Sahil Babayev Qobustanda vətəndaşları qəbul edib

Sahil Babayev Qobustanda vətəndaşları qəbul edib
# 29 iyul 2022 16:52 (UTC +04:00)

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qobustan rayonunda Qobustan və Şamaxı rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Nazirlikdən APA-ya bildirilib ki, qəbuldan əvvəl S.Babayev və Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov ümummilli liderimiz Heydər Əliyevin Qobustan şəhərindəki abidəsini ziyarət ediblər.

Vətəndaşlar qəbul zamanı məşğulluq proqramlarına cəlb edilmə, sosial təminat, əlilliyin qiymətləndirilməsi, mənzillə təminat və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edən vətəndaşların bir hissəsi şəhid ailələrinin üzvləri və müharibə veteranları olub.

Nazir Sahil Babayev rayon sakini, Vətən müharibəsi Qəhrəmanı şəhid Elyar Vəliyevin atası Arif Vəliyevlə də görüşüb. O, şəhid qəhrəmanımızın ailəsinin sosial vəziyyəti ilə maraqlanıb, onların və bütün şəhid ailələrinin qayğı ilə əhatə olunmasının bu gün nazirlik üçün başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.

Qəbul zamanı müraciətlər yerindəcə araşdırılıb və aidiyyəti tədbirlər görülüb. Bir neçə vətəndaşa əmək bacarıqlarına uyğun iş yerlərinə göndərişlər verilib.

Müraciətlərinə əsasən ayrı-ayrı şəxslər özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatının yaradılmasına dəstək verilməsi, peşə hazırlığına cəlb edilmələri, eləcə də ünvanlı sosial yardım proqramı ilə əhatə olunmaq hüquqlarına baxılması, əlilliyin təkrar qiymətləndirilməsi və s. üçün qeydiyyata alınıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR