Sakinlər: Çadırlar çatışmır, əhali şəhəri tərk edir - XOYDAN FOTOLAR

Sakinlər: Çadırlar çatışmır, əhali şəhəri tərk edir - XOYDAN FOTOLAR
# 02 fevral 2023 13:50 (UTC +04:00)

Xoy şəhərində ötən ay baş verən zəlzələlərdən sonra dağıntıdan əziyyət çəkən əhalinin vəziyyəti acınacaqlı olaraq qalır.

Bu barədə APA-ya İranda əhalisinin mütləq əksəriyyəti azərbaycanlılardan ibarət olan Xoy şəhərinin sakinləri bildirib.

Yerli sakinlərin sözlərinə görə, dağıntıdan əziyyət çəkən əhalinin çoxu çadırlara sığınsa da, çadır çatışmazlığı yaşanır: “Üstəlik, havaların soyuması, qarın yağması soydaşlarımızın vəziyyətini daha da acınacaqlı edib. Bu səbəbdən, minlərlə əhalinin bir hissəsi bayırda gecələyir, digər qismi isə ya maşınlarda qalmağa üstünlük verir, ya da Xoy şəhərini tərk etmək məcburiyyətində qalır. Bundan başqa, humanitar yardım və isti əşyaların verilməsində də çatışmazlıq hiss olunur. Yollar dağıldığı üçün göndərilən humanitar yardımlar isə Xoy şəhərinə gəlib çatmır”.

Xoy sakinləri deyir ki, hazırda kiçik yeraltı təkanlar davam edir, bu da əhalini qorxudur: “Əhalinin əksər hissəsi humanitar çatışmazlıq və baş verən zəlzələlər üzündən psixoloji sarsıntı yaşayırlar”.

Qeyd edək ki, Azərbaycan tərəfi soydaşlarımızın yaşadığı Xoy şəhərinə humanitar yardım göndərmək istəsə də, İran tərəfi buna imkan vermir.

Xatırladaq ki, yanvarın sonunda baş vermiş zəlzələ nəticəsində mindən artıq insan yaralanıb, 3 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR