Post-COVID dövrü ilə bağlı QH-ya üzv dövlətlərin yüksək səviyyəli iclası keçiriləcək - YENİLƏNİB

Post-COVID dövrü ilə bağlı QH-ya üzv dövlətlərin yüksək səviyyəli iclası keçiriləcək - YENİLƏNİB
# 23 may 2022 16:11 (UTC +04:00)

Cenevrədə Ümumdünya Səhiyyə Assambleyasının “Sağlamlıq üçün sülh, sülh üçün sağlamlıq” mövzusuna həsr olunmuş 75-ci sessiyası davam edir. Sessiyanın ikinci günündə Azərbaycan nümayəndə heyətinin rəhbəri, səhiyyə naziri Teymur Musayev çıxış edib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, nazir bildirib ki, pandemiyanın başladığı dövrdən Azərbaycanın sədrliyi altında Qoşulmama Hərəkatı çoxtərəflilik, əməkdaşlıq və həmrəylik ruhunda geniş beynəlxalq ictimaiyyətin səylərini fəal şəkildə səfərbər edərək pandemiya ilə mübarizə və onun mənfi nəticələrinin aradan qaldırılması baxımından bir sıra uğurlu təşəbbüslər irəli sürüb.

Teymur Musayev COVID-19-a qarşı peyvəndlərin bölgüsündə inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasındakı qeyri-bərabərliyin pandemiyanın qısa zamanda tamamilə aradan qaldırılmasına nail olmasında çətinliklər yaratdığını diqqətə çatdırıb. Səhiyyə sisteminin davamlı fəaliyyətinin təmin edilməsi və pandemiya ilə mübarizədə effektiv addımların atılması üçün əsas səhiyyə xidmətlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb. Buraya müxtəlif tədbirlərlə yanaşı, səhiyyənin universal əlçatanlığının təmin edilməsi üçün fasiləsiz peyvəndləmə proqramlarının davam etdirilməsinin də daxil edilməli olduğunu əlavə edib.

Səhiyyə naziri vurğulayıb ki, Qoşulmama Hərəkatının üzv dövlətləri bu və digər mövzulara dair Təşkilatın sədri qismində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüslərini alqışlayır.

Çıxışının sonunda Teymur Musayev post-COVID dövrü üçün fikir mübadiləsinin aparılması və Hərəkatın mövqeyinin formalaşdırılması məqsədilə Qoşulmama Hərəkatına üzv dövlətlərin növbəti yüksək səviyyəli iclasının təşkil edilməsinin planlaşdırıldığını diqqətə çatdırdı.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Assambleyası ÜST-nin qanunverici və ali orqanıdır. Assambleyanın əsas funksiyası təşkilatın fəaliyyətinin qlobal siyasi istiqamətlərinin müəyyən edilməsidir.

***

09:43

Səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyasında iştirak edir.

Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, mayın 22-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İsveçrə Konfederasiyasının Cenevrə şəhərində yerləşən mənzil qərargahında Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyasının açılış mərasimi keçirilib.

Azərbaycan Respublikası Assambleyada səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Assambleya çərçivəsində ÜST-nin Avropa üzrə Regional direktoru Hans Henri P.Kluge ilə Azərbaycan nümayəndə heyəti arasında ikitərəfli görüş keçirilib. Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT Bölməsi və Digər Beynəlxalq Təşkilatlar yanında daimi nümayəndəsi, fövqəladə və səlahiyyətli səfir Qalib İsrafilovun da iştirak etdiyi görüşdə təşkilatla ölkəmiz arasında mövcud sıx əlaqələr və səhiyyə sahəsində gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Assambleyasının yubiley sessiyası çərçivəsində səhiyyə naziri Teymur Musayevin plenar iclasda çıxışı, təşkilatın üzv ölkələrinin səhiyyə nazirləri ilə ikitərəfli görüşlər və digər işçi tədbirlərin keçirilməsi planlaşdırılır.

Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyası may ayının 28-də yekunlaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR