Səhiyyə Nazirliyi quduzluqla bağlı xəbərdarlıq edib

Səhiyyə Nazirliyi quduzluqla bağlı xəbərdarlıq edib
# 02 iyun 2023 11:06 (UTC +04:00)

Quduzluq xəstəliyi çox ağır əlamətərlə xarakterizə olunur. Heyvanlarda xəstəliyin gizli (latent) dövrü 10 gün, bəzən 3-8 həftəyə qədər davam edə bilər. Əksər hallarda ağız suyu axması və qusma heyvanlarda quduzluğun ümumi simptomlarıdır. Heyvanlar gizli dövrün sonunda (xəstəlik təzahürlərindən 2-10 gün əvvəl) yoluxucu olur.

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ceyran Cəfərova bildirib. Onun sözlərinə görə, insanlarda quduzluğun gizli dövrü əsasən 1-2 ay davam etsə də, lakin bəzi hallarda bu müddət bir həftəyə qədər azala bilər:

"Gizli dövrün davamlığı xəstənin yaşından, immun vəziyyətindən, zədələnmənin xarakterindən (cırmaqlama, dişləmə, tüpürcəkləmə) və lokalizasiyasından (mərkəzi sinir sisteminə yaxınlığından) asılıdır. Uşaqlarda gizli dövr daha qısa olur.

İnsan hər hansı bir heyvanın dişləməsinə, cırmaqlamasına və ya tüpürcəkləməsinə məruz qalarsa, ilk olaraq ev şəraitində və ya müraciət etdiyi tibb müəssisəsində (cərrah və ya tibb bacısı tərəfindən) zədə nahiyyəsi 72%-li sabunlu su ilə yuyulmalıdır. Zədə nahiyəsi yuyulduqdan sonra spirt və ya yod məhlulu ilə dezinfeksiya edilməlidir.

Quduzluq virusuna yoluxma şübhəsi olduqdan sonra dərhal yaxınlıqdakı tibb müəssisəsinə müraciət etməli, quduzluq əleyhinə antirabik vaksini vurulmalıdır. Quduzluq virusu insanlar üçün həyati təhlükəsi olduğundan zədələnmənin lokalizasiyasından asılı olaraq, antirabik vaksin ilə yanaşı quduzluq əleyhinə antirabik immunoqlobulin də vurulur. Həmçinin, əlavə olaraq tetanus əleyhinə anatoksin vurulur. Heyvan tərəfindən zədələnməyə məruz qalmış şəxsin müalicə kursu müalicə-profilaktika müəssisəsinin cərrahı tərəfindən təyin edilir. Belə ki, əgər dişləyən heyvan məlumdursa və 10 gün müddətində sağ qalmışsa, o zaman şərti müalicə kursu təyin edilir. Şərti müalicə zərərçəkənin müraciət etdiyi gün, həmçinin 7, 21 və ya 28-ci günləri antirabik vaksin vurulur. Dişləyən heyvanın naməlum olduğu təqdirdə və ya məlum olan halda belə 10 gün müddətində ölmüşdürsə, o zaman qeyri-şərti müalicə kursu təyin olunur. Qeyri-şərti zədələnmənin müraciət edilən gün, həmçinin 3, 7, 14 və 28-ci günləri antirabik vaksin vurulur. Bu peyvəndlərin hər biri əzələdaxilinə yeridilir".

Həkim qeyd edib ki, virus istiqanlı heyvanların bir çox növləri həm vəhşi, həm də ev heyvanları üçün patogendir.:

"Quduzluğa canavarlar, çaqqallar, tülkülər, yenotabənzər itlər, pişiklər, iribuynuzlu qaramal və s. heyvanlar yoluxur. Bunlardan canavarlar, tülkülər və s. itkimilər dəstəsinin nümayəndələri aparıcı yer tutur.

Heyvanlar arasında quduzluq xəstəliyinin profilaktikası baytarlıq idarəsinin həkimləri tərəfindən sahibsiz itlərə peyvənd vurulması ilə aparılır. Bundan başqa, ev şəraitində heyvan saxlayan vətəndaşlar mütləq şəkildə öz heyvanlarını müntəzəm olaraq baytar müayinəsindən keçirməli, peyvəndlərini vurdurmalıdırlar.

İnsanlar arasında isə bu xəstəliyə yoluxmamaq üçün çöl heyvanları ilə təmasdan uzaq olmaq lazımdır. Hər hansı bir heyvan hücumuna məruz qalma halları qeyd edilərsə, bu zaman quduzluq virusuna yoluxma şübhəsi olduqda şəxs dərhal yaxınlıqdakı tibb müəssisəsinə müraciət etməlidir".

Qeyd edək ki, quduzluq mərkəzi sinir sisteminin zədələnməsi əlamətləri ilə səciyyələnən virus mənşəli ağır infeksion zoonoz xəstəlikdir. Virus xəstə heyvanların tüpürcəyi ilə ifraz olunduğundan xəstəlik daha çox quduz heyvanların dişləməsi nəticəsində baş verir. Xəstəliyin törədicisi miksoviruslar qrupunun “Rhabdoviridae” ailəsinin Lissavirus cinsinə aid olan RNT tərkibli neyrotrop virusdur (Rabies virus).

Xəstəlik insana quduz heyvanların dişləməsi, cırmaqlaması və ya heyvanların ağız suyu ilə zədələnmə nahiyəsinin bulaşması nəticəsində keçir. Virus zədə nahiyəsindən insan orqanizminə daxil olduqdan sonra törədici sinir kökləri vasitəsilə mərkəzi sinir sisteminə daxil olur ki, orada viruslar toplanır və ensefalit inkişaf edir. Sonradan bu virus tüpürcək vəzilərinə daxil olaraq intensiv şəkildə çoxalmağa başlayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR