Rus bölməsi üzrə Azərbaycan dili dərsliyi ehtiyat dərslik formatında hazırlanacaq

Rus bölməsi üzrə Azərbaycan dili dərsliyi ehtiyat dərslik formatında hazırlanacaq
# 12 iyul 2019 12:28 (UTC +04:00)

"Tədris yükünün optimallaşdırılması istiqamətində müxtəlif təşəbbüslər və tədbirlər həyata keçirilir".

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Ceyhun Bayramov bildirib. Nazir qeyd edib ki, 2018-2019 tədris ilində olan yeniliklərdən biri ondan ibarətdir ki, təhsil sistemində məktəbdaxili qiymətləndirmələrin sayının azalması həyata keçirilib: "Təhsil Nazirliyinin kollegiyası tərəfindən böyük summativ qiymətləndirmələrin sayında siniflər arasında bölgülərdə əhəmiyyətli şəkildə azalma olub. Hesab edirik ki, bu, məktəbdaxili ümumi dərs yükü həcminə müsbət təsir edir. Eyni zamanda ibtidai siniflərdə bir sıra əsas fənn dərsliklərinin - Ana dili, riyaziyyat və xarici dil dərsliklərinin yeni ehtiyat dərslik formatında hazırlanması istiqamətində işlərə başlanılıb. Artıq bir ildir ki, həmin dərsliklər Azərbaycanın 100 məktəbində sınaqdan keçirilir. Dərsliklər sınaqdan keçirilən zaman hər bir bölmə başa çatandan sonra həmin məktəblərin mütəxəssisləri, ölkədə bu sahədə fəaliyyət göstərən ekspertlər daimi dəyirmi masalar keçirərək dərsliklərin təkmilləşdirilməsinə dair tövsiyələr verirlər. Bu formada təkmilləşdirilmiş dərsliklər yenidən ekspertizaya göndərilir. Özünü doğrultduqdan sonra mövcud olan dərslikləri həmin ehtiyat dərsliklərlə əvəz edəcəyik".

Nazir bildirib ki, ehtiyat dərsliklərin çeşidinin artırılması istiqamətində işlər görülür: "Növbəti ildən etibarən tədrisi Azərbaycan dilində aparılmayan məktəblər üçün Azərbaycan dili dərsliyi yeni ehtiyat dərslik formatında hazırlanacaq. Həyat bilgisi dərsliyinin də yeni - alternativ dərslik formatında işlənməsinə başlayacağıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR