Həmin dərmanlarla bağlı ölkəmizdə hazırki vəziyyət və xəbərdarlığın Azərbaycan dərman bazarına gözlənilən təsiri ilə bağlı vəziyyət açıqlanıb.

Analitik Ekspertiza Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycana dərman vasitələrinin idxalı ilə özəl şirkətlər məşğul olur:

"Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin səlahiyyətlərinə yalnız dərman vasitələrinin keyfiyyətinin laborator analizi və sənədlərini uyğunluğunu yoxlamaq daxildir".

AEM-dən qeyd olunan dərman vasitələrinin respublikamıza son 2 idxal tarixi və miqdarı açıqlanıb:

"Parasetamol” – son olaraq 25.01.2023 (9380 qutu) və 27.01.2023 (48000 qutu)

“İbuprofen” – son olaraq 25.11.2022 (59000 qutu) və 23.12.2022 (4944 qutu)

“Qlükoza” – son olaraq 17.01.2023 (756 qutu) və 27.01.2023 (6960 qutu)

“Dimedrol” – son olaraq 19.01.2023 (624 qutu) və 23.01.2023 (3000 qutu) tarixlərində idxal edilib.

Analatik Ekspertiza Mərkəzindən bildirilib ki, müharibə, logistik marşrutların dəyişməsi, istehsal xərclərini artması və nəticədə qlobal təchizat zəncirində qırılmaların müşahidə olunduğu bir vəziyyətdə Azərbaycan hökuməti də yarana biləcək risklərin minimallaşdırılması üçün tədbirlər görür:

"Azərbaycan dərman vasitələrində idxaldan asılı ölkədir, istehsal sahələri yeni qurulmağa başlayır. Ölkə rəhbərliyinin, şəxsən Prezident İlham Əliyevin tapşırığı ilə Pirallahı və Ələt Azad İqtisadi Zonasında bu istiqamətdə işlər aparılır, qısa müddətdə Azərbaycanın özünü bəzi dərman vasitələri ilə təmin edə bilməsi üçün zəruri addımlar atılır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə “Əczaçılıq sektorunun inkişafı üzrə Komissiya” yaradılıb. Komissiya tərəfindən hazırlanmış qanunvericilik təşəbbüsləri Hökumətə təqdim edilib. Razılaşdırılmış təkliflər hazırda yekunlaşma mərhələsindədir".

Aləmdə Nəsib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR