Rəqabət Məcəlləsinin qəbul edilməməsinin səbəbi açıqlanıb

Tahir Mirkişili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri

© APA | Tahir Mirkişili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri

# 26 yanvar 2022 16:05 (UTC +04:00)

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Rəqabət Məcəlləsi layihəsinin hazırlanmasının komitənin yaz sessiyasının İş planına daxil edilməməsinin səbəblərini açıqlayıb.

Parlamentin komitə sədri Tahir Mirkişili APA-ya açıqlamasında deyib ki, Azərbaycanda iqtisadiyyatda rəqabətli mühitin inkişaf etdirilməsi, haqsız rəqabətlə mübarizə, şəffaflığın artırılması istiqamətində ardıcıl olaraq tədbirlər görülür və bu tədbirlərin səmərəliliyi isə bir çox sahələrdə artıq hiss olunur.

T. Mirkişili qeyd edib ki, rəqabət mühitinin tənzimlənməsi, inhisarçılıqla mübarizə daimi əsasda aparılan bir işdir və daim qanunvericiliyin təkmilləşməsini də tələb edir: “Bu baxımdan həm İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, həm də Milli Məclisin plenar iclaslarında inhisarçılıqla, haqsız rəqabətlə mübarizə, Rəqabət Məcəlləsinin qəbul edilməsinin zəruriliyi ilə bağlı çıxışlar olur. Hökumətin də proqramlarında belə bir sənədin qəbul olunması ilə bağlı planlar mövcuddur. Bununla yanaşı, bəzi məsələləri qeyd etməyi vacib sayıram. Əvvəlcə onu demək lazımdır ki, rəqabətin tənzimlənməsi, inhisarlarla mübarizə, sahibkarlığın inkişaf etdirilməsi istiqamətində bir sıra qanunlar artıq qəbul edilib və daha sonralar da təkmilləşdirilib. Məsələn, “Antinhisar fəaliyyəti haqqında qanun” (1993), “Haqsız rəqabət haqqında qanun” (1995), “Dövlət satınalmaları haqqında qanun və s. kimi qanunlar artıq qəbul edilib. Yəni, bu sahədə qanunvericilik aktları boşluğu mövcud deyildir, amma bu qanunların təkmilləşməsinə, yeni reallıqların nəzərə alınmasına ehtiyac vardır. Düşünürəm ki, həm də bu qanunların qüsursuz icrası işlərini gücləndirmək lazımdır”.

Parlamentin komitə sədri nəzərə çatdırıb ki, ümumiyyətlə, qanunvericilik sahəsində məcəllələşmə əsasən Fransa qanunvericiliyində üstünlük verilən bir prosesdir: “Məcəllə müxtəlif qanunların bir külliyat halında toplanması kimi xüsusiyyətə sahibdir. Qeyd etmək lazımdır ki, əksər ölkələrdə münasibətlər məcəllə ilə deyil, qanunlarla tənzimlənir. Məcəllənin hazırlanması üçün onun təşkil edən müxtəlif qanunların təkmilləşməsinə, bu qanunların geniş koalisiyasına ehtiyac var. Yalnız bu mərhələdən sonra hər hansı məcəllənin qəbulu mümkündür və o effektiv işləyə bilər. Əsas məqsəd qanun və məcəllə qəbul etmək deyil, onun icra mexanizmlərini düzgün fikirləşmək və effektiv icrasını təmin etməkdən ibarədir. Ona görə də, Mili Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi olaraq əvvəlcə mövcud olan qanunların (“Antinhisar fəaliyyəti haqqında” qanun (1993), “Haqsız rəqabət haqqında” qanun (1995), “Dövlət satınalmaları haqqında” qanun ) yenidən təhlili və onların təkmilləşdirilməsi işlərini yaz sessiyasının iş planına daxil etmişik. İnanırıq ki, bu proses nəticə etibarilə daha təkmil və effektiv rəqabət mühitinin yaranmasına, əgər ehtiyac olarsa, Rəqabət Məcəlləsinin qəbuluna gətirib çıxaracaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR