Prezident İlham Əliyevin 60 illik yubileyinə həsr olunan ağacəkmə aksiyası keçirilib

Prezident İlham Əliyevin 60 illik yubileyinə həsr olunan ağacəkmə aksiyası

© APA | Prezident İlham Əliyevin 60 illik yubileyinə həsr olunan ağacəkmə aksiyası

# 27 dekabr 2021 12:54 (UTC +04:00)

Xocasən qəsəbəsində MEDİA, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və media nümayəndələrinin birgə təşkilatçılığı ilə Prezident İlham Əliyevin 60 illik yubileyinə həsr olunan ağacəkmə aksiyası keçirilib.

APA-nın məlumatına görə, ağacəkmə aksiyasında ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov, tanınmış idmançılar, eyni zamanda media nümayəndələri iştirak ediblər.

Əhməd İsmayılov deyib ki, bu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə növbəti layihədir. O, MEDİA-nın belə layihələrdə aktiv iştirak edəcəyini deyib.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev qeyd edib ki, ekoloji təbliğatın mühüm formalarından biri ağacəkmədir: “Xocasəndə bu gün ağac əkilən ərazi 75 hektardır. Bir il əvvəl bu ərazi çox pis vəziyyətdə idi. Qısa vaxtda burada Abşeron iqliminə uyğun ağaclar əkildi. Yaxınlıqdakı Xocasən gölündən götürülən su filtrasiyadan keçəndən sonra damcılama-suvarma sistemindən istifadə ediləcək. Burada ağacların bitmə faizi 98-dir”.

Nazir müavini deyib ki, növbəti illərdə dövlət başçısının tapşırığı ilə azad edilmiş ərazilərdə ətraf mühitin sağlamlaşdırılması işləri davam edəcək: “30 il ərzində o ərazilərdə ekoloji terror törədilib. Biz o torpaqları bərpa etməklə bütün dünyaya sübut edəcəyik ki, o ərazilər bizimdir. Bu il azad edilən ərazilərdə 20 mindən çox ting əkdik, 3 tona yaxın müxtəlif cinsli ağacın toxumlarını səpdik. Çox sevindirici haldır ki, martda səpdiyimiz toxumlar cücərti verib”.

Qeyd edək ki, aksiyada daha çox şam və zeytun ağacları əkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR