Qüdrət Həsənquliyev: Bir çox nazirliklərdə işçilər işə kompüter oyunları oynamağa gəlirlər

Qüdrət Həsənquliyev

© APA | Qüdrət Həsənquliyev

# 19 yanvar 2023 10:37 (UTC +04:00)

“Dövlət qulluqçularının əməkhaqqlarının aşağı olması ilə bağlı insanlarda fikir var”.

APA xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, ştat həddindən artıq şişirdilib: “Təkcə dövlət qulluğunda deyil, dövlət müəssisələrində ştat şişirdilir və həmin qurumlar rentabelli işləmirlər. Bir çox nazirliklərdə işçilər səhər işə kompüter oyunları ilə oynamağa gəlirlər. Yeni dövlət strukturları yaradılanda Prezidentin sərəncamında ştat vahidi göstərilir. Amma minimal hədlər qoyulmalı və qurum fəaliyyətə başlayandan sonra ştatın azaldılıb, artırılmasına baxılmalıdır. Buna bir məhdudiyyət qoyulmalıdır. Bura ayrılan vəsaitin polisin, prokurorun və ya digərlərinin maaşının artırılmasına yönəltmək olar. Bu məsələni Dövlət Qulluğunun İdarəetmə Şurası ilə məsləhətləşmək lazımdır. O gün Şavkat Mirziyoyevin sərəncamı ilə Özbəkistanın 35% dövlət strukturlarında çalışanların ixtisarı nəzərdə tutulurdu. Bizdə də buna ehtiyac var. Say azaldılmalı, keyfiyyət və əməkhaqları artırılmalıdır. 3 nəfərdən ibarət yeni sektor yaratmağın nə mənası var ki?! Bir nümunə çəkmək istəyirəm. Naxçıvanda KİV-ə Dövlət Dəstəyi Fondu yaradılıb və Naxçıvanda cəmi bir "Şərq qapısı" qəzeti fəaliyyət göstərir. İndi məlum olub ki, bu Fondun işçilərinin sayı “Şərq qapısı” qəzetinin işçilərinin sayından çoxdur. Yəni aparatın şişməsi deyəndə bunu nəzərdə tuturam”.

Komitə sədri Əli Hüseynli də optimallaşmanın tərəfdarı olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR