Rüfət Quliyev sudan ifrat istifadəylə mübarizəyə çağırıb

Rüfət Quliyev sudan ifrat istifadəylə mübarizəyə çağırıb
# 30 may 2023 17:43 (UTC +04:00)

“Bəzi yerlərdə bəzi məmurlar vətəndaşa problemlər yaradır. Axı bu məmurların hamısı imam övladları deyil, səhvə yol verənləri də var. Biz səhv buraxan məmurlarla konkret bir formada - yəni adı, soyadı, işlədiyi yer bildirilməklə mübarizə aparmalıyıq. Çünki məmurların əksəriyyəti vicdanla çalışır, öz işlərini görürlər”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev deyib.

Deputat bildirib ki, ölkədə gömrük və vergi ilə bağlı yaxşı trend yaranmaqdadır: “Sahibkarlarla mütəmadi danışıram, görüşürəm. Onlar da bildirir ki, gömrük və vergi sahəsində müsbət irəliləyişlər var. Biz büdcəyə vəsaiti köpük-köpük yığırıq. Burada Dövlət Gömrük Komitəsinin də, Vergi Xidmətinin də böyük rolu var. Amma sudan ifrat dərəcədə istifadə edən və pulunu ödəməyən şirkətlər, fiziki şəxslər var. Ona görə də təklifim bundan ibarətdir ki, istisna olmayaraq bütün yerlərdə - parklarda, maşın yuyulan yerlərdə, müəssisələrdə sayğac qoyulsun, tarifə uyğun olaraq ödənişlərini etsinlər. Nə qədər sudan istifadə edib, o qədər də ödəməlidir. Bu problem büdcə üçün yaranır. Çünki su təsərrüfatının, su ilə bağlı qurumun büdcəsində çatışmazlıq yaranır və dövlət büdcəsindən subsidiya, yaxud başqa formada vəsait götürməyə məcbur olur. Ancaq büdcəsi tam dolanda özü öz maliyyə layihələrini həyata keçirərək işlərini də görəcəklər. Mən təklif edirəm ki, yeni yaradılan Dövlət Su Ehtiyatları Agentliyinə də kömək edək ki, hər yerdə su sayğacları qurulsun. Mən ötən gün komitə iclasında su ilə bağlı çıxış etdim”.

Rüfət Quliyev onu da nəzərə çatdırıb ki, Lənkəranın Sütəmurdov kəndindən keçən magistral yolda qəzaların olması və bu qəzaların qarşısının alınması üçün radar qoyulması ilə bağlı 2 ildir ki, müvafiq qurumlara müraciətlər edib, mayın 2-də də parlamentdə bu problemlə bağlı çıxışı olub: “Məktubla da müraciət etdim. Müraciətimdən sonra dərhal həmin yola 3 radar qoyulub. Yəni 1 radar əvəzinə 3 yerdə radar qoydular ki, insanlar üçün təhlükənin qarşısı tam alınsın. O magistralda insanlar qəzada şikəst olur, dünyalarını dəyişirdilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR