Peşə təhsilində karyera mərkəzləri ilə bağlı tədbir keçirilib - FOTO

Peşə təhsilində karyera mərkəzləri ilə bağlı tədbir keçirilib  - FOTO
# 17 iyun 2022 10:40 (UTC +04:00)

Bir sıra peşə təhsil müəssisələrində fəaliyyətə başlaması nəzərdə tutulan karyera mərkəzlərinin işçi heyətinin hazırlığı üçün tədbir keçirilib.

APA xəbər verir ki, Avropa İttifaqının maliyyələşdirdiyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Peşə Təhsili üzrə Dövlət Agentliyi birgə həyata keçirdiyi “Gələcək üçün peşə təhsili və təlimi” layihəsi çərçivəsində baş tutan ikigünlük tədbirin məqsədi tezliklə fəaliyyətə başlayacaq olan karyera mərkəzləri mütəxəssislərinin bilik və bacarıqlarını artırmaq və ümumi olaraq potensialının gücləndirilməsidir.

Tədbirdə əlaqədar təşkilatçı tərəflər və Dövlət Məşğulluq Agentliyinin nümayəndələri iştirak edib. İki gün davam edən tədbirdə peşə təhsilində davamlı karyera xidmətlərinin təmini üçün təhsil psixologiyası, valideynlərlə iş, psixometrik testlər və onların peşə seçimində tətbiqi kimi mövzular müzakirə edilib.

Qeyd edilməlidir ki, bu fəaliyyətlər sözügedən layihə tərəfindən ölkədə ilk dəfə olaraq peşə təhsili pilləsi üzrə hazırlanan Karyera Mərkəzlərinin İnkişaf Strategiyasına əsaslanır. Sənəd beynəlxalq təcrübəyə istinad edir və dünyanın qabaqcıl ölkələrində mövcud olan karyeraya dəstək xidmətlərinin aparılmasına dair əsas mövzuları əhatə edir. Strategiyada peşəyönümü işinin təşkili, peşə təhsilinin təşviqatı, tələbələr və valideynlərlə maarifləndirici işin aparılması, insanın maraq və qabiliyyətini müəyyənləşdirməyə kömək edən psixometrik testlərin istifadəsi, peşə təhsilində ilk məzunlar birliyinin təsis və idarəedilməsi, peşə təhsil müəssisələri və işəgötürənlər arasında əməkdaşlıq qurulmasının əsasları, şəbəkələşmə və digər mühüm istiqamətlər, o cümlədən müvafiq icra mexanizmləri izah edilir.

Bu sənəd əsasında çalışacaq olan karyera mərkəzləri peşə təhsili tələbələrini daimi olaraq ixtisaslarına müvafiq iş imkanları və karyera perspektivləri barədə məlumatlandıracaq, eyni zamanda onların müasir iş mühiti üçün peşəkar hazırlığına yaxından dəstək olacaq. Mərkəzlərdə çalışacaq olan karyera ekspertləri peşə təhsili öncəsi, təhsil müddətində, habelə təhsilini başa vurmuş məzunlarla əlaqədar olaraq xidmət göstərəcək.

Karyera mərkəzlərinin qurulması üzrə fəaliyyətlər, Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunur. Layihənin əsas məqsədi əmək bazarının tələblərinə uyğun tədrisin təşkilinə dəstək olmaq və bu istiqamətdə Azərbaycandakı peşə təhsil müəssisələrinin müasirləşdirilməsinə yardım etməkdir.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR