Şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil təqdim edilib

Şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil təqdim edilib
# 15 noyabr 2022 11:15 (UTC +04:00)

Möhtəşəm Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 50 mənzil verilib.

APA xəbər verir ki, mənzillər Mənzil İnşaatı Dövlət Agentliyinin Hövsan yaşayış kompleksində yerləşir.

Mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli postmüharibə dövründə Prezident İlham Əliyevin göstərişinə əsasən şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan genişmiqyaslı sosial dəstək proqramını qeyd edib.

Proqram çərçivəsində Nazirlik tərəfindən şəhidlərin ailə üzvləri, müharibə iştirakçılarından ibarət artıq 119 min şəxsə sosial dəstək yönümlü 249 min xidmət göstərildiyi vurğulanıb.

Bildirilib ki, sosial dəstək proqramının mühüm istiqamətlərindən biri kimi, şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı da 5 dəfə genişlənib.

44 günlük Vətən müharibəsindən sonra həmin vətəndaşlara 4050-dək, ümumilikdə ötən dövrdə 13 mindən çox mənzil və fərdi ev təqdim edilib. 2022-ci il üzrə də 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub ki, artıq 1050-si təqdim edilib.

Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təminatı tədbirləri də davam edir. Postmüharibə dövründə 300-dən çox, ümumən ötən dövrdə 7500-dən artıq avtomobil müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilib.

Qeyd edək ki, bu gün yeni mənzillə təmin olunan şəxslər arasında Vətən müharibəsi şəhidləri Bəhram və İman Məmmədzadə qardaşlarının atası Elman Məmmədov, həmçinin şəhidlər Əli və İslam Əhmədov qardaşlarının anası Sevinc Əhmədova da var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR