Şahin Əliyev Ədliyyə Akademiyasının kollektivinə təqdim olunub

Şahin Əliyev Ədliyyə Akademiyasının kollektivinə təqdim olunub
# 24 may 2022 15:30 (UTC +04:00)

Azərbaycan Respublikası Prezidentinin 19 may tarixli Sərəncamı ilə Ədliyyə Akademiyasının rektoru vəzifəsinə təyin edilmiş Şahin Əliyev Akademiyanın kollektivinə təqdim olunub.

Bu barədə APA-ya Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Bu münasibətlə Ədliyyə Nazirliyinin məsul işçilərinin, tədris-elm müəssisəsinin müəllim heyətinin iştirakı ilə keçirilmiş tədbirdə rektoru təqdim edən ədliyyə naziri Fikrət Məmmədov Ş.Əliyevin keçdiyi həyat yolu və iş təcrübəsi barədə məlumat verib.

Nazir ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ədliyyə orqanlarının inkişafı ilə bağlı aparılan islahatlar çərçivəsində kadrların hazırlanması və yüksək keyfiyyətli tədrisin təşkili məsələlərinə xüsusi önəm verildiyini, Akademiyanın fəaliyyətinin səmərəliliyinin artırılması, potensialının gücləndirilməsi üzrə ardıcıl tədbirlərin görüldüyünü vurğulayıb, kadrların hazırlığının müasir çağırışlara uyğun təşkili, tədris prosesində ən müasir metodikaların və üsulların tətbiqi və digər qarşıda duran vəzifələri diqqətə çatdırıb.

Tədbirdə qeyd olunub ki, geniş dinləyici auditoriyasına malik olan Akademiya çoxminli ədliyyə işçilərinin, hakimlərin və hakimliyə namizədlərin, prokurorların, vəkillərin, mediatorların və digər hüquqşünasların, bələdiyyə üzvü və qulluqçularının tədrisini və peşə hazırlığını həyata keçirir. Ötən il 7.000-ə yaxın şəxs icbari təlim və ixtisasartırma kurslarına cəlb olunub.

Eyni zamanda Akademiyada əhalinin az­tə­minatlı təbəqəsinə pulsuz hüquqi yardım göstərən Hüquq Klinikasının fəaliyyətinə toxunulub, tədris ocağının beynəlxalq əlaqələrinin genişləndiyi, Türkiyə, Ukrayna, Moldova və digər dövlətlərin təhsil qurumları, beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası, Avropa İttifaqı ilə səmərəli əməkdaşlıq etdiyi, hüquqşünasların tədrisi sahəsində birgə tədbirlərin keçirildiyi və beynəlxalq təlimçilərin cəlb olunduğu vurğulanıb.

Ş.Əliyev çıxış edərək, göstərilən yüksək etimada görə dövlət başçısına minnətdarlığını ifadə edib, Akademiyanın kadrların peşə səviyyəsinin yüksəldilməsi ilə bağlı çoxşaxəli fəaliyyət göstərdiyini və geniş tədris tədbirləri həyata keçirdiyini qeyd edərək qarşıda duran vəzifələrin uğurla icrası üçün səylərini əsirgəməyəcəyini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR