Qubadlıda minaya düşüb ölən it 191 min kv.m ərazinin təmizlənməsində iştirak edib - FOTO

# 31 avqust 2022 15:30 (UTC +04:00)

“Qubadlıda minaaxtarma prosesi zamanı minaaxtaran it "Dina" bilinməyən səbəbdən yolunu dəyişib. İtin ani bir istiqamətə dönməsi zamanı mina partlayıb və it ölüb”.

Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Minaaxtaran itlərlə iş üzrə qrupunun əməliyyat meneceri Azər Hüseynov APA-nın Qarabağ bürosuna açıqlamasında bildirib. Onun sözlərinə görə, "Dina" bilinməyən səbəbdən yolunu dəyişib: “İtin ani bir istiqamətə dönməsi zamanı hadisə baş verib. İt təxminən 8-10 metrlik bir məsafəyə gedib qayıdan vaxt bu hal olub. Səbəbə gəlincə, məsələn, anidən siçan qaça bilər onu biz görməyə bilərik, amma it məsafədən onu hiss edir. Və yaxud da küləyin istiqamətini ani dəyişməsi nəticəsində mina qoxusu hiss oluna və it çönə bilər. Yəni bu, mütəxəssis olaraq bizim fikrimizdir”.

Qeyd olunub ki, "Dina" 3 ayından xüsusi oyun meydançasında təlimlər keçib. 18 ayından sonra isə müxtəlif növ partlayıcı qurğuların aşkar edilməsi bacarığına yiyələnib. Akkreditasiyadan keçdikdən sonra bələdçisi ilə sahə əməliyyatlarına cəlb olunub. "Dina" yanvar ayından öldüyü günə kimi olan müddətdə, Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı rayonlarında 191, 927 kv.m ərazinin mina və partlamamış hərbi sursatdan təmizlənməsində iştirak edib.

Bildirilib ki, minatəmizləmə əməliyyatlarında əsasən alman ovçarkası və Belçika Malinua cinsindən olan itlərə üstünlük verilir. MAİ-lərlə istifadə olunan dil ingilis və holland dilləridir. İtlər 3 ayından etibarən onlar üçün ayrılmış xüsusi oyun meydançasında təlimlərə başlayır. 18 ayınadək müxtəlif növ partlayıcı qurğuların aşkar edilməsi bacarığına yiyələnir. Sonda akkreditasiyadan keçmiş MAİ və bələdçisi sahə əməliyyatlarına cəlb olunur. MAİ-lər işə cəlb edilməzdən əvvəl bütün tibbi amillər nəzərdən keçirilir və itin sağlamlığı barədə sertifikat əldə edilir. Əllə və mexaniki vasitələrlə təmizləmə əməliyyatları ilə birgə xüsusi təlim keçmiş minaaxtaran itlərin də ərazilərin minalardan təmizlənməsində və insan həyatının xilas edilməsində rolu əvəzsizdir. Minaaxtaran itlər təmizləmə əməliyyatlarında, texniki tədqiqatda, şübhəli sahələrin qısaldılmasında, mexaniki yolla yoxlanılmış sahələrdə aparılan keyfiyyətə nəzarət prosedurlarında istifadə olunur: “"Dina" və onun həmcinslərinin hər biri gün ərzində 4-6 saat arasında aktiv işə sərf edildiyi zaman relyefdən, gündəlik özünü aparmasından asılı olaraq 600-700 kvm-dən 2000 kvm- dək ərazini minalardan təmizləyir. Nəzərə alsaq ki, bir əraziyə 10 mina təmizləyən it cəlb olunub, onların bir ay ərzində nə qədər böyük iş gördüyünü bilmək olar”.

A. Hüseynov, "Dina"nın ölümündən məyus olduqlarını bildirib: “"Dina" bizim ən sədaqətli dostumuza, gündəlik yoldaşımıza çevrilmişdi. Hər kəs, qrupun üzvləri məyusdur. Bu, bir tərəfdən də qürurvericidir. "Dina" insan həyatını qurtardı”.

Qeyd edək ki, ötən gün "Dina" adlı minatəmizləyən it Qubadlıda minaya düşərək ölüb. Onun bələdçisi ANAMA-nın əməkdaşı, 1984-cü il təvəllüdlü Nəcməddin Hüseynov yüngül dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Qubadlı rayon prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR