Sağlamlıq üçün Həmrəylik Təşəbbüsünün yekun nəticələri təqdim edilib - FOTO

Sağlamlıq üçün Həmrəylik Təşəbbüsünün yekun nəticələri təqdim edilib  - FOTO
# 20 iyun 2022 13:29 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə layihəsi olan Sağlamlıq üçün Həmrəylik Təşəbbüsünün yekun nəticələri təqdim edilib.

APA xəbər verir ki, tədbirdə səhiyyə nazirinin müavini Nadir Zeynalov, ÜST-ün Azərbaycandakı Nümayəndəsi və Ölkə Ofisinin rəhbəri Hande Harmancı, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti sədrinin müşaviri Firəngiz Əliyeva, beynəlxalq və yerli tərəfdaşlar, layihə benefisiarları və tibb işçiləri iştirak edib.

Qeyd olunub ki, 2020-ci ilin aprel ayından etibarən iki ildən artıq bir müddətdə həyata keçirilən COVID-19 pandemiyası ilə mübarizəyə dəstək layihəsi Aİ və ÜST-nin Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir. Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü gələcəkdə baş verə biləcək pandemiyalara qarşı dayanıqlı cavab potensialının formalaşdırılmasına yardım göstərilməsini hədəfləyir.

Bununla yanaşı, ÜST-nin “OpenWHO” onlayn təlim platformasının Azərbaycan səhifəsi istifadəyə verilib. Qısa müddət ərzində təlim platformasında azərbaycanlı tibb işçiləri tərəfindən qeydiyyatdan keçilən kursların sayı 10 dəfə artaraq 18 000-ə çatıb.

Layihə çərçivəsində COVID-19 pandemiyası ilə mübarizə və cavab tədbirlərinin gücləndirilməsi məqsədilə müxtəlif istiqamətlərdə milli səhiyyə tərəfdaşlarına texniki dəstək göstərilib. COVID-19 hallarının idarə edilməsi üzrə təlimatın yenilənməsi və infeksiyanın profilaktikası və nəzarət (İPN) üzrə İşçi Qrupunun yaradılması və fəaliyyəti dəstəklənib.

Qeyd edilib ki, Aİ-ÜST layihələri bundan sonra da Azərbaycanın səhiyyə sisteminə dəstək olaraq ölkə əhalisinin sağlam gələcəyinin təmin edilməsinə öz töhfəsini verməyə davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR