Parlamentdə şəhid adının əbədiləşdirilməsi qaydasına yenidən baxılması təklif olunub

Razi Nurullayev, Milli Məclisin deputatı

© APA | Razi Nurullayev, Milli Məclisin deputatı

# 30 sentyabr 2022 12:05 (UTC +04:00)

“Nazirlər Kabinetinin 25 avqust 1999-cu il qərarından sonra şəhid adının əbədiləşdirilməsi sahəsində bəzi problemlər yaranır”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, bu, şəhid ailələrinin ən çox qaldırdığı problemdir: “Qərarın ordenlə bağlı hissəsi böyük küçələrə, gəmilərə aid olaraq qalsa, yaxşı olar. Nazirlər Kabinetinin qərarına edilən düzəliş dəyişdirilməlidir. Bu düzəlişlərə yenidən baxılmalıdır. Nazirlər Kabinetinin bu qərarına görə yerli icra hakimiyyəti orqanları da qaldırılan problemləri həll edə bilmirlər. İcra hakimiyyətlərinə şəhid adının əbədiləşdirilməsi ilə bağlı əlavə səlahiyyət verilməlidir”.

Deputat Sahib Alıyev vurğulayıb ki, Azərbaycan dövlətinin iqtisadi potensialını, azad edilən ərazilərdə aparılan quruculuq işlərini nəzərə almaqla demək olar ki, bizim dövlətimiz qədər öz şəhidinə, şəhid ailəsinə, qazisinə hörmət və ehtiram göstərən dövlət tapmaq çətindir. Onun sözlərinə görə, bu məsələdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərə yanaşması nümunə təşkil edir: “Bununla belə ayrı-ayrı qurumlar şəhid ailələri, qazilərlə ünsiyyətində problemlər meydana çıxır. Biz tez-tez şəhid ailələrinin öz şəhidlərinin adlarının əbədiləşdirilməsi ilə bağlı müraciətini qəbul edirik. Bundan da Azərbaycanın II Qarabağ müharibəsində qazandığı qələbədən narahat olanlar istifadə etməyə çalışırlar. Bunun da səbəbi aydındır. Biz II Qarabağ savaşında təkcə hay diasporunun gücü ilə bağlı mifləri darmadağın etmədik. Azad olunmuş ərazilərdə öz canlarından keçən şəhidlərin adlarının əbədiləşdirilməsi məsələsinə baxılmasını təklif edirəm. Ya da hər bir şəhidin adına küçə, ya da park salına bilər. Bu son dərəcə həssas məsələdir və ümid edirəm ki, biz bu yöndə ortaq məxrəcə gələ biləcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR