Qlobal Bakı Forumunda qlobal səhiyyəyə dair müzakirə aparılıb - FOTO

Qlobal Bakı Forumunda qlobal səhiyyəyə dair müzakirə aparılıb  - FOTO
# 17 iyun 2022 11:12 (UTC +04:00)

Bu gün IX Qlobal Bakı Forumu çərçivəsində “Qlobal səhiyyənin idarə edilməsi” mövzusunda panel keçirilib.

APA xəbər verir ki, panelin moderatoru Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdzija olub.

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus deyib ki, COVID pandemiyası artıq başa çatmaq üzrədir. Əksər ölkələrdə yoluxmanın aşağı səviyyəyə düşdüyünü söyləyən ÜST baş direktoru deyib ki, yalnız aşağı gəlirli ölkələrlə bu problem qalmaqdadır:

“Ölkələr ilk növbədə ilkin tibbi yardım sistemini effektiv təşkil etməlidirlər”.

BMT-nin sabiq Baş katibi Pan Gi Mun (2007-2016-cı illər) videomesajında qeyd edib ki, Bakı Qlobal Forumu dialoq üçün çox gözəl, möhtəşəm platformaya çevrilib, beyin mərkəzlərini bir araya gətirir: “Biz ictimai səhiyyəyə diqqətimizi yönəltməliyik. COVID kimi yoluxucu xəstəliklərlə mübarizə aparmaq üçün çoxtərəfli əməkdaşlıq da mühümdür. ÜST tərəfindən qlobal səhiyyənin idarə edilməsi ölkələr qarşısında duran problemlərin aradan qaldırılması üçün vacibdir. ÜST baxışı prioritet olmalıdır. Xüsusən Afrika qitəsinə diqqət yönəldilməlidir. Bu aspektdə vaksinlər gəlirlərinin səviyyəsindən asılı olmayaraq, bütün ölkələr üçün əlçatan olmalıdır”.

Kolumbiya Universitetinin professoru Jeffrey Sachs çıxışında ilk dövrlər yeni növ koronavirusun təbii yolla ortaya çıxdığını düşündüyünü bildirib. Ancaq tədqiqatçı pandemiyanın sonunda bu virusun ABŞ-dakı laboratoriyadan sızma ehtimalının da ola biləcəyi qənaətinə gəlib: “İndiyə qədər ABŞ və Çin bu virusun mənşəyi ilə bağlı şəffaf olmayıblar”.

Jeffrey Sachs Ümumdünya Səhiyyə Fondunun yaradılmasını da vacib sayıb.

BMT Baş Assambleyasının 73-cü prezidenti, Ekvadorun sabiq xarici işlər naziri Mariya Fernanda Espinoza (2017-2018-ci illər) çevik ümumbəşəri səhiyyə sisteminin qurulmasını zəruri hesab edib: “Bu sahədə dövlət və özəl sektor arasında əlaqələr inkişaf etməlidir. Digər tərəfdən, COVID pandemiyası zamanı vaksinlərin hazırlanmasının xüsusi əhəmiyyət daşıdığını bir daha gördük. Vaksinlərin əlçatan olması da vacibdir. Ancaq pandemiya dövründə vaksinlərin hamı üçün əlçatan olmadığını gördük. Pandemiyadan sonra ÜST-ün dünyada rolunun daha da artacağını düşünürəm”.

Latviyanın sabiq Prezidenti Valdis Zatlers (2007-2011-ci illər) pandemiya dövründə ÜST-ün nə qədər vacib olduğunun ortaya çıxdığını vurğulayıb:

“ÜST dünya Səhiyyə Nazirliyi rolunu oynayır”.

ÜST-ün maliyyələşməsi sahəsində problemlərə toxunan Valdis Zatlers ölkələrin səhiyyə sahəsində problemlərlə rastlaşanda məhz ÜST-ə üz tutduğunu söyləyib: “Ancaq siyasətçilər ekspert deyil. Ona görədir ki, məsələn, Donald Tramp deyirdi ki, ÜST lazım deyil. ÜST-ün kifayət qədər strukturları var, dünyanın müxtəlif ölkələrində monitorinqlər aparır, hesabatlar, tövsiyələr hazırlanır. Ancaq siyasətçilər tövsiyələrin icrası zamanı ləngimələrə yol verir. COVID pandemiyası zamanı vaksinasiya fonunda da bunu gördük. Əhalinin peyvənd olunması yalnız tibbi deyil, sosial-siyasi məsələdir”.

Valdis Zatlers deyib ki, böyük əczaçılıq şirkətlərinin pandemiya dövründə vaksinlərə böyük ehtiyacı olduğunu gördülər: “Ancaq vaksinlərlə bağlı prosesdə insanlarda müəyyən şübhələr də yarandı. Ona görə bir sıra insanlar vaksinlərlə bağlı əks-mövqedən çıxış etməyə başladılar. Mənim üçün virusun haradan qaynaqlandığı vacib deyil, insanların sağlamlığının qorunması vacibdir. ÜST-ün büdcəsinin 20 faizi dövlətlərin üzvlük haqqından, 80 faizi ianələrdən formalaşır. Üzvlük haqları ölkələrin ümumdaxili məhsulunun həcminə uyğun olaraq müəyyənləşməlidir”.

Zlatko Laqumdzija pandemiya dövründə Azərbaycanın ÜST-ə yardımlarını xatırladıb və Azərbaycan Prezidentinə təşəkkür edib.

Azərbaycanın səhiyyə naziri Teymur Musayev deyib ki, pandemiyanın hansı səviyyədə idarə edildiyi və pandemiyanın başa çatıb-çatmadığı müzakirə mövzusu olmalıdır: “Dünya ölkələri qarşılıqlı öhdəlikləri nəzərdə tutan sənəd imzalamalıdır”.

Bosniya və Herseqovinanın sabiq dövlət başçısı Mladen Ivaniç (2014-2018-ci illər) pandemiyanın ilk dövrlərində ölkələrin yalnız özlərini düşündüyünü xatırladıb: “Biz bunu tənəffüs aparatları, tibbi maska, vaksin kimi məsələlərdə gördük. Sərhədləri qapalı saxlasanız da, virusun qarşısını ala bilməzsiniz”.

Panel müzakirələrlə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR