Şabrandakı uşaq bağçasının müdiri və təsərrüfat müdirinə intizam tənbehi verilib

Şabrandakı uşaq bağçasının müdiri və təsərrüfat müdirinə intizam tənbehi verilib
# 27 may 2022 18:19 (UTC +04:00)

Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçası ilə bağlı sosial mediada yayılan məlumata əsasən, Quba-Xaçmaz Regional Təhsil İdarəsində yaradılmış komissiya tərəfindən müvafiq araşdırma aparılıb.

Quba-Xaçmaz Regional Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, araşdırma zamanı müəyyən olunub ki, uşaqların qidalanması Nazirlər Kabinetinin 1994-cü il 09 mart tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş normalar çərçivəsində təmin olunur.

Eyni zamanda müəssisə rəhbərliyinin fəaliyyəti də yoxlanılıb, uşaqların davamiyyətinin zəif olduğu, əmək münasibətlərinin düzgün nizamlanmaması, müəssisə rəhbərinin, eləcə də tərbiyəçilərin işində müəyyən nöqsanlara yol verdikləri aşkarlanıb.

Fəaliyyətlərində yol verdikləri nöqsanlara, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiklərinə görə Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri Qədəşova Lalə Məhəmməd qızına və təsərrüfat müdiri Cavadova Rəhilə Məcnun qızına intizam tənbehi tətbiq edilib.

Qeyd edək ki, sosial şəbəkələrdə 1 saylı körpələr evində uşaqlara verilən qidanın fotosu yayılıb. Fotoda yeməklərin keyfiyyətsizliyi və az olması görünür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR