Şirvanda məcburi köçkünlər üçün yeni qəsəbə salınır - FOTO - VİDEO

Şirvanda məcburi köçkünlər üçün yeni qəsəbə salınır  - FOTO - VİDEO
# 17 avqust 2019 12:44 (UTC +04:00)

Ölkə Prezidentinin sərəncamına uyğun olaraq, Şirvanda məcburi köçkün ailələri üçün sosial-texniki infrastrukturu olan yeni yaşayış qəsəbəsində son tamamlama işləri aparılır.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, şəhərin 10 hektar ərazisində 685 məcburi köçkün ailəsi üçün 13 ədəd 9 mərtəbəli 2 girişli binalar və əhalinin qəsəbədə komfort yaşaması üçün bütün infrastruktur tikililər inşa edilib.

Layihə rəhbəri Əyyam Hüseynovun bildirdiyinə görə, məcburi köçkünlərin məskunlaşması üçün 2019-cu ilin yanvar ayında Şirvan şəhərində qəsəbədə məktəb, uşaq bağçası və digər köməkçi tikintilərin inşasına başlanılıb. Hazırda tikinti tamamlama ərəfəsindədir, yaşıllıqlar və yol örtükləri salınıb. Yaxın zamanda qəsəbə vətəndaşların ixtiyarına veriləcək.

Qəsəbənin ərazisində 540 şagird yerlik məktəb, 140 yerlik uşaq bağçası, klub-icma mərkəzi, tibb məntəqəsi, ATS üçün inzibati bina tikilib. Eyni vaxtda qəsəbədə isitmə sistemi olan mərkəzi qazanxana, 4 ədəd su anbarı, o cümlədən 2 yanğından mühafizə və 2 içməli su anbarında işlər yekunlaşıb. Qəsəbəyə gələn 1,7 kilometrlik yolun inşasında da yekun işlər yerinə yetirilir.

İşlərin tez və keyfiyyətlə aparılması üçün inşaat işlərinə 17 şirkət, 600-dən çox işçi qüvvəsi, 100-ə qədər texnika cəlb olunub. Qəsəbənin dayanıqlı elektrik enerjisi ilə təminatı üçün 35/6/04 kilovoltluq yarımstansiya, 10 kilometrlik yüksək gərginlikli xətlər və istilik sisteminin təminatı üçün qaz xətləri çəkilib.

Ümumiyyətlə, qəsəbədə sakinlərinin rahat yaşamaları və istirahəti üçün bütün lazımı şərait yaradılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2001-ci ildən başlayaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlərin həyata keçirilməsinə vəsait ayırır. Bu dövr ərzində ARDNF-nin vəsaiti hesabına 37 rayon və şəhər ərazisində o cümlədən Naxçıvan Muxtar respublikası ərazisində qaçqın və məcburi köçkünlər üçün hündürmərtəbəli binaların, fərdi yaşayış evlərinin, sosial-mədəni, infrastruktur və digər obyektlərin tikintisi həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR