Polis küçə ticarəti, avara və dilənçiliklə məşğul olanlarla bağlı nəzarət tədbirləri keçirib

Polis küçə ticarəti, avara və dilənçiliklə məşğul olanlarla bağlı nəzarət tədbirləri keçirib
# 13 avqust 2022 16:01 (UTC +04:00)

Yay aylarında kənd təsərrüfatı və digər ərzaq məhsullarından zəhərlənmə riskinin artması nəzərə alınaraq küçə ticarətinin qarşısının alınması ilə bağlı nəzarət tədbirləri gücləndirilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-ya verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə növbəti nəzarət-profilaktiki tədbirlər zamanı yol və səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan, ərzaq məhsullarını heç bir gigiyenik norma və tələb gözlənilmədən elə yolun kənarındaca yığan şəxslər müəyyən edilib. Onlarla ətraflı şəkildə izahedici söhbətlər aparılıb və yalnız müəyyən edilmiş yerlərdə ticarətlə məşğul olmağın zəruriliyi barədə xəbərdarlıqlar edilib.

Polis əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı həmçinin, məişət tullantılarının ətrafa atılması faktları aşkar edilib. Ərazinin zibillənməsi halları ilə bağlı həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə inzibati qaydada protokol tərtib edilib.

Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən eyni zamanda avara və dilənçiliklə məşğul olan şəxslərlə bağlı tədbirlər də təşkil olunub. Bu kimi hallarla bağlı müəyyən edilən şəxslərlə profilaktiki söhbətlər aparılıb və onlar qeydiyyatda olduqları rayonlara göndəriliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR