Sankt-Peterburqda VII Rusiya - Azərbaycan Gənclər Forumu keçirilir

Sankt-Peterburqda VII Rusiya - Azərbaycan Gənclər Forumu keçirilir
  • Clock-gray 16:43
  • calendar-gray 23 Sentyabr 2019

Rusiyanın Sankt-Peterburq şəhərində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə VII Rusiya - Azərbaycan Gənclər Forumu başlayıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, Azərbaycanı bu forumda gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Sentyabrın 25-dək davam edəcək forumun rəsmi açılış mərasimi bu gün Parlament mərkəzində baş tutub.

Açılış mərasimdə çıxış edən nazir müavini İntiqam Babayev Forumun keçirildiyi 7 il ərzində Rusiya və Azərbaycan gəncləri arasında sıx əlaqələrin qurulduğunu və münasibətlərin daha çox inkişaf etdiyini bildirib. Onun sözlərinə görə, bu forum hər iki ölkə gənclərinin bir-biriləri ilə daha yaxından tanış olmaları, müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrini genişləndirmələri üçün çox böyük imkanlar yaradır: “İlk dəfə 2012-ci ildə “Yeni nəsil: sərhədsiz məsuliyyət” başlığı altında keçirilən forum ölkəmizdə gerçəkləşib və əsası dialoq və əməkdaşlıq olan Bəyənnamə Azərbaycanda qəbul edilib. Sevindirici haldır ki, forumlar daim müxtəlif sahələri əhatə edən mövzular ətrafında gerçəkləşir. Bu isə o dəməkdir ki, forum öz ətrafına fərqli düşüncəli, müxtəlif sahələri ehatə edən gəncləri cəlb edib, onların bacarıq və imkanlarının genişləndirilməsi üçün yeni zəmin yaradır. Ölkə başçıları İlham Əliyev və Vladimir Putin də daim çıxışlarında hər iki ölkənin tarixə sığınan sıx və inkişaf etməkdə olan dostluq münasibətlərini xüsusi olaraq vurğulayırlar”.

Nazir müavini iki ölkə gəncləri arasında əməkdaşlığın, əlaqələrin genişləndirilməsi sahəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi AMOR təşkilatının xüsusi rolu haqqında danışıb, Rusiyanının müxtəlif universitetlərində təhsil alan gənclərin mütəmadi olaraq Azərbaycana səfərlərinin təşkil edildiyini, bu istiqamətdə böyük addımlar atıldığını diqqətə çatdırıb. 

Qeyd edək ki, Azərbaycandan ümumilikdə 25 gəncin qatıldığı forumda "Gənclərin yaradıcı inkişafı üçün beynəlxalq layihələr. Mədəniyyət və mədəniyyətlərarası dialoqun təşviqi", "Gənclər üçün biznes. Sosial sahibkarlıq", "Qeyri-rəsmi təhsil və gənclərin QHT-lərinin bu istiqamətin inkişafındakı rolu", "Davamlı inkişaf məqsədləri", "Müasir media məkanı" üzrə sessiyalar təşkil edilib. Bölmələrdə iştirak edən iştirakçılar Rusiya-Azərbaycan gənclər əməkdaşlığının inkişafı üçün birgə təkliflər hazırlayacaqlar.

Forumda Sankt-Peterburqun gənclər mərkəzlərinə baş çəkiləcək, Sankt-Peterburqdakı Azərbaycan diasporunun gənc nümayəndələri ilə görüş olacaq.

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date