SABAH qruplarının məzun mərasimi keçirilib - FOTO

SABAH qruplarının məzun mərasimi keçirilib - FOTO
# 07 iyul 2022 12:50 (UTC +04:00)

Bu gün Heydər Əliyev Mərkəzində “SABAH məzunu 2022” mərasimi keçirilib.

APA xəbər verir ki, tədbirdə təhsil naziri Emin Əmrullayev, millət vəkilləri, dövlət və özəl qurumların rəsmiləri, ali təhsil müəssisələrinin rektorları, təhsil ekspertləri, müəllim və tələbələr iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları “Mən SABAHAM” adlı sərgi ilə tanış olublar.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra SABAH qrupları ilə bağlı videoçarx nümayiş olunub.

Təhsil naziri Emin Əmrullayev açılış nitqi ilə çıxış edərək SABAH qruplarında təhsil prosesində daha zəngin və tələbkar akademik proqram tətbiq olunduğunu qeyd edib. SABAH-ın əsas məqsədinin ali təhsildə keyfiyyətin yüksəldilməsi, yeni və fərqli mühitin yaradılması, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi olduğunu deyən nazir bu qrupların gənclər üçün açdığı imkanlardan danışıb:

"SABAH qruplarının məzunlarının 50 faizi işlə təmin edilib, qalan məzunlarımız isə ölkədə və xaricdə öz təhsillərini davam etdirirlər. Sizi “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nda fəal iştirak etməyə dəvət edirəm".

Daha sonra ən yüksək göstəriciləri ilə fərqlənən SABAH-ın məzunları ali məktəblərin rektorları tərəfindən təltif olunublar. SABAH məzunu tədbirinin hər il təkrarlanan bir ənənəsi - rəmzi SABAH açarının hazırkı məzunlardan növbəti ilin məzunlarına ötürülməsi baş tutub.

Qeyd edək ki, SABAH qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 dövlət ali təhsil müəssisəsində yaradılıb. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 41 ixtisas və 2400-dən artıq tələbəni əhatə edir. 2021-2022-ci tədris ili üzrə SABAH qrupları məzunlarının sayı 830 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR