Soltan Məmmədov: Təqaüd və müavinətlərin artırılması vətəndaşların rifahına bilavasitə təsir göstərəcək

Soltan Məmmədov,  Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü

© APA | Soltan Məmmədov, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü

# 13 yanvar 2023 15:16 (UTC +04:00)

“Prezident İlham Əliyevin imzaladığı yeni fərman və sərəncamlar bir daha göstərir ki, vətəndaşların sosial müdafiəsi, rifahının yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətidir. Hesab edirəm ki, şəhid ailələrinə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə və digər vətəndaşlara verilən təqaüd və müavinətlərin artırılması Azərbaycanda həyata keçirilən sosial islahatların davamlı və ardıcıl xarakter daşıdığını göstərir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Soltan Məmmədov deyib.

Deputat vurğulayıb ki, dövlət başçısının imzaladığı fərman və sərəncamlar ümumilikdə 660 min nəfərə yönələn sosial ödənişlərin artırılmasını təmin etməyə imkan verəcək. Onun fikrincə, şəhid ailəsi üçün Prezident təqaüdünün, eləcə də əlilliyi müəyyən edilmiş şəxslərə Prezidentin aylıq təqaüdünün artırılması, eləcə də digər artımlar vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına xidmət edir: “Bu il ərzində yeni sosial islahat paketi üzrə sosial ödənişlərdə 1,9 milyon vətəndaşı əhatə edən növbəti artımlar planlaşdırılırdı. Bunun üçün 750 milyon manat vəsait nəzərdə tutulub. Bu, kifayət qədər ciddi bir rəqəmdir. Xüsusilə də ona görə ki, Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı tarixi bir missiyanı öz gücünə, heç bir kənar yardım almadan həyata keçirir”.

Soltan Məmmədov qeyd edib ki, son illərdə Azərbaycanda həyata keçirilən sosial islahatların əsas hədəfi həssas kateqoriyadan olan vətəndaşların sosial müdafiəsini gücləndirməyə nail olmaqdır. O qeyd edib ki, yeni sosial islahatlar paketi daha çox insanı əhatə edir ki, bu da onun əhəmiyyətini artıran əsas amillərdən biridir: “İmzalanan fərman və sərəncamlar əməkhaqqı, minimum əməkhaqqının məbləğinə, dövlət sektorunda çalışan insanların sosial müdafiəsinə, pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı alan vətəndaşların rifahına bilavasitə təsir göstərəcək. Yəni əsas məqsəd cəmiyyətin bütün təbəqələrini əhatə etmək, onların daha yaxşı yaşaması üçün imkanlar yaratmaqdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR