Prokurorluğa qəbulla bağlı test imtahanı oktyabrın 7-də keçiriləcək

Prokurorluğa qəbulla bağlı test imtahanı oktyabrın 7-də keçiriləcək
# 28 sentyabr 2022 11:04 (UTC +04:00)

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin ilkin mərhələsi olan test imtahanı oktyabrın 7-də keçiriləcək.

Bu barədə APA-ya Baş Prokurorluqdan məlumat verilib.

Məlumata görə, Azərbayсan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən və gənclərin dövlət idarəetməsində yaxından iştirakını təmin edən dövlət gənclər siyasətinə uyğun olaraq “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə əsasən Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 50 ştat vahidi üzrə 22.04.2022-ci il tarixdə elan edilmiş müsabiqə ilə bağlı sənədlərin elektron qaydada qəbulu prosesi 30.09.2022-ci il tarixdə saat 18:00-da başa çatdırılacaq.

Sənədlərini təqdim etmiş namizədlər üçün test imtahanı Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə 07 oktyabr 2022-ci il tarixdə saat 10:00-dan və 15:00-dan başlayaraq 3 saat müddətində Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri Nəsimi rayonu Abdulvahab Salamzadə küçəsi 28 (8 Noyabr metrostansiyasının yaxınlığında keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən inzibati binasında keçiriləcək.

Namizədlərin nəzərinə çatdırılır ki, test imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən qanunvericiliyə uyğun olaraq ödənişli keçiriləcək. Ödəniş oktyabr ayının 1-də saat 09:00-dan etibarən oktyabrın 6-da saat 23:59-a qədər müddət ərzində Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsinə (https://exidmet.dim.gov.az/elimt/ProkurorluqTest) daxil olaraq həyata keçirilməlidir.

Namizədin həmin tarixdə imtahanda hansı saatda iştirak etməli olduğu barədə məlumat onun tərəfindən ödəniş həyata keçirilərkən təqdim ediləcək elektron bildirişdə göstəriləcək.

Müsabiqədə iştirak edəcək namizədlər buraxılış rejiminin vaxtında həyata keçirilməsi üçün imtahana 1 saat əvvəl gəlməli və şəxsiyyət vəsiqəsinin əslini təqdim etməlidirlər.

İmtahan kompüterlər vasitəsilə elektron qaydada keçiriləcək və imtahan bitdikdən sonra namizədə əldə etdiyi nəticə barədə arayış təqdim olunacaqdır.

İmtahanın keçirilməsi qaydalarına dair məlumat “Yaddaş kitabçası”nda əks olunacaq. Namizədlərin “Yaddaş kitabçası” (yüklə) və test imtahanında kompüterdən istifadəyə dair Təlimatla (yüklə) tanış olmaları zəruridir.

Test tapşırıqlarının hazırlanmasında istifadə edilmiş qanunların və digər normativ hüquqi aktların siyahısı 01 sentyabr 2022-ci il tarixdə Baş Prokurorluğun internet səhifəsində (www.genprosecutor.gov.az, www.prokurorluq.gov.az) yerləşdirilib.

Əlavə məlumat almaq üçün 437-28-56, 492-74-32, 492-06-82, 492-62-23 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR