Reklamların artıq çəki alınması prosesinə olan təsirləri - FOTO

Reklamların artıq çəki alınması prosesinə olan təsirləri - FOTO
# 08 iyun 2023 10:00 (UTC +04:00)

Qida şirkətlərinin öz məhsullarını reklam etməkdə əsas məqsədi insanlarda istehsal etdikləri məhsullara qarşı maraq yaratmaqdır. Hər il satmaq məqsədi ilə bu şirkətlər yeni və bol çeşiddə yüzlərlə məhsul istehsal edirlər. Bu da danılmaz faktorlardan biridir ki, qida şirkətləri yayımlanan yeni reklam çarxları sayəsində böyük kütlələrə təsir edərək məhsullarını satırlar.

Neyroelmin inkişafından sonra zaman içərisində Neyroreklam və Neyromarketinq sahələri də formalaşmağa başladı. Geniş miqyaslı araşdırmalar nəticəsində insan beyni ən qısa zamanda necə razı salına bilər mövzusunda ixtisaslaşan mütəxəssislər formalaşdı. Bu sahədə işləyən mütəxəssislər insanların yaşam tərzi, davranışları, inancları və duyğularına diqqət yetirərək yeni məhsul və xidmətlərin satışını təmin edirlər.

Reklam şirkətləri insanların duyğularını hərəkətə keçirən, onlara təsir edən reklamlara üstünlük verirlər. Duyğu və hisslər insanların hərəkətə keçməsinə və onların davranışlarına təsir edən ən təməl faktorlardan biridir. Elə buna görə də yeni məhsul və xidmətlər əldə olunması istənilən nəticəyə uyğun duyğuların yaranmasına səbəb olacaq şüarlarla reklam edilir.

İstehsal edilən məhsulların real vəziyyəti ilə reklam şirkətlərinin reklam etdikləri məhsullar bəzi hallarda bir-biri ilə uyğunluq təşkil etmir. Bir neçə qida reklamları ilə yaxından tanış olaq. Məsələn, bal reklamları - “bal girməyən evə həkim girər, 5 ədədi 100 lira”, qazlı su reklamları - “saf və sağlam, həyatın əsl dadı”, dondurma reklamları - “ağlını başından alar, bir dilim əsla kifayət etməz”, pizza reklamları - “birini alana biri hədiyyə”.

Yayımlanan reklamlara diqqətlə nəzər yetirsək görərik ki, bütün reklamlar satılan məhsulun daha çox istehlak edilməsinə istiqamətləndirilmişdir. Bununla yanaşı yuxarıda sadalanan nümunələrdən də aydın olur ki, reklamlar təklif edilən məhsul və xidmətlərlə əlaqəli olmayan müsbət duyğularla eyniləşdirilir. Burada reklam şirkətlərinin əsas məqsədi insanların o duyğulara ehtiyac duyduğu anda o markanı xatırlaması və bədəninin ehtiyacı olmasa belə həmin məhsullarla qidalanmasını təmin etməkdir. Reklam edilən bütün məhsul və xidmətlər təbii, sağlam, cəlbedici, çox böyük üstünlüklər təqdim edən fürsət şəklində əks etdirildiyi üçün beyin həmin məhsulları bu düşüncələrə paralel olan duyğularla əlaqələndirir.

Dünyaca məşhur böyük qida şirkətləri hamı tərəfindən bilinməsinə baxmayaraq, daima xatırlanmaq üçün yeni reklam çarxları yayımlayır. Reklamların davamlılığı insanların həmin məhsulları istehlak etmək kimi ehtiyacları olmasa belə istehlakçının şüuraltına təsir edərək həmin qidaya olan ehtiyacı canlı saxlayır, markanın unudulmamasını və insan vərdişlərinin davamlı olmasını təmin edir.

Sübut edilmişdir ki, artıq çəkiyə səbəb olan qidalanmaq deyil, bədənin ehtiyacından çox qidalanıb, daha az hərəkət etməkdir. Reklam şirkətləri tərəfindən qida məhsullarının cəlbedici şəkildə təqdimatı insanların bədənin ehtiyacından çox qidalanmasına və buna görə də artıq çəki almasına səbəb olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR