Strateji ekoloji qiymətləndirmənin aparılması Qaydası təsdiq edilib

Strateji ekoloji qiymətləndirmənin aparılması Qaydası təsdiq edilib
# 17 sentyabr 2022 13:29 (UTC +04:00)

Strateji ekoloji qiymətləndirmənin aparılması Qaydası” təsdiq edilib.

APA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qaydaya əsasən, Strateji ekoloji qiymətləndirməsi (SEQ) sahəsində dövlət nəzarəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi (Nazirlik) tərəfindən həyata keçirilir.
SEQ sahəsində ictimai nəzarət fiziki şəxslər və vətəndaş cəmiyyəti institutlarının (qeyri-hökumət təşkilatlarının) təşəbbüsü ilə təşkil olunur və həyata keçirilir.
SEQ strateji sənədlərin hazırlanması mərhələsində planlaşdırıcı orqan tərəfindən aparılır.
SEQ ətraf mühitə və insan sağlamlığına potensial təsirlərin aşkarlanması, mümkün zərərli ekoloji təsirlərin qarşısının alınması və ətraf mühitdən səmərəli istifadənin təmin edilməsi məqsədilə aparılır.
SEQ sənədi ən azı 3 (üç) ətraf mühitə təsirin qiymətləndirilməsi ƏMTQ üzrə qiymətləndirici tərəfindən hazırlanır. Bu zaman planlaşdırıcı orqanla ƏMTQ üzrə təşkilat arasında münasibətlər, o cümlədən ödəniləcək xidmət haqqının məbləği tərəflər arasında bağlanmış müqavilə ilə tənzimlənir.
SEQ “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanuna uyğun olaraq aşağıdakı strateji sənədlərə tətbiq edilir:
-kənd təsərrüfatı, meşəçilik, balıqçılıq, enerji, sənaye, nəqliyyat, tullantıların və suyun idarə olunması, torpaq ehtiyatlarının istifadəsi, turizm və telekommunikasiya sahələri üzrə strateji sənədlərin layihələri və bu cür sənədlərdə düzəlişlərin layihələri;
-ərazi planlaşdırılması sənədlərinin layihələri və bu cür sənədlərdə düzəlişlərin layihələri;
- ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizlik sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq və konsessiya müqavilələrindən irəli gələn layihələr.
Fövqəladə hallar, dövlətin müdafiəsi, habelə maliyyə və büdcə məsələləri ilə bağlı strateji sənədlərə SEQ tətbiq edilmir.
SEQ aparılmış strateji sənədlərdə dəyişikliklər edilməsi zərurəti yarandıqda, planlaşdırıcı orqan həmin dəyişikliklərin mahiyyətini və həcmini nəzərə alaraq:
-planlaşdırılan düzəlişlər strateji sənəddə gələcəkdə ƏMTQ tələb etməyən və ətraf mühitə ciddi təsirlərə səbəb olmayacaq fəaliyyəti nəzərdə tutduğu halda, Nazirliklə razılaşdırmaqla SEQ-in aparılmamasına dair qərar qəbul edir. Bu halda mövcud SEQ sənədində müvafiq dəyişiklik edilir və Nazirliyin tabeliyində Dövlət Ekoloji Ekspertiza Agentliyinə (bundan sonra – Agentlik) məlumat üçün təqdim edilir;
-dəyişikliklərin edilməsi zərurəti ətraf mühitin mövcud vəziyyəti və ətraf mühitə təsir faktları üzrə riskin qiymətləndirilməsinin nəticələri əsasında yarandıqda, həmin dəyişikliklərin mahiyyəti və həcmindən asılı olaraq planlaşdırıcı orqan tərəfindən Nazirliklə razılaşdırmaqla onlara münasibətdə SEQ-in aparılması barədə qərar qəbul edildikdə, SEQ bu strateji sənədlərə münasibətdə bu Qaydaya uyğun olaraq bütövlükdə aparılır.
“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanunu qüvvəyə minənədək SEQ aparılmamış SEQ-in obyekti hesab edilən strateji sənədlərdə ƏMTQ tələb edən fəaliyyətlə bağlı dəyişikliklər edilməsi zərurəti yarandıqda, planlaşdırıcı orqan SEQ-in tətbiqi barədə qərar qəbul edir.
SEQ-in aparılması Agentliyə ilkin məsləhətləşmə üçün müraciət tarixindən başlanılır və ekoloji ekspertiza rəyinin verilməsi ilə başa çatır.
SEQ-in həyata keçirilmə mərhələləri aşağıdakılardır:
- strateji sənəd üzrə potensial təsirlərin həcminin (dairəsinin) müəyyən edilməsi və Agentliklə ilkin məsləhətləşmələrin aparılması;
- normativ hüquqi aktların tələblərinə uyğun olaraq mümkün təsirlərin təhlili və qiymətləndirilməsi;
- nəticələr üzrə ətraf mühitin mühafizəsi tədbirlərinin müəyyən edilməsi;
- SEQ sənədinin tərtib edilməsi;
- ictimai dinləmələrin təşkili;
-planlaşdırıcı orqan tərəfindən nəticələr üzrə müvafiq yekun əsaslandırmanın hazırlanması;
-Nazirlik tərəfindən strateji sənədin təsdiq edilməsi;
-SEQ-in nəticələrinin monitorinqinin aparılması.
-Planlaşdırıcı orqan SEQ-in məzmununun, həcminin və metodlarının əvvəlcədən müəyyənləşdirilməsi, SEQ sənədinə daxil ediləcək məlumatların dolğunluğunun və düzgünlüyünün təmin edilməsi məqsədilə Agentliklə ilkin məsləhətləşmələr aparır.
İlkin məsləhətləşmələr planlaşdırıcı orqan tərəfindən strateji sənədin hazırlıq mərhələsində, planlaşdırma niyyətinin bildirilməsi və SEQ-in həcminin müəyyənləşdirilməsi barədə Agentliyə ərizə ilə müraciət edilməklə başlanılır.
Ərizəyə strateji sənədin təsvirinə dair məlumat (və ya strateji sənədin layihəsi) və SEQ həcminə dair ilkin sənəd əlavə edilərək, nəzərdən keçirilməsi və SEQ həcminin uyğunluğunun təsdiq edilməsi üçün Agentliyə təqdim edilir.
SEQ həcmi barədə sənədin layihəsinə aşağıdakılar daxil edilir:
-planlaşdırıcı orqan və SEQ-i həyata keçirən təşkilat barədə məlumat;
-təklif olunan strateji sənədin məqsədləri, həyata keçirilmə mərhələləri, ümumi təsviri (yerləşmə ərazisi (rayonu), miqyası, texniki-iqtisadi göstəriciləri və mahiyyəti);
- təklif olunan strateji sənədin digər mövcud və ya planlaşdırılan strateji sənədlərlə əlaqəsi və uzlaşması barədə məlumat;
- strateji sənəd üzrə təklif edilən ən azı iki alternativin (yer, texnoloji seçim, enerji mənbələri və s.) qısa təhlili;
- ətraf mühitə gözlənilən potensial təsirlərin həcmi (sxem və ya izahatla) və onların qiymətləndirilməsi üçün təklif olunmuş metodologiyalar;
- istinad olunan normativ hüquqi aktlar, qiymətləndirmənin məlumat bazası və məsul qurumlar;
- ətraf mühit və insan sağlamlığı sahəsində qarşıya qoyulan vəzifələr və yarana biləcək problemlər;
-SEQ sənədi hazırlayan şəxslərdən (mütəxəssislərdən) tələb olunan bilik və bacarıq sahələri.
Müraciət əsasında qiymətləndirmənin həcminə, məzmu- nuna və ya məlumat bazasına müvafiq əlavələr və ya düzəlişlər edilməsi zərurəti yarandıqda, bu barədə planlaşdırıcı orqana 5 (beş) iş günü müddətində məlumat verilir və müvafiq düzəlişlər edildikdən sonra SEQ həcminə dair sənəd 10 (on) iş günü müddətində Agentlik tərəfindən təsdiq edilir.
SEQ-in həcmi barədə sənəd Agentlik tərəfindən təsdiq edildikdən sonra planlaşdırıcı orqanın rəsmi internet səhifəsində strateji sənədlə birlikdə yerləşdirilir və ictimaiyyətə çatdırılır.

SEQ sənədinə daxil edilən məlumatlar və qiymətləndirmə, ilkin məsləhətləşmələrlə müəyyən edilən SEQ həcminə uyğun icra edilir.

SEQ sənədinə “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakılar barədə məlumatlar daxil edilməlidir:
-strateji sənədin məzmunu, əsas məqsədləri və onun digər strateji sənədlərlə əlaqəsi;
-strateji sənəd və SEQ üzrə istinad edilən normativ hüquqi baza;
- strateji sənədin beynəlxalq və milli səviyyədə qəbul edilən ətraf mühit, davamlı inkişaf hədəflərinə uyğunluğu;
- strateji sənədin təsir dairəsinə aid edilən ərazidə (ərazilərdə) ətraf mühitin mövcud vəziyyəti;
-strateji sənədin icrası ilə əlaqədar potensial təsir mənbələri və onların ətraf mühitə, insan sağlamlığına mümkün ekoloji təsirləri;
-strateji sənəddə nəzərdə tutulan hədəflər və təkliflər üzrə alternativ variantların seçiminin ekoloji səmərəliliyinin əsaslan- dırılması;
-potensial təsirlərin təhlili, onların qarşısının alınması, azaldılması və yumşaldılması tədbirləri;
-ictimai dinləmələrin və müzakirələrin nəticələri.
Yuxarıda göstərilənlərlə yanaşı, qiymətləndirici tərəfindən SEQ sənədinə aşağıdakılar da əlavə edilə bilər:
- SEQ prosesində SEQ həcmi üzrə qiymətləndirmə üsulları və məlumat bazasının istifadəsində yaranan çətinliklər və çatışmazlıqlar barədə şərhlər;
-SEQ üzrə məsləhətləşmələrə cəlb edilən Nazirlik və strateji sənədlə əlaqəli digər orqanların (qurumların) təklifləri nəzərə alınmaqla tərtib edilən xəritə, sxem və cədvəllər;
-SEQ-in qeyri-texniki xülasəsi.
SEQ sənədi Agentliyə planlaşdırıcı orqan tərəfindən təqdim edilir və SEQ sənədinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 21 may tarixli 184 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və ictimai ekoloji ekspertizanın həyata keçirilməsi Qaydası”nın tələblərinə uyğun baxılır.
SEQ sənədinə verilmiş ekoloji ekspertiza rəyi Agentliyin rəsmi internet səhifəsində yerləşdirilir.
Dövlət ekoloji ekspertizasının rəyi strateji sənədin həyata keçirilməsinin mümkünlüyü və ətraf mühitə təsirlərin yol verilə bilən həddi barədə əsaslı nəticələrdən ibarətdir.
SEQ sənədinə dair fiziki və ya hüquqi şəxslərin, o cümlədən ətraf mühit sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının planlaşdırıcı orqana yazılı müraciətləri və sorğuları daxil olduğu tarixdən “Vətəndaşların müraciətləri haqqında” qanunu ilə müəyyən olunmuş qaydada cavablan- dırılmalı, ictimai dinləmə zamanı təklif və iradlarla bağlı müraciət edənlər məlumatlandırılmalıdırlar.
Planlaşdırıcı orqan SEQ sənədinin layihəsini Agentliyə təqdim etdikdə, ictimai dinləmənin keçirilmə tarixi, vaxtı və yeri barədə də məlumatlandırır.
İctimai dinləmələr planlaşdırıldığı halda, Agentliyin nümayəndəsinin dinləmədə iştirakının təmin edilməsi üçün sənədlər təqdim olunmamışdan əvvəl bu tədbirin keçirilməsinə ən azı 7 (yeddi) iş günü qalmış rəsmi olaraq məlumatlandırılır.
Planlaşdırıcı orqan ictimai dinləmə barədə elanı və SEQ sənədinin layihəsini, görüşün məqsədini, tarixini, yerini və vaxtını, keçirilmə qaydasını, habelə müvafiq sənədlərin əldə olunma yeri barədə məlumatı dinləməyə ən azı 7 (yeddi) iş günü qalmış öz rəsmi internet səhifəsində yerləşdirir, eləcə də mediada yayımlayır.
İctimai dinləmə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq planlaşdırıcı orqanın sədrliyi, aidiyyəti dövlət orqanlarının (qurumlarının) və ya bələdiy- yənin, Agentliyin, SEQ-i aparan ƏMTQ üzrə təşkilatın (təşkilatda çalışan, SEQ sənədini hazırlayan qiymətləndiricilərin) və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilir.
Regional əhəmiyyətli strateji sənədlərlə bağlı ictimai dinləmə bir neçə ərazi vahidində (rayon və şəhərdə) təşkil edilir, müvafiq inzibati ərazi vahidlərində yaşayan fiziki və həmin ərazidə fəaliyyət göstərən hüquqi şəxslərin, habelə daşınmaz əmlak mülkiyyətçilərinin dinləməyə cəlb olunması və məlumatlandırılması təmin edilir.
Planlaşdırıcı orqan SEQ sənədinin “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr (konven- siyalar) ilə müəyyən olunmuş qaydada ictimai dinlənməsini (müzakirəsini) keçirir.
İctimai dinləmə zamanı SEQ “Dövlət sirri haqqında” qanuna uyğun olaraq dövlət sirri təşkil edən məlumatlarla və ya qanunla qorunan digər məlumatlarla bağlı olduqda ictimai dinləmələrin keçirilməsinə yol verilmir və bu barədə fiziki və hüquqi şəxslərə, vətəndaş cəmiyyəti institutlarına və digər maraqlı tərəflərə planlaşdırıcı orqan tərəfindən öz rəsmi internet səhifəsi, eləcə də media vasitəsilə məlumat verilir.
Planlaşdırıcı orqan ictimai dinləmənin nəticələrini protokollaşdırır və onları SEQ sənədinə əlavə edir.
Strateji sənəd mənafeyinə toxunulan dövlət orqanları (qurumları) ilə məsləhətləşmələr və SEQ üzrə ictimai dinləmələr, habelə dövlət ekoloji ekspertiza rəyinin alınmasından sonra verilən rəy və təkliflər nəzərə alınmaqla yekunlaşdırılır.
Planlaşdırıcı orqan strateji sənədə dair təkliflərlə bağlı nəzərə alınan və alınmayan məsələlərə dair yekun əsaslandırma sənədi hazırlayır. SEQ sənədinə yalan məlumatların daxil edilməsinə yol verilmir.
Strateji sənəd planlaşdırıcı orqan tərəfindən təsdiq edilməsi üçün Nazirliyə təqdim edilir.
Strateji sənəd təsdiq edilmək üçün təqdim olunduqda, ona SEQ sənədi və ya onun yekun nəticələrindən ibarət qısa icmal, verilən dövlət ekoloji ekspertizasının rəyi və planlaşdırıcı orqanın yekun əsaslandırma sənədi əlavə edilir.
Planlaşdırıcı orqan strateji sənəd təsdiq edildikdən sonra qəbul olunan yekun nəticələri, SEQ üzrə nəticələr və ekoloji ekspertizanın rəyi daxil olmaqla, ümumiləşdirərək rəsmi internet səhifəsində yerləşdirir və bu barədə Agentliyi yazılı məlumatlandırır.
Agentliklə birgə məsləhətləşmə əsasında müəyyən edilən SEQ üzrə ekoloji səmərəli alternativlər (əsasən yerləşmə ərazisi, texnoloji üsul və yanaşmalar üzrə) strateji sənəd çərçivəsində planlaşdırılan gələcək fəaliyyətlərin layihələndirmə mərhələsində nəzərə alınır və SEQ nəticələrinin monitorinqi zamanı yoxlanılır.
SEQ-in nəticələrinin monitorinqi planlaşdırma mərhələsində SEQ-lə müəyyən edilmiş əsas ekoloji risklərin, həmin risklərin azaldılması tədbirlərinin, alternativlərin və razılaşdırılan təkliflərin layihələndirmə mərhələsində yerinə yetirilməsinin müşahidə edilməsindən ibarətdir.
SEQ-in nəticələri strateji sənəd çərçivəsində sifarişçi tərəfindən nəzərdə tutulan fəaliyyətlərin layihələndirilməsi zamanı nəzərə alınır və ƏMTQ sənədində əks etdirilir.
SEQ-in icrası Agentlik və Nazirliyin aidiyyəti qurumları, habelə fəaliyyət istiqamətlərinə uyğun olaraq planlaşdırıcı orqan və (və ya) məsləhətləşmələrə cəlb edilən dövlət orqanları (qurumları), digər maraqlı təşkilatlar, eləcə də vətəndaş cəmiyyəti institutları və ictimaiyyət tərəfindən müşahidə edilir.
Planlaşdırıcı orqan ilə Agentlik arasında SEQ-in aparılması qaydası, onun yekun nəticələri ilə əlaqədar mübahisələr inzibati və (və ya) məhkəmə qaydasında həll edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR