Səidə Qocamanlı: “İndi də istərdim ki, lövhə önünə keçəm, uşaqlara kimyanı sevdirəm” - MÜSAHİBƏ

Səidə Qocamanlı

© APA | Səidə Qocamanlı

# 26 iyul 2022 13:25 (UTC +04:00)

“O hərəkətim atamı incitdi, onun arzusuna xilaf çıxdım”

Hüquq müdafiəçisi, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri Səidə Qocamanlının APA-ya müsahibəsi

Səidə Qocamanlı adı uzun zamandır, 90-cı illərin əvvəllərindən ölkə ictimaiyyətinə tanışdır. Vətəndaş cəmiyyətinin, hüquq müdafiə təşkilatlarının qurucularından, öndə gedənlərindən olub. Bizim nəsil onu tanıyalı xeyli zaman keçib, 30 ilə yaxın bir vaxt. İlk gündən ana dilində çox səlist danışığı, nitq mədəniyyəti, zövqlü geyimləri ilə diqqətimi çəkmişdi, onu müəllimə bənzətmişdim. Zənnimdə yanılmadığımı, müəllim olduğunu öyrənmişdim. Gözəl diksiyası, natiqlik qabiliyyətinin isə tək müəllimliklə bağlı olmadığını, Azərbaycanın tanınmış yazarlarından biri Məmməd Əkbərin ailəsində göz açdığını, ondan görüb-götürdüyünü sonralar bildim.

May ayında sonuncu əfv sərəncamıyla bağlı telefon danışığımızda sözgəlişi yaxınlarda 75 yaşının tamam olacağını dedi.

Doğum günündən sonra görüşdüyümüz evi yubiley ovqatlıydı. Yubilyar çoxlu gül-çiçəyin, uzaqlardan gələn doğmaları - qızı, gəlini və iki nəvəsinin əhatəsində idi. Bir də divardan asılan çoxsaylı fotoların. Söhbət boyu o fotolardan baxan dünyasını dəyişmiş doğmalarını bir an da olsa, unutmadı, ata-anası, həyat yoldaşı, qayınanası, qayınatasını xatırladı, bir də Azərbaycan ədəbiyyatının, mədəniyyətinin göz açıb evlərində gördüyü görkəmli xadimlərini, qonşularını, doğma simaları...

- Səidə xanım, 75 yaş sizin üçün nə deməkdir?

- 75 yaş mənim üçün uzun, yorğun, amma şərəfli bir həyat yoludur. Bu yolda sevinc də olub, kədər də, uğur da olub, uğursuzluqlar da. Ən əsası bu yolda mübarizə olub. Həyatın hər etapında özümü mübariz insan kimi görmüşəm. Yəqin ki, bu da mənə genetik olaraq keçib. Mən gözümü açıb evimizdə, doğulduğum mühitdə mübariz, əzmli insanları görmüşəm. Onlar elə-belə, sadə həyat sürməyiblər. Həyatları nə qədər çətin, enişli-yoxuşlu olsa da belə, sevə-sevə yaşayıblar.

- Atanız dövrünün məşhur adamlarından biri, yazıçı, jurnalist, tərcüməçi Məmməd Əkbər olub. Bu, həyatınıza necə təsir etdi?

- Rus yazıçısı Veniamin Kaverinin “İki kapitan” əsərinin leytmotivi olan ifadə var: “Döyüş və axtar, tap və təslim olma”. Mənə elə gəlir ki, bu sözlər mənim həyat kredom olub. Döyüşməyi də, axtarıb təslim olmamağı da, bir də səbirli olmağı atamdan öyrəndim. Nəsihətləri daima qulağımdadır. Deyərdi “Bütün çətinliklər müvəqqətidir ölənə kimi. Hər çətin asan olur, amma çətin asan olur”...

Mən İkinci Dünya savaşı bitəndən düz iki il sonra dünyaya gəlmişəm. Ailəmizdə məndən başqa kiçik qardaşım və bacım da var. Biz Bakının məşhur “Yəhudilər məhəlləsi” adlanan, o vaxtkı Dimitrov küçəsində Əbdüləhəd bəyə məxsus ikimərtəbəli binanın birinci mərtəbəsində, pəncərələri küçəyə açılan geniş bir mənzildə yaşayırdıq. Həyətimizdə bizdən başqa dörd yəhudi ailəsi də yaşayırdı. Nə qədər mehriban, qayğıkeş insanlar idilər. Onların bizə, uşaqlara bəslədikləri nəvaziş, sevgi, diqqət danılmaz idi. Biz çoxları üçün əlçatmaz olan ziyalıları, qələm sahiblərini evimizdə, süfrəmizin başında görüb, onların əhatəsində böyümüşük. İndi həmin ev də sökülüb, məhəllə də yoxdur, bircə xatirələr qalıb...

Sonralar, daha dəqiq desəm, 1957-ci ildə, Hüsü Hacıyev küçəsi - 19 ünvanında yazıçılar üçün inşa edilmiş gözəl binaya köçdük. Qonşuluğumuzda kimlər yox idi, ən məşhur qələm sahibləri həmin binaya köçmüşdülər. Səkkiz ildən sonra mənzil şəraitimizi yaxşılaşdıraraq yazıçılar üçün tikilmiş ikinci binaya köçdük. Vaqifin adını daşıyan (indi Həsən Seyidbəyli adlanır) küçənin 30 saylı binası da eyni işıqlı insanların bir ailə kimi yaşadıqları məkan idi. O böyük ziyalıların işığı kənara da, bizə də sirayət edirdi.

“Atam rus dilində təhsil almağımdan narazı qalsa da, anamla razılaşmağa məcbur oldu”

- Bildiyimə görə, filologiya fakültəsində təhsil almısız. Atanızın istəyi idi?

- Ötən əsrin 60-cı illərinin əvvəli SSRİ-yə Xruşşovun rəhbərlik etdiyi dövr idi. Bilirsiniz, o dövr yaddaşlarda yumşalma dövrü kimi qalıb. Həm də o dövrdə kimya elminə diqqət artdığından bir çox yaşıdlarım kimi mən də kimyaçı olmaq arzusunda idim. Mən orta təhsilimi Bakıdakı 1 saylı orta məktəbdə almışam. Məktəb illərindən də kimyanı çox sevmişdim. Sevdirən isə mənim məktəb müəllimim, həm də sinif rəhbərimiz Yevgeniya Petrovna Məmmədova olub. Ruhu şad olsun, Bakının sayılıb-seçilən müəllimlərindən idi. Amma atamın başqa arzusu var idi, məni filoloq görmək istəyirdi. Bir də ki, mən hiss edirdim ki, içində nəsə bir narahatlıq yaşayır. Çox sonra, mən bunun səbəbini anladım.

- Narahatlığı nədən idi?

- Yadımdadır, 1954-cü il idi, anam məni evimizə yaxın yerləşən 1 saylı orta məktəbə yazdırmışdı. Atam rus dilində təhsil alacağımdan narazı qalsa da, anamla razılaşmağa məcbur oldu. Rus dilini mükəmməl bilmək o zamanın tələbi idi, rus dilini bilməyənlərə işə düzəlmək çətin idi. Sonralar qardaşım Rövşəni və bacım Gülşəni də anam həmin məktəbə verdi. Amma iş elə gətirdi ki, bacım 1-ci sinifi bitirəndə biz artıq Hüsü Hacıyev küçəsindəki binaya köçmüşdük. Binamızın bir çox uşaqları yaxınlıqda yerləşən 190 və 134 saylı məktəblərdə təhsil alırdılar. Atam qəti qərarını bildiridi ki, övladlarımın ikisi rusca oxuyur, kifayətdir, Gülşən Azərbaycan dilində təhsil almalıdır. Və Gülşən 1-ci sinifdən sonra 190 saylı məktəbə köçürüldü və oranı fərqlənmə ilə bitirdi.

Mənə gəlincə, atam narahat idi ki, mən rus dilində təhsil alıb öz ana dilimizdən kənar düşərəm. Çalışırdı üzərimdə işləsin, ana dilimizin incəliklərini öyrətsin. Yadımdadır, 11-12 yaşım olanda məsul katibi olduğu “Ədəbiyyat və incəsənət” qəzetində getməyi planlaşdırılan xırda materialları, ya da kimə isə aid nekroloqları mənə verirdi, lüğətləri də qarşıma töküb deyirdi ki, bu yazıları tərcümə elə, sənə qonorar verəcəm. Qonorarım da çox sevdiyim şokolad olardı (Gülür).

O məni Azərbaycan dilində yetişdirmək, lüğətlə işləməyi öyrətmək üçün belə edirdi. Atam deyərdi ki, Azərbaycanda yaxşı tərcüməçilərə ehtiyac var, məsləhət görürdü filologiyanı seçim. Mən də onun sözündən çıxmadım və daxil oldum filologiya fakültəsinə. Çox yaxşı oxuyurdum, amma içimdəki kimyaya olan sevgi məni daima izləyirdi, beynimi yorurdu. Və bir gün qərara gəldim! Evdə heç kimə demədən sənədlərimi götürüb verdim kimya fakültəsinə və ora daxil oldum. Əlbət ki, bu özbaşınalığım anamı hiddətləndirdi, atamı incitdi, mən onun arzusuna xilaf çıxdım. Amma sonradan biləndə ki, bütün qiymətlərim əladır, qrupun lideri seçilmişəm, ictimai işlərdə fəalam seçimimlə barışdı. Anama demişdi ki, mən onun istəyinə qarşı çıxa bilmərəm.

“Zəhmətkeş müəllim idim, 15 il repetitor oldum”

- Bu ixtisası seçməklə nəyə nail oldunuz?

- Məncə, uduzmadım. Sevimli peşəmə yiyələndim, qarşıma qoyduğum məqsədə çatdım, 32 il orta məktəbdə kimyadan dərs demişəm. Peşəmi çox sevirdim. Yubileyimlə bağlı nə qədər keçmiş şagirdlərimdən təbrik almışam. Onlar indi dünya boyunca səpələniblər. ABŞ-da, Kanadada, Avstraliyada, Avropa ölkələrində, Rusiyada yaşayan şagirdlərim var. Məni unutmurlar, hər il doğum günündə zəng edirlər, Bakıya gələndə vaxt tapıb mənimlə görüşürlər. Müəllimə bundan böyük qiymət olarmı? Demək, zəhmətim hədər getməyib. Təəssüf ki, 2005-ci ildə məktəbdən ayrılmağa məcbur etdilər, sevimli işimdən ayırdılar... Amma günü bu gün də istərdim ki, əlimə təbaşir alıb keçəm lövhə önünə, ya da təcrübələrlə uşaqlara kimyanı sevdirəm.

Sizə bir epizod danışım. Bir dəfə dostlarımızla axşam yeməyinə getmişdik. Ordan çıxanda gördüm ki, bir nəfər restoran işçisi mənə adımla müraciət eləyərək sağollaşdı. Təəccüb elədim ki, o məni haradan tanıya bilər, yaxınlaşanda bildim ki, keçmiş şagirdimdir. Bunu bilən dostlarımdan biri ondan soruşdu ki, Səidə xanım necə müəllim idi? Oğlan dedi ki, bilirsiniz, o, bizdən heç vaxt rüşvət almazdı. Bir də dərsi bizə Azərbaycanın himnini oxutdurub başlayardı. Bax belə.

Heç yadımdan çıxmaz, 1990-cı ilin 20 yanvarında şagirdlərim mənimlə birgə küçədə idi, yaralılara kömək edirdilər. O gecə bəlkə də onlar həyatlarının ən mühüm dərsini aldılar. Mən onları dünyalar qədər sevirəm, onların hər biri mənim bu dünyada qazancımdır. Aralarında indi məsul vəzifələrdə işləyənlər var, onların hər biri ilə fəxr edirəm. İnsan üçün, müəllim üçün bundan böyük nə ola bilər? Mən əməyimin bəhrəsini görürəm...

Bir də mən hər zaman zəhmətkeş müəllim olmuşam. Məktəbdən də əlavə tibb universitetinə abituriyentlər hazırlamışam.

- Repetitor olmusuz...

- Bəli, düz 15 il. Hazırda o uşaqların arasında tək Azərbaycanda yox, İsraildə, Amerikada, Avropada işləyən, peşəsini sevən həkimlər çoxdur.

- Niyə sonralar da məşğul olmadınız repetitorluqla?

- Arıq 90-cı illərin əvvələrindən, 20 yanvar hadisələrindən sonra mən proseslərə, insan hüquqlarının müdafiəsinə qoşuldum. 1994-cü ildən bu sahədə fəal çalışmağa başladım. Çətin dövr idi, iş çox idi, çatdıra bilmirdim. Ona görə repetitorluğa xitam verib fəaliyyətimi yönəltdim insan hüquqlarının müdafiəsinə. İlk dövrlərdə bu sahədə də çətinliklərimiz çox idi. Heç kompüterimiz də yox idi ki, işimiz asanlaşsın. Bütün sənədləri makinada, ya da əllə yazırdıq. Komputer bircə Eldar Zeynalovda var idi (Gülür). Hətta mətbuata da məlumatları əlyazma kimi gəndərirdik, telefonla deyirdik.

- Sonralar faks oldu...

- Bəli, amma faks da heç hər yerdə yox idi. Almağa isə imkanımız yox idi.

- Qrant alınmasına nə vaxtdan başlandı?

- Hardasa 1997-ci ildən. O zaman bir neçə xarici fond hüquq müdafiəsinə, maarifləndirməyə qrant ayırmağa başladı, bir neçə fond Bakıda ofislərini açdılar və onların yardımı ilə ofis texnikasını əldə etmək mümkün oldu. Azərbaycanda hüquq müdafiəsinin təməlini mənim dostlarım qoydular, Cənubi Qafqazın ən güclü hüquq müdafiə sistemini yaratdılar.

- Elə siz də öndə gedən simalardan idiniz.

- (Gülür) Tək əldən səs çıxmaz. Biz hamımız bir komanda idik: Novella xanım, Arzu Abdullayeva, Eldar Zeynalov, Sahib Məmmədov, Səadət Bənənyarlı, Çingiz Qənizadə. Hər birimiz ayrı-ayrılıqda nə qədər gənc kadrlar yetişdirdik. İndi onların çoxu öz təşkilatlarını yaradıb müstəqil işləyirlər, tanınırlar.

- Bir nəfər də vardı, amma sonradan yollarınız ayrıldı...

- Kim?

- Leyla Yunus.

- Bəli, olub, danmaq olmaz. Sonradan ayrıldı, özü də yaxşı ayrılmadı. Onun haqqında heç danışmaq da istəmirəm. Biri var ayrılıb hörməti, sıcaq münasibəti saxlayasan. Amma Leya bizə qarşı yönələn, çirkab dolu çıxışları, hərəkətləri, aqressiyası ilə, bizə olan hörmətsizliyi ilə bütün körpüləri yandırdı.

- Siz dialoq tərəfdarı oldunuz...

- Biz həmişə onun tərəfdarı olmuşuq ki, ölkəmizi daha cazibəli etmək, nüfuzunu qorumaq üçün yaranan problemləri özümüz, ölkə daxilində həll edək. Çalışaq dünyaya göstərək ki, biz buna qadirik. Bunun üçün isə dialoq, hökumət-vətəndaş cəmiyyəti arasında ünsiyyət vacib şərtdir. Bəli, nöqsanlarımız var və çalışmaq lazımdır ki, onları birgə həll edək. Dialoqdan başqa yolumuz yoxdur.

- Bayaq atanızdan öyrəndiklərinizdən danışdınız. Genetik olaraq ondan sizə nələr keçib?

- Atam övladlarını eyni dərəcədə sevib, heç vaxt görməmişik və eşitməmişik ki, üstümüzə səsini ucaltsın. Səhvimiz olanda bircə baxışıyla bizi məzəmmət etməyi, utandırmağı bacarırdı. Bu günə kimi də onun adının kölgəsindəyik, üçümüz də o ada layiq olmağa çalışmışıq. Atam 1974-cü ildə rəhmətə gedib. İllər ötsə də, onun xatirəsinə hər zaman böyük hörmət, ehtiram görmüşəm.

Hər üçümüzü böyütdü, təhsil verdi, peşə sahibi etdi. Qardaşım Rövşən də meylini texniki fənlərə bağladı. O, iqtisadçı alimdir, ali məktəbdə dərs deyir, tələbələrin sevimlisidir. Bacım Gülşən (tanınmış diktor Gülşən Əkbərova – red.) isə jurnalistikanı seçdi.

- Atanız onun yolu ilə getməyinizi istəyirdi, amma siz yox, bacınız o yolu seçdi...

- Bəli. Gülşən universitetə daxil olanda ən çox atam sevinirdi. Çünki artıq onun yolunu davam edən var idi. Gülşən atamızın başını uca etdi, Azərbaycanın ilk qadın telejurnalisti oldu, 48 il Azərbaycan Dövlət Televiziyasında həm diktor, həm jurnalist kimi çalışdı. Onun efirə hazırladığı müəllif verilişləri televiziyanın ”Qızıl fondunda” qorunub saxlanılır. Geniş məlumatlara malik insandır, arxivlərdə çox çalışıb, onunla söhbət edərkən insan nə qədər zənginləşir. Mən ona bizim ailənin ensiklopediyası deyirəm.

- Məmməd Əkbərdən övladlarına nələr qaldı?

- Atamdan bizə onun şərəfli adı qalıb, onun təməlini qoyduğu ailə birliyi qalıb. Onun bir adı elə bizə bəsdir. Bir də gözəl, saysız-hesabsız xatirələr qalıb. Nəsihətləri daima qulağımızdadır. Atam bizə mübariz, mətin, təmkinli olmağı, həyatda çətinlikləri dəf etməyi, özünə inanmağı, sadə və səbirli olmağı, mərifəti öyrətdi. Atam bizə mütaliə etməyi öyrətdi. Mütaliə zamanı qeydlər etməyi, onları dəftərə köçürməyi öyrətdi. Və ən əsası Vətənə, ana dilimizə, torpağa sevgi aşıladı. Atam ədəbiyyatın iddiasız yazarlarından idi, ötən əsrin 30-70-ci illərin ən məhsuldar publisisti, oçerkisti idi. Zaman-zaman qarşılaşdığı təpkilərə səbrlə sinə gərərək təmkinlə dözməyi bacaranlardan idi. Atam üçün Azərbaycan dünya idi. İllərlə ən yaxın, məhrəm dostlarına, həmkarlarına, redaksiyada işləyən cavan yazarlara üç rəngli, ay-ulduzlu bayrağımıza sonsuz sevgisindən, Azərbaycanın keçdiyi şərəfli istiqlal yolundan danışardı atam. İllərdən sonra bildim ki, atam əski müsavatçıların gizli qrupunun üzvü olub.

- Bunu nə zaman bildiniz?

- Atam heç zaman Kommunist Partiyasının üzvü olmayıb. Çox sonralar bilmişəm ki, atam və onun dostları, məsləkdaşları içlərində sovet sisteminə nə qədər nifrət bəsləyirmışlər. Atamın cümhuriyyət sevgisi haqda anam mənə 1998-ci ildə, vəfatından 4 ay əvvəl danışıb və illərlə gizli qoruyub saxlaya bildiyi çox dəyərli bir sənədi verib. Onun haqqında, inşallah, bir dəfə ayrıca danışaram. Mən o sənədi Bakıda, Müsavatın 100 illiyində əziz, dəyərli dostumuz, Ankarada Məhəmməd Əmin Rəsulzadə tərəfindən təməli qoyulmuş Kültür Dərnəyinin başqanı Cəmil bəy Ünala təqdim etdim. Orada bu sənədi böyük ehtiramla qoruyurlar. Əminəm ki, indi atamın da, anamın da ruhları rahatdır...

Atam Türkiyəni o qədər sevirdi ki. İlk dəfə olaraq Türkiyənin ən tanınmış ədiblərinin, yazarlarının kitablarını onun kitabxanasında görmüşəm və oxumuşam. Səbahəddin Əlinin, Rəşad Nuri Güntəkinin, Əziz Nesinin, Orhan Kamalın, Suat Dərvişin əsərlərini mənə sevdirən atam olub. Mən Mustafa Kamal Paşa Atatürkün adını ilk dəfə atamdan eşitmişəm. Onu çox sevərdi və bizə də sevdirərdi. Deyərdi, biz türkük. Atamın 30-cu illərə aid pasportu indi də bizdə durur. İçində latın qrafikası ilə yazılıb: adı, soyadı - Əkbərzadə Məmməd Həmzə oğlu, milləti - türk.

“Azərbaycan ədəbiyyatının qaymaqları toplaşmışdı binamızda, yaxın qohumlar kimi yaşamışıq”

- Atanınızın irsinin yaşaması üçün nələrsə edilib?

- Bəli. Onun kitabları nəşr olunub. Atamla bağlı üç film çəkilib: “Ömrün davamı”, “Sənətkar ömrü”, “Söz aynasında həyat cizgiləri”. Sonuncu filmi elə öz ata-baba yurdunda, Ordubadda, doğulduğu evdə çəkilib.

Atam çox bacarıqlı oçerkist idi, böyük məktəb keçmişdi, gözəl müəllimləri olub. Yazılarına çox həssaslıqla yanaşardı. Hər şözü, hər ifadəni zərgər bacarığı ilə cilalayardı. Mir Cəlal onun haqqında bunları yazıb: “Hekayə və oçerklər müəllifi Məmməd Əkbər bu janrın ustad yazıçılarındandır. Məmməd Əkbərin rəvan, sadə, aydın, şirin nəsr üslubu vardır. Mövzusundan asılı olmayaraq bütün oçerk və hekayələrində həyat həqiqəti, canlı, real xalq məişəti inandırıcı təsvir olunur”.

Atamın çox səlist, rəvan danışıq qabiliyyəti var idi. Dilimizin gözəlliyinə xüsusi önəm verərdi. Hətta adi həyatda atam danışıq zamanı sözlərin düzgün tələffüz edilməsini hamımızdan tələb edərdi. Onun sevimli mahnısı Emin Sabitoğlunun “Şirin dil” mahnısı idi, onu ləzzətlə dinləyərdi.

- Anam tələbəlik dövründə sizin məhəllədə yaşayıb. Deyir ki, Məmməd Əkbər hər zaman küçədən, məhəllədən astaca şeir deyə-deyə keçərdi.

- Sinədəftər idi, o qədər şer bilirdi ki. Füzulidən, Hüseyn Caviddən şer deyərdi, özü də intonasiyayla, ürəkdən. Elə bil o şeri yaşayırdı. Böyük qəzəlxanımız Əlağa Vahidlə yaxın dost idi atam. Onun qəzəllərini də əzbərdən bilirdi. Atamla anamın 1941-ci ildə nişan mərasimində Əlağa Vahidin hədiyyəsi anama ithaf etdiyi qəzəl olub. O qəzəli bizim müğənnilər muğam üstə oxuyublar. Bu yaxında isə onun Mərakeşin populyar müğənnisi tərəfindən ifasını eşitdim.

Dedin ki, ananın tələbəlik illəri bizim yaşadığımız məhəllədə keçib və yenə məni qaytardın o əziz məkana, Vaqif 30 ünvanına... İndi küçə rəhmətlik kinorejissor Həsən Seyidbəylinin adını daşıyır. Amma bizim üçün elə köhnə adında qalan sevimli məkandır o bina. Azərbaycan ədəbiyyatının qaymaqları toplaşmışdı bizim binada... Ədəbiyyatımızın korifeyi Əbülhəsəm müəllim, Ənvər Əlibəyli, Qılman İlkin, İslam Səfərli, Əli Tudə, Ənvər Yusifoğlu, Əlfi Qasımov, Yusif Əzimzadə, Maqsud İbrahimbəyov, Nəriman Həsənzadə, Seyfəddin Dağlı, Yusif Səmədoğlu, akademik Məmməd Cəfər, Vidadi Babanlı, Əfqan Əsgərov, Şamo Arif, İsmayıl Cəfərpur, professor Qulu Xəlilov, professor Pənah Xəlilov, Cabir Novruz, Əli Kərim, professor Yaşar Qarayev, daha kimlər, kimlər. Bu nəhəng insanların əhatəsində biz böyüyüb həyatı öyrənmişik, aralarındakı saf, təmənnasız, möhkəm kişi dostluğunun şahidi olmuşuq. Çox mehriban, ürəkaçan mühit vardı binamızda. Biz qonşu yox, əziz Nəriman müəllimin təbirincə desək, yaxın qohumlar kimi yaşamışıq...

- Amma indi o həyat tərzi çoxlarına yaddı...

- Düzdür, hətta deyərdim tamam silinib. Onun yerini mobil telefon, votsap tutub. Amma Vaqif 30-un uşaqları dediyim kimi həmin əlaqələri, ünsiyyəti qoruyub saxlaya bilib.

- Ən yaxın kiminlə idi münasibət?

- Demək olar ki, hamısı ilə. O boyda üç bloklu binada bir ailə kimi yaşayırdıq. Qapılarımız gecədən gecəyə bağlanardı. Mənə gələndə isə yaşıma görə ən yaxın rəfiqələrim şair Ənvər Əlibəylinin qızı Şəfəq Əlibəyli və yazıçı Yusif Əzimzadənin qızı, mərhum kinorejisser Gülbəniz Əzimzadə idi. İllər ötür, artıq bir çox yazıçı qonşularımız dünyadan köçsə də, biz, o binanın uşaqları ata-analarımızın bizə miras buraxdıqları müqəddəs dostluq tellərini qırılmağa qoymuruq, tez-tez görüşürük, yazışırıq, daima əlaqədəyik. Yeri gəlmişkən, bizə pozitiv impulslar yaşadan, bizi sıx birləşdirənlərdən biri elə sizin həmkarınız İlqar Əlfioğludur. İlqar bir aləmdir, hamımızın sevimlisidir, əzizidir, Allah ona cansağlığı versin.

- Vaxtilə ata-ananızın sizdən istədiklərini övladlarınızdan tələb etmisiz?

- Tələb etməyə lüzum olmadı. Genetik kod öz sözünü indiyə kimi deməkdədir. Həm mənim, həm bacı-qardaşımın övladlarının, mənim böyük nəvəmin xasiyyətlərində, davranışlarında, yanaşmalarında ata-anamdan nə isə keçib. Oğlumun övladı çox kiçikdir gördüyünüz kimi. Babasının adını daşıyır - Azad. Bu, Qocamanbəyli nəslində üçüncü Azaddır: ulu baba, çar ordusunun zabiti, cümhuriyyət dövründə Şamaxı qəzasının rəisi Azadbəy Qocamanbəyov, baba, memar, inşaatçı Azad Qocamanlı və nəvə Azad...

Qız nəvəm nəvəm Dənizisə Azərbaycandan çox uzaqlarda Danimarkada yaşayır, təhsili ingilis dilindədir. Amma görün Azərbaycanca nə qədər təmiz danışır. Nə boyda Azərbaycana sevgi daşıyır ürəyində!

Qızı Fidan qoşulur söhbətə: "Mən hər zaman çalışmışam övladım Azərbaycan dilində səlis danışmağı öyrənsin. Bu çox vacibdir, məhz dil uşağı öz soyuna, kökünə bağlayan amildir. İnsan nə qədər dil bilsə, dünya o qədər ona açıqdır. Əlavə olaraq üç yaşından Dənizi rusdilli şənbə məktəbinə aparıram. Artıq 12 ildir ki, orada vokal, rəqs, dram dərnəklərində iştirak edir. 2017-ci ildə “Orxusun təbəssümü” Beynəlxalq Uşaq festivalınıda bir neçə nominasiya üzrə Qran-Pri mükafatına layıq görülüb. Məktəb yaşı çatanda isə onu ingilis təmayüllü məktəbə verdik. Bax beləcə qızımın üzərində daima işləyirəm".

- Mən Dəniz doğulanda getmişdim Danimarkaya. Uşağı yoluxmağa gələn yaşlı danimarkalı tibb bacısı soruşdu ki, hansı ölkədənsiniz. Fidan bildirdi ki, azərbaycanlıyıq. Müdrik qadın dedi ki, uşaqla evdə öz doğma dilinizdə danışın, dilinizi ona öyrədin, qoy dil açanda azərbaycanca dil açsın. Danimarka dilini onsuz da öyrənəcək, bu ölkədə yaşayır. Arzu edirəm, nəvələrim ata-baba ocağını yaşatsınlar, ən asası layiqli övlad olsunlar, Vətəni, dillərini unutmasınlar. Dili bilmədən Vətən sevgisi ola bilməz.

- Demək nəvələrinizin ikisi də kənardadır...

- Qismət beləymiş, həyatdır da. Təki xoşbəxt olsunlar. Yaxşı ki, votsap var (Gülür). Anası işdə olanda onun vasitəsilə Dənizi nəzarətdə saxlayıram, məktəbə yola salıram. Əlbət ki, istərdim yanımda olsunlar, tənhalıqdan üzülməyim. Amma həyatda hər şey istədiyin kimi olmur axı. Deyir, sən saydığını say, gör fələk nə sayır... Ümid edirəm ki, övladlarım, nəvələrim ocağımızı yaşadacaq, ən əsası Vətən üçün layiqli övlad olacaqlar.

“Yoldaşım rəhmətə gedəndən sonra sındım, onun yoxluğu hər zaman hiss edilir”

- Yoldaşınız 12 ildir rəhmətə gedib dediniz...

- Bəli, 12 ildir dünyasını dəyişib. O, 15 yaşından ta ömrünün sonuna kimi Azərbaycan Dövlət Layihə İnstitunda çalışıb. Kopirçidən başlayıb İnstitutun baş mütəxəssisi, şöbə müdirinə kimi şərəfli yol keçib. Çox cəfakeş və yaxşılıq etməyi bacaran insan idi. Heç vaxt şöhrət, ad dalınca qaçmadı...

Azərbaycanın iki tanınmış nəslinə mənsub idi. Ata babası Azad bəy Qocamanbəyov Moskva Hərbi Akademiyasında təhsil almış zabit idi, çar ordusunda xidmət edirdi. Port-Artur döyüşündə ayağından yaralandığından və müalicə aldığından sonra Vətəni Şamaxıya qayıdır. Pirsaat çayı boyu geniş torpaq sahələri, malikanələri varmış. Cümhuriyyət dövründə Şamaxının qəza rəisi olub. 1918-ci ilıdə Şamaxıda ermənilər tərəfindən törədilən qırğında insanları necə qoruması haqda yazılar da var. 1920-ci ilin fevralında qəflətən rəhmətə gedib. Deyilənə görə, bolşeviklər Şamaxıya daxil olanda onu soruşublar, deyəndə ki, rəhmətə gedib, inanmayıblar. Şahxəndan qəbiristanında məzarını görəndən sonra inanıblar, qisasını isə bircə oğlu Seyfulla bəydən necə lazımdırsa alıblar. Amma sındıra bilməyiblər. Seyfulla bəy min bir əziyyətə qatlanaraq ali məktəbdə təhsilini davam edib, memarlıq peşəsinə yiyələnib, ailə qurub. İkinci Dünya savaşı başlananda ilk cəbhəyə göndərilənlərdən olub. Ağır yaralandığından Vətənə qayıtsa da, Bakıya yaşamağa izn verməyiblər. Bir müddət ailəsi ilə Şamaxıda yaşayandan sonsa dostlarının qayğısı nəticəsində Bakıya qayıtmağa müvəffəq olub. Lakin “bəy oğlu” damğası ömrünün sonuna kimi üzərində olub... Cəmi 39 il yaşayıb, arxasınca 36 yaşlı dul xanımını və 4 övladını buraxıb dünyadan köçüb...

Ana tərəfdən isə yoldaşım şuşalı Adıgözəlovlar nəslindəndir. Qayınanam Sona xanım muğam ustadı Zülfü Adıgözəlovun əmisi qızı idi. Həkim idi, çox ziyalı, yüksək mədəniyyətli insan idi. Allah rəhmət eləsin...

Azad rəhmətə gedəndən sonra bildim ki, nə qədər adama yaxşılıq edib, təmənnasız əl tutub. O, çox peşəkar inşaatçı idi. Ölümündən bir az əvvəl bir dəstə memarla təcrübə mübadiləsi ilə bağlı Koreyaya getmişdir. Orda koreyalılar bildiriblər ki, bura səfəriniz əbəsdir, Azad kimi akademiyanız var, öyrənmək istədiklərinizi ondan öyrənin. Bir söz də deyim, o rəhmətə gedəndən sonra mən sındım.

- Nədən? Həyatınızda yaranan boşluqdan?

- 12 il keçib, amma onun yoxluğu hər zaman hiss edilir. Azad tək ailəsini yox, bütün yaxınları, qohumlarını idarə etməyi bacarırdı. Mənə həm də ağır gəlir ki, o layiq olduğu qiyməti ala bilmədi.

- Memar-inşaatçı idi dediniz, özündən sonra hansısa izləri qalıb?

- Elə Bakının hər küncündə gördüyü işlərin izləri var. Parlamentin binası, Prezident Administrasiyanın binası, DTX-nın binası, Tbilisi prospektində inşa edilmiş İdman sarayı, “Çıraq” Plaza, Abşeron hoteli, Beynəlxalq avtovağzal, bank və rezidensiyalar, yaşayış binaları, və s. və i.a. Filarmoniyanın binasının bərpasında müstəsna rolu olub. İdman Sarayının inşasına görə rəhmətlik Heydər Əliyevin təqdimatı əsasında “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunmuşdu. Özündən sonra izlər qoyub dünyadan köçən insandır Azad...

Qızı Fidan əlavə edir: “Uşaq vaxtı gecə haçan oyansam görərdim hələ də atam oyaqdır, masa arxasında layihələr üzərində işləyir. Bəlkə də o, gecə 2 saat yatardı, ya yatmayardı...”

- Evin harasına baxardın onun çertyojları idi, qoymazdı bir dənə belə vərəqi yerindən tərpədək. Türkiyədə 2008-ci ildə ürəyindən əməliyyat olundu. İnanırsınız, biz xəstəxanadan çıxanda personal kövrəlib ağlayırdı. Deyirdilər ki, biz belə xoşsima, mehriban insan görməmişik. Hər yerdə sevgi qazanmışdı.

- Dediniz ki, ananız şuşalı idi. Ana xəttinə görə uşaqlığınız həm də Şuşa ilə bağlı olub. Nələr qalıb yadınızda?

- Bəli. Elədir, çox bağlı olub. İlk dəfə 1950-ci ildə, üç yaşım olanda məni Şuşaya aparıblar. Biz orada Yazıçıların Yaradıcılıq Evində qalırdıq. Təsəvvür edin, uşaqlıq xatirələri necə hafizəmə hopubsa indiyə kimi hər şey xırdalıqlarına qədər yadımdadır. Atam bizi Şuşada qoyub qayıdardı Bakıya. İşləyirdi deyə, şənbə-bazar günləri bizə dəyməyə gələrdi. Bir dəfə də gələndə mənə kiçik firuzə qaşlı uşaq sırğaları gətirmişdi. Anamın bibisi Həcər mama (bizdə bibiyə mama deyirlər), elə Şuşadaca qulağımı küllə ovub deşdi, ip keçirdi, yara sağalanda sonra sırğaları taxdılar qulaqlarıma.

Mən bir şeyə görə şox pis oluram, anam Şuşa nisgili ilə köçdü. 1992-ci ildə Şuşa işğal olunandan sonra anamın Şuşadan gələn qohumları dalbadal dünyalarını dəyişdilər: Anamın xalası oğlanları, maması oğlanları, 1995-də bir, 1996-da o biri xalam, 1997-də dayım, 1998-də anam, 2000-ci ildə kiçik xalam.... Hamısı da ürək tutmasından, Şuşa xiffəti ilə.

Anam ixtisasca akuşerka idi. Nə qədər ki, biz kiçik idik anam işləmədi, bizim tərbiyəmizlə məşğul oldu. Amma ona heç evdar qadın demək olmazdı. Çox fəal, geniş dünyagörüşünə malik qadın idi. Sonralar işlədi, amma öz ixtisası üzrə yox. Tikiş fabrikində çalışırdı, 20 il orada sex rəisi olub. Nəvələri doğulandan sonra anam daha işləmədi, təqaüdə çıxdı və ömrünün qalan hissəsini nəvələrinin böyüməsinə sərf etdi.

- Sonuncu dəfə nə zaman olmudşu Şuşada?

- 1987-ci ildə. Babamın evi Şuşanın Çölqala məhəlləsində idi. Qala divarlarına çox yaxın yerləşirdi. Anam yayda çox vaxt Şuşaya gedərdi. Şuşaya getməyəndə isə nəvələri ilə Şüvəlanda Yazıçıların Yaradıcılıq Evində dincələrdi. 1987-ci ildə sanki onu nəsə Şuşaya dartıb aparırdı, israrla ora getmək istəyirdi. Bacılarını da yığdı getdilər Şuşaya. Doyunca gəzmişdilər. Onlar qayıdandan bir neçə ay sonra Qarabağda gərginlik başladı. Anam təəccüblənirdi, deyirdi, axı biz orda olanda heç bir narahatlıq hiss etmədik, sakitçilik idi, hətta ermənilərin yaşadığı kəndə də səfər etdik, bizi mehribancasına qarşıladılar, hələ bir süfrə də açdılar bizə.Sən demə atldan-altdan məkrli planlarını həyata keçirməyə hazırlaşırmışlar. Yazıq anam, elə Şuşa deyə-deyə də dünyadan köçdü.

Mən özüm də inanmırdım ki, zaman gələcək və mən Şuşanı gedib görə bilərəm. Əmin idim ki, zəbt olunmuş torpaqları nə vaxtsa qaytaracayıq, amma özümün bu fantastik qələbəni görməyi, bu sevinci yaşamağı ağlıma gətirmirdim. Demə Allah bu qisməti də taleyimə yazıbmış. Şuşanı, Ağdamı, Füzulini görmək qismətimdəymiş.

“Şuşaya gedəndə qardaşım dedi ki, get o yeri tap, oradan mənə zəng elə”

- Şuşaya necə getdiniz?

- Ötən ilin senytyabr ayında vətəndaş cəmiyyətinin bir dəstə nümayəndəsi ilə Şuşaya getməyi mənə təklif edəndə sevincimdən gecəni səhərə kimi yatmadım. Yola çıxanda da çox həyəcanlı idim, inana bilmirdim ki, 29 illik ayrılıqdan sonra qədəmlərim yenidən doğma torpağa dəyəcək. Zəfər yolundan Şuşaya yaxınlaşanda, qala görünəndə (Kövrəlir)...

Çox xatirələr canlandı içimdə, dünyadan Şuşa həsrəti ilə köçən bütün yaxınlarımı, əziz anamı düşündüm. Şuşa həsrəti ilə illərlə qürbətdə yaşayan, Azərbaycana uzun ayrlıqdan sonra gələ bilən, amma Şuşanı görə bilməyən böyük dayım Kamil yadıma düşdü. Kamil dayım İkinci Dünya savaşı zamanı 18 yaşında ikən Şuşadan cəbhəyə aparılmışdı. Müharibədə əsir düşmüş, konslager dəhşətlərini yaşamışdı. Doğmaları onu itkin hesab edirdilər. Sən demə əsirlikdən azad olandan sonra Vətənə qayıtmaqdan çəkinib, bilib ki, orada onu Sibirə sürgünlük gözləyir. Bir xeyli zaman Türkiyədə yaşayandan sonda ABŞ-a gedib və Nyu-Cersi şəhərində məskunlaşıb. Yaziq, çox məşəqqətli həyat yaşayıb, çox əziyyətlərdən keçib, amma dik ayaqüstə durmağı bacarıb, özünə firavan həyat qura bilib. 1971-ci ildə xoşbəxt təsadüf nəticəsində sorağı oradan gəldi. Yadımdadır anamla telefonla danışmağı, anamın göz yaşları, qəhəri, sevinci... 70-ci illərdə kiçik xalam Amerikaya gedib onunla görüşə bilmişdi. Dayım ondan İsa bulağından su və Şuşadan torpaq gətirməyi xahiş etmişdi. Şuşaya gedib doğma el-obasını görmək arzusu ilə yaşayırdı. 1993-cü ilin yayında Azərbaycana gələ bildi, lakin Şuşaya getmək ona nəsib olmadı, artıq Şuşa işğal altında idi. Kamil dayım arzusu ürəyindəcə Amerikada vəfat etdi.

- Qoyub gəldiyiniz Şuşada nə tapdınız, nələri tapmadınız?

- Doğmalarımı tapmadım. Anamın doğulduğu, yaşadığı Çölqala məhləsindəki ikimərtəbəli evi tapmadım. Məhəlləni tamam dağıdıblar, bircə türmə binasını saxlayıblar.

Cıdır düzündə anamla, doğmalarımla çəkdirdiyimiz uşaqlıq fotolarımız vardı. Şuşaya gedəndə qardaşım dedi ki, get o foto çəkdirdiyimiz yeri tap və oradan mənə zəng elə. Xahişə bax da... Sən gör 29 il ərzində içimizdə nə qədər həsrət yaşatmışıq. Nə isə, gedib tapdım o yeri, o məkanı.

Cıdır düzünü ziyarət etmək, o məkanı həyəcansız gəzmək mümkün deyil. Cıdır düzü qəhrəmanlar oylağıdır. Şanlı ordumuzun əsgərləri həmin məkandan keçərək, sıldırımlı qayaları dəf edərək qanları, canları bahasına Şuşamızı azad ediblər. Hər daşın, hər qayanın dibində onların qan izləri var. Mən Cıdır düzünü ayaqyalın gəzdim, başdan-başa tək-tənha gəzdim. Allaha çox yaxın idim orada, şükranlıqla səhid balalarımızı anıb içimdə dualar oxudum. Allaha şükür elədim ki, Şuşa həsrəti ilə dünyadan köçən anamın, doğmalarımın yerinə Şuşaya gələ bildim. Bilirsiniz, iç dünyamla hiss edirdim ki, onların ruhu oradadır, məni görürlər, sevinirlər... (Kövrəlir).

Bakıya qayıdanda gətirdiyim Şuşa torpağını onların məzarlarına səpib ruhlarını şad etdim. Qayıdanda bacı-qardaşıma, xalam qızı Gülnaza da Şuşanın torpağını və Xan qızı bulağından su gətirmişdim. Xalam qızının torpağı oxşayıb ağlamağını görəydiniz... Kaş onlara da qismət olaydı Şuşanı yenidən görmək.

Baxın, Şuşadan gətirdiyim sudan saxlamışam (Ayağa qalxır və dolabda saxladığı qrafini gətirir). Qızım Danimarkaya dönəndə ona verəcəm aparsın. Qoy evində Şuşanın bir parçası yaşasın. Bilmirəm ömür nə qədər vəfa edəcək. Qismət olsa onları da Şuşaya aparardım. Azad balacadı, amma Dənizin Şuşanı görməyini çox istəyirəm.

- Yaşayarsız Şuşada?

- Elə yaşayardım ki. İcazə versəydilər bir balaca daxma tikib qalardım orada. Oranın havasını ciyərlərimə çəkərək, saf suyunu içərək ömrüm uzanardı...

“Azərbaycana barmaq tuşlayırlarsa, mən bunu qəbul edə bilmərəm”

- Hüquq müdafiəsi sahəsində fəaliyyətinizə davam edirsiniz. İndi Sizin üçün əsas prioritetlər nələrdir?

- Adi iş rejimimiz var. Bilirsiniz ki, 20 ildən çoxdur ki, yaratdığımız Monitorinq Qrupunda bir neçə hüquq-müdafiə təşkilatımız birgə çalışır. Hətta pandemiyanın tüğyan etdiyi vaxtda da evdən işləmişik. Bizə istirahət yoxdur ki. Şikayətlərə, müraciətlərə baxırıq, onları lazımi ünvanalar çatdırmağa çalışırıq, aidiyyatlı qurumlarla, məmurlarla danışırıq. Etiraf etməliyəm ki, işləməyin çətin olduğu anlar olub. Bəzi məmurların qapısını döymək çətin olsa da, sona kimi gedirik. Amma, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi kimi dövlət qurumları dialoqa açıqdırlar, onlarla işləmək, müraciətləri operativ həll etmək asandır. Yəni hər bizə müraciət edən vətəndaşın problemini qısa vaxt ərzində həll etməyə çalışırıq. Amma elə məmurlar da var ki, ələlxüsus da icra hakimiyyətləri ilə bağlı, onlarla işləmək çətindir. Ya gərək dəfələrlə müraciət edəsən, ya durub gedəsən hüzurlarına. İndi daha çox qazilərin problemləri ilə məşğuluq. Onların müraciətlərini həll etməyə çalışırıq.

- Müəyyən hallarda mübahisələrə səbəb olan məhkumların problemlərinin həlli istiqamətində də fəaliyyət göstərmisiniz. Bu sahədə vəziyyət necədi? Qarşınızda duran əsas hədəf nədir?

- Haqlısınız. Qeyd edim ki, bir çox məhkumların azadlığa buraxılmasında bizim rolumuz olub. Hər dəfə əfv sərəncamları hazırlananda müraciətlərimiz nəzərə alınır, təqdim etdiyimiz siyahılardan 30-40 nəfər azadlığa çıxır. Sevindirici hal idi ki, sonuncu əfv fərmanı ilə illərlə bizim siyahılarda adı olan ömürlük məhkum Şəmsi Səmədzadə azadlığa buraxıldı.

- Uzun illərdir azadlığa buraxılmasını istədiyiniz başqa ömürlük məhkumlar da var.

- Bəli. Ömürlük cəzaya məhkum olunan - “OMON”a, “Qaranquş” batalyonuna aid olan təxmini 7 nəfər var. Çalışırıq ki, onların da işini asanlaşdıraq. Bu insanlar 30 ilə yaxındır, 1996-cı ildən həbsdədirlər.

Ümumiyyətlə, insan haqları ilə bağlı yaranan hər bir problemi nə qədər çətin də olsa ölkə daxilində həll etməyə çalışmalıyıq. Problemsiz ölkə yoxdur. Bu gün dünyadakı təlatümə baxın, dünya dağılır sanki. Avropanın özündə nələr baş verir? Elə bir ölkə varmı ki, orda problem olmasın? Ukraynada gedən müharibə bu problemləri daha da dərinləşdirdi. Ona görə də Azərbaycana barmaq tuşlayıb problemlərin olduğunu deyirlərsə, mən bunu qəbul edə bilmərəm. Qoy hərə öz ölkəsinə baxsın. Biz də nə qədər canımızda can var çalışaq ölkəmizi daha cazibəli, daha gözəl edək.

- 75 ildə çoxsaylı tarixi hadisələrə şahid oldunuz. Ən çox nələr qalıb yadınızda?

- Çox, çox şeylər gördüm, sadalamaqla bitməz... Stalin dövrünün qara kürüsüdən tutmuş müxtəlif təmiz ərzaqlarla dolu dükanları ilə yanaşı o dövrün yaşatdığı acıların, insanların içindəki qorxunun, vahimənin, ehtiyatla davranmağın şahidi olmuşam. Xruşşov dövrünün çörək qıtlığını yaşamışam. Brejnevin talonla yaşadığımız illərini görmüşəm. Adambaşına yarım kilo yağ, iki kilo donmuş ət aldığımız illər olub. Qorbaçovun “perestroyka”sının şahidi olmuşam, qanlı 20 Yanvar hadislərini, meydan hərəkatını yaşamışam, torpaqlarımızın işğalına acımışam, qaytarılması ümidilə yaşamışam. Şükürlər olsun, Vətənin müstəqilliyinin əldə olunmasını, üçrəngli müqəddəs bayrağımızın təntənəsini gördüm. Göydə Allah, yerdə igid Azərbaycan əsgərləri 44 günlük müharibənin nəticəsi kimi bizə fantastik bir qələbə yaşatdılar. Zəbt edilmiş torpaqlarımızın, ana yurdum Şuşanın azadlığının sevinci, Şuşanın küçələrində gəzmək, Çölqala məhləmizə baş çəkmək mənə qismət oldu.

Ailəm, doğmalarım ən böyük qazancımdır. Var olsunlar, çətin günümdə də, şad günümdə də yanımda olublar, məni tək buraxmayıblar, güvəncimdirlər. Yaxşıdan yaxşı olan, etibarlı, vəfalı dostlar qazandım. Zaman sübut elədi ki, onların mənə olan sevgisi boğazdan yuxarı sevgi deyil, səmimi, ürəkdən gələn sevgidir. Heç vaxt rəfiqə, “podruqa” sözünü sevməmişəm, dost sözünü sevmişəm. Orta məktəbdən, ali məktəbdən olan dostlarımla indiyə kimi münasibətimiz var. Dostluğumuz ailəvi dostuğa keçib. Hüquq müdafiəçiləri isə mənim dostlarım yox, bacı-qardaşlarımdır. Birgə çətin işimiz bizi o qədər bir-birimizə bağladı ki, o insanlar mənə dostdan da əzizdirlər. Bir də bizim peşəkar, vicdanlı jurnalistləimizi çox sevirəm. Sağ olsunlar, onlarsız bizim gördüyümüz iş alayarımçıq olardı. Problemlərin həllində hər zaman onların dəstəyini hiss etmişik.

75-in sevincini də, acısını da, sevgisini də, nifrətini də, uğurunu da, uğursuzluğu da, itkisini də yaşadım, püxtələşdim, müdrikləşdim... İşıqlı, mehriban insanların əhatısində böyüyərək onlardan həyat dərsləri aldım, adam olmağı öyrəndim. Etibarlı, vəfalı, ən çətin günlərimdə dayaq olan dostlar tapdım. Ailəmin, doğmalarımın sevgisinə sığındım. Fəxarətim olan iki övlad böyütdüm, iki nəvə sahibi oldum. Bir sözlə, iç dünyamı gözəlliklərlə doldurdum. Yola davam!

- Bəs ən böyük arzunuz?

- Arzulayıram ki, Xankəndiyə, Xocalıya da gedək. Çox istəyirəm ki, uşaqlıqda getdiyimiz kimi Ağdamdan, Xankəndini keçərək Şuşaya qalxam. Həm Zəfər yoluyla, həm də o keçmişdə getdiyimiz yolla gedək. Zəngəzur dəhlizi ilə Naxçıvana, Ordubada, ata yurduma gedəm. Bir sözlə, bütün bu işlər bizi gözləyir. Mən də məqsədlərimizə çatmaq üçün var gücümlə kömək etməyə hazıram.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR