Sertifikatlaşdırmada ilk olaraq 11 min ibtidai sinif müəlliminin iştirakı gözlənilir

Sertifikatlaşdırmada ilk olaraq 11 min ibtidai sinif müəlliminin iştirakı gözlənilir
# 12 may 2022 12:22 (UTC +04:00)

“2014-cü ildən müəllimlərin və təhsilverənlərin bilik və bacarıqlarının yoxlanılmasına başlanılıb. 140 minə yaxın təhsilverən bu prosesə qoşulub”.

APA xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.

Onun sözlərinə görə, 2018-ci ildən isə yeni qiymətləndirməyə ehtiyac yaranıb: “Bu səbəbdən təhsilverənlərin sertifikatlaşdırılması Təhsil haqqında qanuna əlavə edilib və 2020-ci ilin əvvəlində qaydalar Nazirlər Kabineti tərəfindən qəbul olunub. Bu prosesə 2020-ci ildə başlamaq istəsək də, karantin qaydaları bu prosesə mane olub. Son aylarda yumşalmalar artıq bu prosesə başlamağa icazə verir. Bu səbəbdən Sertifikatlaşdırma şurasının qərarına görə iyundan prosesə başlanılacaq və avqustdan test imtahanını keçirməyi başlamaq fikrindəyik. İlkin mərhələdə 11 min ibtidai sinif müəlliminin iştirakı nəzərdə tutulur”.

Təhsil İnstitutunun direktoru Rüfət Əzizov isə bildirib ki, müəllimlərin sertifikatlaşdırılması imtahanı 60 sualdan ibarət olacaq. 40-ı fənn bacarıqlarının ölçülməsi və 20-si isə metodiki bacarıqlarla bağlı olacaq:

"Hər sual 1 balla qiymətləndiriləcək. Həm test, həm də müsahibə mərhələsindən 50 faiz keçən müəllim sertifikasiyadan keçmiş hesab ediləcək. Səhv cavaba və cavablandırılmayan suala görə 0 bal veriləcək. Səhv cavablar düzgün cavablara təsir etməyəcək”.

Rüfət Əzizov deyib ki, ibtidai təhsil gələcək nailiyyətlərə təsir edəcək bilik və bacarıqları formalaşdırır:

"Eyni zamanda müəyyən tədqiqatlar onu deməyə əsas verir ki, dinləyib-anlama, oxuyub-anlama, riyazi mülahizələr yürütmənin daha yaxşı formalaşmasına ehtiyac var. Bu isə ibtidai siniflərdən başlayır. Bu baxımdan sertifikatlaşdırmaya ilk olaraq ibtidai sinif müəllimlərindən başlanılacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR