Sağalmaz xəstəliklə bağlı uşaqlara müddətsiz əlillik təyin ediləcək

Sağalmaz xəstəliklə bağlı uşaqlara müddətsiz əlillik təyin ediləcək
# 10 iyun 2022 12:34 (UTC +04:00)

Sağalmaz xəstəliyi olan uşaqlar yetkinlik yaşına çatdıqdan sonra təkrar qiymətləndirməyə cəlb olunmayacaq.

APA xəbər verir ki, bunu Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov bu gün keçirilən mətbuat konfransında deyib.

Anar Bayramov bildirib ki, yeni meyarlara əsasən, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq ifadəsi 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxs olaraq dəyişdiriləcək: “Hazırda sağalmaz xəstəliklə bağlı uşaqlara 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu təyin edilir və 18 yaş tamam olanda təkrar qiymətləndirmə aparılır. 1 iyuldan etibarən sağalmaz xəstəliklə bağlı uşaqlara müddətsiz əlillik təyin ediləcək və heç vaxt təkrar qiymətləndirmə aparılmayacaq”.

Anar Bayramov hazırda diaqnozun ağır və ya yüngül olmasından asılı olmayaraq, sağlamlıq imkanları məhdud bütün uşaqlar üçün sosial ödənişlərin məbləğinin eyni olduğunu əlavə edib: “Gələn aydan isə diaqnozu ağır olan, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial ödənişlər də daha yüksək olacaq. Həmçinin hazırda əlilliyə əsas verən birdən çox xəstəlik olduqda, onlardan yalnız biri üzrə əlillik təyinatı aparılır. İyuldan etibarən əlilliyə əsas verən iki və daha çox xəstəlik olduqda, həmin xəstəliklər eyni əlillik faizləri olduqda - yekun göstərici 10% olaraq qiymətləndiriləcək. Fərqli əlillik faizləri olduqda - ən yüksək olanı 10% artırılmaqla əlillik müəyyən ediləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR