SOS: Ermənistanın Vedi çayı üzərində tikdiyi su anbarı Arazda suyun səviyyəsinin kəskin azalmasına səbəb olacaq

Araz çayı

© APA | Araz çayı

# 02 noyabr 2022 16:30 (UTC +04:00)

Ermənistan 2023-cü ildə Vedi çayı üzərində su anbarının tikintisini yekunlaşdıracaq. Anbarın tutumu 32 milyon kubmetrdir. Bu layihənin icrası üçün Fransa İnkişaf Agentliyi Ermənistana 20 milyon avro kredit verib.

Məsələ ilə bağlı APA-ya açıqlama verən Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov bildirib ki, Vedi çayının transsərhəd çayı olan Arazı qidalandıran əsas mənbələrdən biri olduğunu nəzərə alsaq, belə bir layihənin icrası regionun su təhlükəsizliyi üçün risk yaradır.

Onun sözlərinə görə, xüsusən anbarın doldurulması zamanı Araz çayında suyun kəskin azalması müşahidə edilə bilər: "Anbarın su tutumu kifayət qədər böyükdür. Bu səbəbdən Arazın həm hidroloji rejiminə, həm də ekoloji vəziyyətinə mənfi təsir göstərəcək. Həmçinin digər region ölkələri kimi Azərbaycana axan içməli su azalacaq, su qıtlığı təhlükəsi artacaq. Bununla bağlı təbii ki, beynəlxalq təşkilatlara müraciət etmək olar, lakin baxan yoxdur. Bildiyiniz kimi, Ermənistanın işğaldan azad olunan ərazilərimizdəki çaylarımızı zəhərləməsi ilə bağlı daha öncə müxtəlif qurumlara müraciət olunmuşdu. Heç bir nəticəsi olmadı. Bu gün beynəlxalq qanunlar işləmir. Digər tərəfdən də İran Qaraçay üzərində xeyli bəndlər tikib. Bu da çayın hidroloji rejiminə xeyli zərər vurur".

Bakı Dövlət Universitetinin professoru, coğrafiya elmləri doktoru Çingiz İsmayılov isə APA-ya açıqlamasında bildirib ki, transsərhəd çayların su ehtiyatlarının idarə edilməsi dövlətlərarası razılaşma əsasında olmalıdır.

“Araz transsərhəd çaydır. Bir neçə ölkənin ərazisindən keçir. Əlbəttə ki, biz beynəlxalq təşkilatlara müraciət edib, bu məsələni gündəliyə salmalıyıq. Çünki bu, Azərbaycanın maraqlarına toxunur. Xüsusən, istiləşmə dövründə su qıtlığı daha kəskin problemə çevrilir. Su anbarının doldurulması dövründə bu qıtlıq 100 faiz özünü biruzə verəcək. Hesab edirəm ki, bu məsələni beynəlxalq qurumlar qarşısında qaldırmaq lazımdır. Anbarın tikilməsi qrunt sularının səviyyəsinə, mikroiqlimin dəyişməsinə təsir edəcək. Bu, çox ciddi məsələdir. Xüsusən düzən yerlərdə su anbarlarının yaradılması böyük fəsadlara səbəb olur. Ətraf ərazilərdə bataqlıqlaşma baş verir”, - deyə o qeyd edib.

Professor onu da əlavə edib ki, Ermənistan tərəfindən Araz çayı və onun qollarına daim tullantılar, sənaye müəssislərindən çirkab suları, normadan artıq ağır metallarla zəngin su axıdılır: “Əlbəttə ki, bu istiqamətdə monitorinqlər aparılmalıdırlar. Bizdə bir şey olanda ermənilər hər yerə car çəkirlər. Biz də bunu etməliyik. Azərbaycan 2015-ci ildə davamlı inkişafın 17 məqsədinə uyğun olaraq beynəlxalq sənədə imza atıb. Mütəmadi olaraq hesabatlar hazırlayırıq. Davamlı inkişaf da 3 əsas sütunun üzərindədir: iqtisadi, sosial və ekoloji.

Ekoloji cəhətdən biz qapalı məkanda deyilik. Azərbaycanda baş verən proseslər kənara təsir etdiyi kimi, çevrəmizdə baş verən ekoloji pozuntular da bizə öz təsirini göstərir. Xüsusən də çaylarla bağlı. Çünki qonşularımızın ərazisindən axan bəzi çaylar sonda bizim ərazidən keçərək Xəzərə tökülür. Bizdə bu fəsadlar daha qabarıq şəkildə özünü göstərir. Ona görə, suyun həcminin, keyfiyyətinin dəyişməsinə nəzarət etməliyik”.

Qeyd edək ki, Ermənistan region ölkələri üçün həm içməli su, həm də suvarma mənbəyi rolu oynayan Araz çayına qarşı illərdir, ekoloji terror törədir. Araz çayına tökülən Oxçu çayı Ermənistan ərazisindəki sənaye müəssislərindən axıdılan normadan dəfələrlə artıq ağır metallarla zəngin çirkab suları ilə çirkləndirilir.

Bundan başqa, Ermənistanın 30 il işğal altında saxladığı Azərbaycan ərazilərində törədiyi əməllər ekoloji fəlakətə yol açıb, həmin ərazilərin heyvan və bitki aləminə ölümcül yaralar vurulub, bunun nəticəsində bütöv meşə massivləri yer üzündən silib, çaylar quruyub, nadir heyvan və bitki növlərinin kökü kəsilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR