SN: Uşaqlar arasında "influenza” virusu artır

Səhiyyə Nazirliyi

© APA | Səhiyyə Nazirliyi

# 10 yanvar 2022 12:37 (UTC +04:00)

“COVID-19-un uşaqlar arasında yayılması ştamların müxtəlifliyinə görə dəyişir. COVID-19-un “alfa” ştamını biz daha kiçik yaşlı uşaqlarda rast gəldiyimiz halda, “delta” ştamı 10 yaş və üzəri uşaqlarda daha çox müşahidə edildi”.

APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Əkbər Quliyev deyib.

O bildirib ki, böyüklərdə olduğu kimi, əsas xroniki xəstəliyi, allergik bronxiti olanlar, immunosupressiv dərmanlardan istifadə edənlər, xərçəng və revmatoloji xəstəlikdən əziyyət çəkən uşaqlarda ağır COVID-19 riski yüksəkdir: “COVID-19-un əlamətləri qriplə çox bənzəyir. Çünki hər iki xəstəlik boğaz ağrısı, hərarət, yorğunluq, quru öskürək kimi əlamətlər verir və ötürülmə yolu eynidir. Bəzən uşaqlarda xəstəlik zamanı olan səpkilər valideynləri narahat edir və COVID-19 əlaməti hesab olunur. Səpkilər çox vaxt virus xəstəliklərinin əlamətlərindən biri kimi meydana gəlir. Respirator simptomlardan sonra meydana gəlir, ona görə də diaqnoz qoymaq üçün səpkiyə istinad etmək heç də yaxşı seçim deyil. Oxşar əlamətləri fərqləndirməyin ən doğru yolu PZR yaxma üsuludur”.

Ə. Quliyev deyib ki, son günlər uşaqlar arasında yayılan xəstəlik "influenza” virusudur: “Bu, dekabrın əvvəlindən daha çox müşahidə olunmağa başlayıb və artmağa davam edir. Virus kiçik körpələrə və 0-5 yaş qrupu uşaqlara daha çox təsir edir. Çox ağır bronxitə səbəb olur. Hazırda uşaqlar arasında COVID-19-dan daha çox qarşılaşdığımız virus qrupu budur. Uşaqlar xəstələndiyi halda vaxtında həkimə müraciət etmək lazımdır. Hətta xəstəliyin ilkin simptomlarında mütləq həkimlə məsləhət edilməlidir.

Uşaqlar məktəblərdə maska, məsafə və təmizlik qaydasına ciddi diqqət yetirməlidirlər. Bu məqamda həm müəllimlərin, həm də ailələrin üzərinə öhdəlik düşür. Bundan əlavə, risk qrupunda olan, məsələn, ürək çatışmazlığı, şəkərli diabet, immun sistemi çatışmazlığı, xroniki ağciyər xəstəliyi olan uşaqlar dərhal qrip peyvəndi almalıdırlar.

Qrip mövsümünün başlamasına 15 gün qalmış qripə qarşı peyvəndin alınması daha faydalıdır”.

Həkim bildirib ki, virus xəstəliklərinin müalicəsi əsasən simptomatik təyin edilir: “Hərarət salıcı dərmanlar, bol maye qəbulu tövsiyə olunur. Ancaq risk qrupundakı uşaqlar və risk qrupunda olmayıb, amma xəstəliyin daha ağır seyrinin görüldüyü xəstələrdə qrip virusuna təsir edən dərmanların istifadəsi lazımdır. Unutmamalıyıq ki, antibiotik hərarət salıcı deyil. Antibiotik bakterial infeksiya varsa və təyinata göstəriş varsa, qəbul olunmalıdır. Bu cür vəziyyətlərdə mütləq həkimə müraciət edilməlidir və müalicə yalnız mütəxəssis tövsiyəsi ilə aparılmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR