Psixoloq: “İntihar xəbərlərinin tirajlanması əks-effekt verir”

Psixoloq: “İntihar xəbərlərinin tirajlanması əks-effekt verir”
# 19 iyul 2022 16:14 (UTC +04:00)

Zərurət olmaya-olmaya, sensasiya xətrinə intihar xəbərlərinin tirajlanması cəmiyyətdə kütləvi intihar düşüncəsi formalaşdırır.

Bunu APA-ya açıqlamasında psixologiya elmləri doktoru Elxan Bəylərov deyib.

O bildirib ki, dünyanın müxtəlif ölkələrində bununla bağlı araşdırmalar aparılıb və təsdiqlənib ki, intihar xəbərlərinin tirajlanması əks-effekt verir və bu tip halların artmasına gətirib çıxarır:

“İlk növbədə bu tip informasiyalar insanların düşüncəsinə təsir edir və hər kəs özünü intihar etmiş insanın yerinə qoyur. Sonda özü ağır bir situasiya yaşayanda, xəyalından intihar etmək keçir. Yəni, bu tip məlumatların kütləviləşdirilməsi nəticəsində düşüncədən davranışa sanki bir yol çəkilmiş olur. Beləliklə, stress halı yaşanırsa, affekt halı olursa, xüsusən yeniyetmələr intihar davranışına cəhd edirlər. Çünki yeniyetməlik böhranlı bir yaş dövrdür. Ona görə də bu xəbərlərin onlara təsiri daha böyük, daha ciddi olur. Xəbəri yayanda nəzərə almaq lazımdır ki, bunu təkcə böyüklər deyil, o cümlədən azyaşlılar və bütün kateqoriyadan olan şəxslər oxuyurlar. Psixoloji durumu yaxşı olmayan, əqli məhdudiyyəti olanlar, xüsusi qayğıya ehtiyacı olan şəxslərə də həmin xəbərlər öz mənfi təsirini göstərir”.

Psixoloq Elxan Bəylərov qeyd edib ki, intihar xəbərlərinin müəyyən çərçivədə, müəyyən üslubda verilməsi üzərində düşünmək lazımdır: “Xəbər bəzən elə formada təqdim olunur ki, sanki, reklam xarakteri daşıyır. Elə bil bu hərəkəti edənə haqq qazandırılır.

Məsələn, iki gənc bir-birini sevir və guya sevgidən biri intihar edir. Lakin burada məhəbbətdən söhbət getmir. Amma bunu eşidən yeniyetmələr həmin hadisəni məhəbbətin təzahürü, onun ifadəsi kimi başa düşürlər və uyğun situasiyada kimlərsə bu davranışı seçir. Digər tərəfdən, bəziləri sadəcə nəyəsə etiraz nümayiş etdirmək, diqqəti cəlb etmək üçün intihara cəhd edir. Amma vəziyyət elə bir həddə çatır ki, diqqət çəkmək üçün etmək istədiyi hadisəni reallaşdırmaqdan başqa çarəsi qalmır. Odur ki, bu xəbərlərin hansı formada, hansı həcmdə və hansı üslubda çatdırılması olduqca önəmli məsələdir. Bəzi intihar hadisələri var ki, həmin məlumatı insanların kütləvi şəkildə bilməsinə heç bir ehtiyac yoxdur. Əksər hallarda həmin hadisələr məişət zəminində baş verir. Bunu da kütləvi tirajlamaq cəmiyyətə heç bir fayda vermir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR