Siyəzəndə səmt qazının yığılması məqsədi ilə quraşdırılmış kompressor stansiyalarının açılışı olub

Siyəzəndə səmt qazının yığılması məqsədi ilə quraşdırılmış kompressor stansiyalarının açılışı olub
# 23 sentyabr 2019 12:52 (UTC +04:00)

Sentyabrın 23-də Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycanda onşor neft quyularından metan emissiyalarını 20 faizədək azaltmaq üçün səmt qazının yığımı üzrə yeni müasir texnologiyanı quraşdırmaqla iqlim dəyişikliyi ilə mübarizədə öz müştərək layihələrindəki hadisəni qeyd ediblər.

APA xəbər verir ki, tədbirdə BMTİP-nin Rezident Nümayəndəsi Alessandro Frakassetti, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev iştirak ediblər.

Siyəzəndəki neft yataqlarında quraşdırılan yeni qabaqcıl kompressorlar və ayırma qurğuları xam neftdən səmt qazını yığmağa və onu Azərbaycanın şimalında Siyəzən rayonunda təxminən 15 kənddəki son istehlakçılara paylamağa kömək edəcək. Hesablamalara görə, əvvəllər təmiz yanacağa çıxış imkanı olmayan 600-dan çox ailə və 1250 fərd bilavasitə bu proqramdan yararlanacaq. Əvvəllər atmosferə buraxılan 7 milyon kub metr qaz, o cümlədən 4.6 milyon m3 metan indi onların evlərinə çatdırılacaq.

Tədbirdə bildirilib ki, bu günə kimi bu işlərin görülməsinə Qlobal Ətraf Mühit Fondunun maliyyə dəstəyi ilə 1 milyon dollar məbləğində vəsait yatırılıb ki, bu da BMT-nin Inkişaf Proqramının 2016-cı ildən bəri ARDNŞ ilə birgə Azərbaycanda həyata keçirdiyi Milli Fəaliyyət Planları (NAMA) layihəsi çərçivəsində reallaşıb.

Siyəzəndə baş tutan açılış mərasimində BMTİP-nin Rezident Nümayəndəsi Alessandro Frakassetti və SOCAR-ın Prezidenti Rövnəq Abdullayev yeni qaz yığımı avadanlığını istismara buraxmaq üçün simvolik start düyməni basıblar.

Tədbirdə açılış nitqi ilə çıxış edən Frakassetti bildirib ki, istixana qaz emissiyaları bu gün dünyanın bir çox ölkələrində, o cümlədən, iqtisadiyyatın enerji ehtiyatlarına söykəndiyi Azərbaycan kimi bir ölkədə ciddi təhlükədir: "Bu gün quraşdırılan müasir avadanlıqlar istixana qaz emissiyalarını kifayət qədər azaltmaq, eyni zamanda Azərbaycanın əyalətlərində həssas icmaları təmiz yanacaqla təchiz etmək potensialına malikdir. Biz inanırıq ki, maksimum təsiri təmin etmək üçün belə layihələrə dəstək göstərilməli və onların tətbiq dairəsi genişləndirilməlidir”.

O qeyd edib ki, BMT-nin İqlim Məsələləri üzrə bu ilki zirvə toplantısı bu gün Nyu-Yorkda öz işinə başlayır: "Bununla əlaqədar ölkələrin neft hasilatı ilə bağlı Paris Sazişi üzrə öz üzərlərinə götürdükləri öhdəliyin əsas özəyi kimi neft və qaz sənayesində metan emissiyalarını aradan qaldırmaq üçün təsirli tədbirlərin görülməsi tələb olunur.

Sənaye mütəxəssislərinə və ekoloqlara xam neftlə yanaşı hasil olunan təbii qazın bir növü olaraq səmt qazı kimi məlum olmaqla, metan qazı havaya buraxıldıqda ətraf-mühitə mənfi təsir göstərdiyi üçün çox vaxt arzuolunmaz məhsul hesab edilir. Bu, həmçinin metanın qiymətli yanacaq mənbəyi olaraq havaya buraxılıb israf edildiyi səbəbindən də baş verir. Siyəzəndə, Azərbaycanın şimal hissəsində bəzi yüksək ərazilərdə 2000 hektarlıq sıx meşəliklərə doğru uzanan neft çıxarma sahələrində tərkibində 80 faiz metan olan səmt qazı illər boyu yığılmamış qalıb, buna görə də metanın havaya uçması və emissiyası bu gün artmaqda olan bir problemdir. Hər gün atmosferə buxarlanan 20,000 kub metr qaz ildə 7 milyon kub metr qaz itkisi ilə nəticələnir. Eyni zamanda, Siyəzənin ətraf kəndlərindəki ailələrdə qaz təchizatı yoxdur və qaz olmadığı təqdirdə, qida hazırlama, isitmə və digər məişət ehtiyacları üçün ağ neftdən, kömürdən və meşələrdən daşınan odundan istifadə olunur".

Qeyd edilib ki, BMTİP-GEF layihəsi çərçivəsində Siyəzəndə quraşdırılan və səmt qazının toplanmasına xidmət edən yeni texnologiyaların ətraf mühitə daha böyük fayda verəcəyi, o cümlədən, təbii qaz mövcud olmadıqda isitmə və qida hazırlama üçün icmaların odundan asılılığını səbəbindən meşələrin qırılması hallarını azaldacağı gözlənilir.

Spesifik vəzifəsi SOCAR-ın İqlim Dəyişikliyinin Təsirlərinin Azaldılması Strategiyasını dəstəkləməkdən ibarət olan NAMA layihəsinin 3-cü komponenti çərçivəsində SOCAR-ın “Siyəzənneft” NQÇİ-nin Zağlı-Zeyvə yatağı pilot ərazi olaraq seçilib və burada səmt qazının yığılması məqsədilə birgə işlər görülüb. Ərazidəki 3 qaz yığım məntəqəsində yeni kompressor və separator avadanlıqları, soyuducu sistemlər və onlayn nəzarət sistemi quraşdırılıb, ümumi uzunluğu 32 km olan əsas qaz boru xətti çəkilib. 2 il ərzində davam etmiş layihənin icrası nəticəsində ildə 6,8 milyon m3 səmt qazının yığılması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR