Sabirabadda nömrəsiz avtomobildə külli miqdarda narkotik vasitə aşkarlanıb

Sabirabadda nömrəsiz avtomobildə külli miqdarda narkotik vasitə aşkarlanıb
# 04 dekabr 2022 22:43 (UTC +04:00)

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən sərxoş vəziyyətdə, nömrəsiz avtomobil idarə edən və yük yerində külli miqdarda narkotik vasitə daşıyan sürücü aşkarlanaraq saxlanılıb.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Baş Dövlət Yol Polisi İdarəsinin 729 saylı Sabirabad postunda xidmət aparan əməkdaşlar Vüqar Qasımov və Xəyal Ələkbərov nömrəsiz şəkildə "VAZ - 21015" markalı avtomobil idarə edən 1976-cı il təvəllüdlü Zəfər Haqverdi oğlu Səfərovu saxlayıblar.

Həmin şəxs sürücülük vəsiqəsi və avtomobilə dair etibarnaməsi olmadığına görə posta dəvət olunub.

Sürücünün spirtli içki qəbul etməsinə əsaslı şübhələr yarandığından o, alkotestr vasitəsilə yoxlanılıb.

Bu zaman onun sərxoş olduğu müəyyən edilib.

Sürücü özünü şübhəli apardığından avtomobilə baxış keçirilib və bu zaman yük yerində külli miqdarda narkotik vasitə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR