Sual hələ də aktualdır: Azərbaycana belə AMEA lazımdırmı? - ARAŞDIRMA

Sual hələ də aktualdır: Azərbaycana belə AMEA lazımdırmı? - ARAŞDIRMA
# 26 iyul 2022 17:43 (UTC +04:00)

Son 6 ayda dünya JWST - Ceyms Webb kosmik teleskopu ilə bağlı danışır. Hər gün elmi mərkəzlərin saytlarında, Youtube-da bu teleskopla, qalaktikalar barədə müzakirələr aparılır.

Və yaxud da Harvardda səslə idarə olunan ilk akustik çip artıq testdən keçirildi və uğurla tətbiqə başlanıldı. İşıq dalğası yerinə səs dalğası ilə işləyən bu çip yeni texnologiyalar üçün çox yaxşı töhfədir.

Prinston Universitetinin alimləri isə 30 ilə qədər davam edə biləcək yeni perovskit günəş batareyası hazırlayıblar. Bu günəş batareyaları sayəsində günəş enerjisindən maksimum səmərəliliklə istifadə edilir.

MIT və Nanyang Texnologiya Universitetinin tədqiqatçıları səs vibrasiyasını elektrik siqnallarına çevirən akustik parça istehsal ediblər. Pyezoelektrik materialdan hazırlanmış parça eşidilən səs dalğaları ilə əyilə və ya deformasiya edilə bilər, ətrafdakı səsləri aşkar etməyə və ya ürək ritmini dinləməyə kömək edir.

Bu, son 6 ayda aparıcı universitetlərin elmi tədqiqat mərkəzlərinin istehsalata təqdim etdikləri yüzlərlə ixtiradan cəmi 4 nümunədir. Xüsusilə qeyd edirik ki, bunlar artıq tətbiq üçün istehsalata təqdim edilən nümunələrdir.

Bizim alimləri belə çətin məsələlərlə yormayaq. Nərd taxta oyununda perovskit günəş batareyası söhbətinin heç yeri yoxdur. Amma AMEA-da çox sevilən bu nərd oyununa maraq yəqin “mars eləmək” məsələsindəndi. Oyunda olsa da, “Marsa getmək” mümkündür.

AMEA-da nə iş görürlər?

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) sonuncu dəfə təxminən 6 ay əvvəl qalmaqalla gündəmə gəlmişdi. O vaxt Akademiya rəhbərliyinin vəzifədən getmək istəməməsi, AMEA-da baş verən intriqalar, dedi-qodular müzakirə mövzusu olmuşdu. Ondan sonra Akademiya yenidən sükuta qərq oldu. Ara-sıra AMEA-nın saytında yerləşdirilən “elmi konfrans” xəbərlərindən başqa heç bir məlumat eşitmədik. AMEA strukturunun çevikləşdirilməsi, yenidən qurulması ilə bağlı hər hansı dəyişikliklərin şahidi olmadıq. Yəni, Akademiya rəhbərliyi dəyişdi, amma Akademiya dəyişmədi.

Bir daha xatırlatmaqda fayda var ki, indi AMEA-nın nəzdində 33 institut, o cümlədən Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Respublika Seysmoloji Xidmət Mərkəzi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Hüseyn Cavidin Ev Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi var. Bu institutların isə böyük əksəriyyəti bir-birinin təkrarıdır. Məsələn, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsində İdarəetmə Sistemləri İnstitutu və İnformasiya Texnologiyaları İnstitutu, Fizika İnstitutu və Biofizika İnstitutunun ayrı-ayrılıqda fəaliyyətinə nə gərək var? Ya da Kimya Elmləri Bölməsində olan 4 institutdan ən azı 3-nün profilində ciddi fərq yoxdur. Hələ Yer Elmləri Bölməsində bir də Neft və Qaz İnstitutu var. Ölkədə neft sənayesini öyrədən iki ali məktəb var, bir ayrıca Mühəndislik Universiteti var, müxtəlif universitetlərdə uyğun fakültələr var. Neft-qaz və ya kimya sahəsində bu qədər alim, ixtiraçı 10 milyonluq ölkədə haradandır? Ya da bu qədər alimin, ixtiraçının son zamanlar hansı ixtirasına, yeni sistem yaratmasına, yeni məhsul əldə etməsinə rast gəlmişik? Azərbaycanda neft sənayesinin mərkəzi olan SOCAR özünün Bakı Ali Neft Məktəbini yaradıb və orada milyonlarla dəyəri olan laboratoriyalar var. Olmazmı ki, həm elmi, həm də praktik təcrübə imkanı olan bu məktəbdə neft-qaz və kimya sənayesi ilə bağlı böyük bir elmi mərkəz yaradılsın? Sonra da o yeniliklər elə SOCAR müəssisələrində tətbiq olunsun. Axı bu yazılıb-pozulanlar tətbiq olunmayandan sonra kimə və nəyə lazımdır? Ən əsası, dövlət buna niyə pul ayırır?

Ölkədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və ya Fövqəladə Hallar Nazirliyi olduğu halda Respublika Seysmoloji Xidmət Mərkəzinin AMEA-nın tərkibində qalması da anlaşılan deyil. Və yaxud da artıq laboratoriyaları istismar müddətini çoxdan keçmiş Radiasiya Problemləri İnstitutu hansı yenilikləri, araşdırmaları ortaya qoya bilər? Bu institut AMEA-nın tərkibində nə kimi proyektlər sifarişi ala bilər?

Məsələn, Türkiyənin təcrübəsinə baxsaq, belə strateji qurumlar adətən aidiyyəti nazirliklərin tərkibində, yaxud da publik hüquqi şəxs kimi ayrıca fəaliyyət göstərirlər.

Humanitar Elmlər Bölməsinə baxaq. Bura Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Folklor İnstitutu, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Dilçilik İnstitutu, Hüseyn Cavidin Ev Muzeyi daxildir. Faktiki olaraq bu institutlar hamısı bir publik hüquqi şəxsin tərkibində birləşə və daha effektiv fəaliyyət göstərə bilər. Yenə Türkiyə təcrübəsinə baxaq. Türkiyədə qurucusu Atatürk olan Türk Dil Qurumu fəaliyyət göstərir. Hazırda həmin qurum özü də Atatürk Dil, Tarix və Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərir. Türk Dil Qurumu türkcənin təmizliyinin qorunması, inkişafı, təbliği ilə bağlı işlər görür. Eyni zamanda, bizim folklor, türkiyəli qardaşlarımızın “ağız deyişi” adlandırdığı folklor nümunələrini də toplayır. Türk Dil Qurumunun saytına ötəri bir nəzər salmaqla böyük işlər apardığını və maliyyələşmə imkanlarının da olduğunu görmək mümkündür. Məsələn, türkcənin bütün ləhcələrində lüğətlər nəşr edilib, Türkiyədə sənayenin elə bir sahəsi yoxdur ki, Türk Dil Qurumunun ona aid terminlər və izahlı sözlər lüğəti olmasın. Türk Dil Qurumu nəşr etdiyi kitabları, lüğətləri hətta səyyar avtobuslarla satır, böyük beynəlxalq türk dili qurultayları keçirir, məktəblilər üçün sərgilər təşkil edir, piar və reklam tərəfdaşları ilə mükafatlar təsis edir və s. Yəni, işləyir. Yüz milyonluq ölkədə fəaliyyət göstərən qurumun isə cəmi 96 nəfər ştatlı əməkdaşı var.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu üçün işləmək isə ölkədəki 5-6 TV-nin və 3-5 saytın monitorinqini edib, arada bir açıqlama yaymaqdır. Ya da Folklor İnstitutunda illərdir ki, Məlikməmmədin qızı quyudan çıxartmasının yeni mənaları tapılır. Bu qədər qeyri-işlək və effektsiz institutlardansa, Azərbaycanda da Dil və Tarix Qurumu adlı bir publik hüquqi şəxs yaradıb, dil, ədəbiyyat və tarix sahəsində bütün institutları - daha real desək, 8 institut və 3 muzeyi daha real və optimizasiya edilmiş şəkildə birləşdirmək, həmin quruma da dil qaydalarının pozulmasının qarşısını almaq üçün real səlahiyyətlər vermək olar. Eyni zamanda, tarix daha effektli yazılar, müxtəlif kitablar nəşr olunub, satışa çıxarılar, bir-birini təkrarlayan elmi işlərdən, sadəcə elmi dərəcə almaq üçün yazılmış mətnlərdən can qurtarılar.

Hələ AMEA Rəyasət Heyətinin nəzdində bir Təbiət Tarixi Muzeyi var. Niyə axı? Ya da "Aşqar" Elmi İstehsalat Birliyi və “Nafta” Elmi İstehsalat Birliyi nə üçün heç olmasa AMEA-dakı kimya institutlarının tabeliyinə verilməyib?

Bakı, Gəncə, Naxçıvan və Şəkidə AMEA-nın balansında çoxlu sayda binalar, torpaq sahələrinin açıq mənbələrdə statistikası yoxdur. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında 10 071 əməkdaş, o cümlədən 4 700 nəfər elmi işçi, 581 elmlər doktoru, 1 925 nəfər fəlsəfə doktoru çalışır. Akademiyanın 67 həqiqi üzvü və 101 müxbir üzvü var.

Məsələn, ABŞ-ın ən böyük texnologiya universiteti və elm mərkəzlərindən biri olan Massaçusets Texnologiya İnstitutunun (MİT) 14 000 əməkdaşı var. Hazırda MİT-də 689 professor çalışır. Onların köməkçiləri və instruktorlarının sayı isə 2039 nəfərdir. MİT 98 Nobel mükafatçısı yetişdirib, hazırda institutda 11 Nobelli alim işləyir.

MİT özünün rəsmi səhifəsində hər il üçün məşhur olan yalnız bir ixtira və kəşfi barədə geniş məlumat verib. MİT alimləri və proqramları çərçivəsində hər il yüzlərlə yeni məhsul yaradılır, sınaqdan keçirilir və istehsalatda tətbiq edilir. MİT öz büdcəsini mənasız “elmi konfranslar”a həsr etmir. Məsələn, MİT-in bir proqramına görə, bakalavr məzunu 10000-25000 dollar arası vəsait götürməklə proyekt başlada bilər. Bu proyektlər isə yeni ixtiralar, kəşflər, texnoloji yenilik və gənc tədqiqatçı, alim yetişməsi deməkdir.

Azərbaycan Milli Elmlər Akademiyası və onun tabeliyində olan müəssisələrin saxlanılması üçün isə 2022-ci ildə dövlət büdcəsindən 133 912 851 manat ayrılıb. Bu, 2021-ci illə müqayisədə 13 faiz çoxdur. 2021-ci ildə bu məqsədlə 116 735 383 manat ayrılıb. Mənası nədir?

AMEA çayxanasında domino oynamağa görə bu qədər vəsait lazımdırmı? Heç olmasa bu müəllimlər normal personal kompüterlə təchiz edilsinlər və e-sport komandaları yaratsınlar. E-sport komanda oyunlarında milyonlarla pul dövr edir. İndi də AMEA-dakılar sual edəcək ki, e-sport komanda oyunları nədir?

Yenə də AMEA-nın piarı barədə

Piar sözü bəlkə də çox böyük oldu. Adam AMEA-nın sosial media səhifələrində və saytında aparılan işlərə piar deyəndə, piara rəhmi gəlir. Yenə də olsun…

Dünya kosmik araşdırma mərkəzlərinin saytları son ayda müzakirələri Ceyms Webb kosmik teleskopu ilə bağlı debatlara həsr ediblər. Görüntülər göstərilir, müzakirələr aparılır və s. Bizim AMEA da dövlət televiziyasının bunları tənqid etdiyi süjeti piar məlumatı kimi öz səhifəsində yayımlayıb. Süjetin ilk 10 saniyəsinə baxmaq bir yana, üzərindəki titri belə oxumayıblar. Sonra da saytlarında “AZTV-yə cavab” veriblər. Elmi mərkəzin saytında deyişmə ənənəsini əvvəlki AMEA rəhbəri Ramiz Mehdiyev yaratdı. Müəllimin özü gedib, ənənələri yaşayır…

Hələ “AMEA-nın əməkdaşları Lənkəran sakini Kamal Kələntərlinin 100 yaşını qeyd ediblər”, “Xaqani bağında dekorativ bitkilər öyrənilib” kimi xəbərləri demirik.

AMEA-nın saytında “Alimlər su və karbon qazından alternativ yanacaq yaradıblar” başlıqlı xəbərə rast gəlirik. Aha, deyəsən, Akademiyanın fəaliyyətini yaxşı izləməmişik, alimlərimiz işləyirlər. Xəbərə tıklayanda məlum olur ki, İsveçrə alimləri su, karbon qazı və Günəş işığından əldə edilə bilən alternativ yanacaq yaradıblar. Bizim alimlərin saytı da o xəbəri paylaşıb ki, oxuyub köks ötürək...

“AMEA”sı olmadan elmin zirvəsindəkilər

Elmin və elmi kəşflərin sayı ilə dünyanı heyrətləndirən ölkələrdə Azərbaycanda mövcud olan struktur və mahiyyətdə elmlər akademiyaları yoxdur.

Dünya təcrübəsinə görə, elm adamlarının toplaşdığı mərkəzlər daha çox universitetlərdə və fəaliyyətini elmi araşdırma nəticəsində qurmuş böyük holdinqlərdə olur.

Məsələn, Avropa Nüvə Araşdırmaları Təşkilatı (CERN) dünyanın ən böyük enerji fizikası laboratoriyasıdır. 1949-cu ildən başlayaraq Avropa fizikləri - Fransadan Raul Dotri, Pyer Oje və Lev Kovarski, İtaliyadan Edoardo Amaldi, Danimarkadan Nils Bor Avropada tədqiqatlar üçün belə bir qurum yaradılması ideyası ilə çıxış ediblər. Avropa alimlərini birləşdirmək üçün yaradılmış CERN tədqiqatların maliyyə xərclərini iştirakçı dövlətlər arasında bölüşməli idi. CERN-də 2500 daimi işçi çalışır, eyni zamanda, 85 ölkənin 580 universitet və institutundan 8000-ə yaxın fizik və mühəndis mərkəzin beynəlxalq təcrübələrində iştirak edir. CERN-ə üzv ölkələrin ayırdığı illik vəsaitə gəlincə, məsələn, bu, üzv dövlətlərin ÜDM-inə əsasən hesablanır. Məsələn, CENR—nin büdcəsi 2008-ci ildə 990 milyon ABŞ dolları olub və CERN-dəki alimlərin kəşfləri isə əsasən Nobel mükafatı alıb və CERN, Avropanın fizika sahəsində ABŞ və Rusiya ilə rəqabətə girməsini təmin edib.

Hazırda dünyada elmi tədqiqatların aparıldığı digər mərkəzlər isə elmi tədqiqat universitetləridir. Bu sırada ABŞ-dakı elmi tədqiqat universitetləri böyük uğurları ilə seçilir. Dünyada tədqiqat universitetlərinin ilk 15-liyinə baxsaq, 1861-ci ildə yaradılan özəl Massaçusets Texnologiya İnstitutu ilk yerdə qərarlaşıb. Bu vaxta qədər Massaçusets Texnologiya İnstitutunun məzunları, müəllimləri və araşdırmaçıları arasında 98 Nobel mükafatı laureatı olub. Bir maraqlı məqam da odur ki, Massaçusets Texnologiya İnstitutunun məzunları tərəfindən təsis edilmiş şirkətlərin illik gəliri 1,9 trilyon dolları ötüb.

Massaçusets Texnologiya İnstitutu həm də ABŞ-ın ən güclü nüvə elektrik stansiyalarından birinə ev sahibliyi edir.

Tədqiqat universitetlərinin reytinq cədvəlində ikinci yerdə dövlət araşdırma universiteti olan Los-Ancelesdəki Kaliforniya Universitetidir. Bu cür siyahı davam edir və ABŞ-da elmlə məşğul olmaq üçün konkret araşdırma mərkəzləri, laboratoriyalar və muzeylər universitetlərin tabeliyindədir. Eyni zamanda, ABŞ-da nəhəng şirkətlərin müvafiq qaydada böyük həcmdə qonorar ödəməklə tədqiqat universitetlərinin araşdırmalarının nəticələrindən yararlandığı, habelə şirkətlərin nəzdində belə tədqiqat mərkəzləri yaratdığı da bəllidir. Məsələn, bu gün ABŞ-da elektrikli avtomobillərlə avtomobil sənayesində çevrilişə imza atan “Tesla”nı yaradan, kosmosa turist səfərlərini reallaşdırmaq imkanı yaradan İlon Maskın uğurlarında yaratdığı araşdırma mərkəzi də mühüm rol oynayıb.

Yapon möcüzəsinin bazası

Yaponiyanın inkişafında ancaq özünə məxsus olan elmi-texniki strategiyası həlledici rol oynayıb. Bir qayda olaraq belə strategiyalar elm tutumluqluları və innovasiyaya söykənmələri ilə fərqlənirlər. Yaponiyada tədqiqatları həm dövlət institutları, həm də özəl müəssisələrin nəzdindəki ixtisaslaşmış tədqiqat mərkəzləri maliyyələşdirir. Yaponiyada tədqiqat mərkəzlərinin böyük əksəriyyəti də daha çox şirkətlərdədir. Yaponiya sənaye müəssisəsi universitetlərlə müqayisədə tədqiqatlar aparmaq və kadrların hazırlanması üçün daha münbit məkanlar sayılır. Xüsusən 1980-ci illərdə özəl şirkətlər universitetləri ən yaxşı qiymətlərlə bitirən məzunları cəlb edərək elmi-tədqiqat potensiallarını gücləndiriblər. Şirkətlərin nəzdindəki tədqiqat mərkəzləri həm də geniş əlaqələr şəbəkəsinə malikdir. Bu alimlər vasitəsilə Yaponiya şirkətləri ABŞ və Avropa da daxil olmaqla, xarici universitetlərlə də əməkdaşlıq edirlər.

Türkiyə nümunəsi

Türkiyədə də AMEA tipli qurum yoxdur. Bu ölkədə TÜBİTAK (Türkiyə Elm və Texnoloji Araşdırma Təşkilatı), TENMAK və ASELSAN kimi özünü doğrultmuş elmi təşkilatlar, araşdırma mərkəzləri var.

1963-cü ildə yaradılan və Elm, Sənaye və Texnologiya Nazirliyinin nəzdində fəaliyyət göstərən TÜBİTAK-ın məqsədi ölkədə elm və texnologiyanı təşviq etmək, populyarlaşdırmaqdır. Xüsusən orta məktəblərdə təşkil edilən TÜBİTAK elm yarmarkaları ilə məşhurlaşıb.

TENMAK (Türkiyə Enerji, Nüvə və Mədən Araşdırma Təşkilatı) 1956-cı ildə Türkiyə Atom Enerji Təşkilatı adı altında yaradılıb, 28 mart 2020-ci ildə adı dəyişdirilib və Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyinin tərkibində fəaliyyət göstərir. TENMAK-a Türkiyə Atom Enerji Təşkilatı ilə birlikdə Milli Bor Araşdırma İnstitutu və Nadir Torpaq Araşdırma İnstitutu da birləşdirilib.

Türkiyə Silahlı Qüvvələrini Gücləndirmə Dərnəyinə bağlı olaraq 1975-ci ildə qurulan ASELSAN (Hərbi Silah və Elektron Sənaye) bu gün Türkiyənin ən güclü elmi araşdırma mərkəzlərindən biridir, 6 min əməkdaş çalışır. ASELSAN hazırda Türkiyə Silahlı Qüvvələri üçün rabitə və informasiya texnologiyaları, pilotsuz sistemlər, quru və dəniz silah sistemləri, hava hücumundan müdafiə sistemləri kimi bir çox silahlar və sistemlər istehsal edən texnologiyaya sahibdir. ASELSAN-ın məhsullarından Azərbaycan da daxil olmaqla, dünyanın 70 ölkəsinin ordularında geniş istifadə olunur. Təkcə onu demək kifayətdir ki, 2020-ci ildə ASELSAN-nın ixrac etdiyi məhsulların dəyəri 446 milyon dollar olub.

Türkiyə Elmlər Akademiyası adlı publik hüquqi şəxs olan qurum isə 1993-cü ildə yaradılıb, cəmi 205 üzvü var. Bu qurum daha çox alimlərin həmkarlar ittifaqı funksiyasını yerinə yetirir. Büdcəsi isə 2020-ci ildə 18 milyon 551 min lirə olub.

Bundan başqa, Türkiyədə Türk Dil Qurumu, Türk Dəniz Araşdırmaları Mərkəzi, Atatürk Bağça Mədəniyyətləri Mərkəzi Araşdırma İnstitutu, Kənd Təsərrüfatı İqtisadi Araşdırmalar İnstitutu, İctimai-İqtisadi Siyasi Araşdırmalar Dərnəyi, Türk Dünyası Araşdırmaları Dərnəyi, Türkiyə Elmi və Texniki Araşdırma Təşkilatı, Beynəlxalq Siyasi Araşdırmalar Dərnəyi, YETAM (Hacettepe Universitetinin Yeni və Təmiz Enerji Araşdırma Mərkəzi) kimi elmi təşkilatlar var. Bu təşkilatlar isə müxtəlif nazirliklərə və ya fondlara tabedir. Onların maliyyələşməsi isə daha çox satdıqları patentlərdən, özünü maliyyələşdirmə və fondlardan alınan ianələrdən formalaşır.

Bununla bərabər, Türkiyədə elmi araşdırmalarda tədqiqat universitetləri xüsusi yer tutur. Məsələn, 2021-ci ildə Türkiyə Ali Təhsil Şurası ən yaxşı tədqiqat universitetləri sırasında Ortadoğu Texniki Universiteti, İstanbul Texniki Universiteti, Boğaziçi Universitetini qeyd edib. Yaxşılar sırasında İzmir Ali Texnoloji İnstitutu, Yıldız Texnik Universiteti, Ankara Universiteti, İstanbul Universiteti, Ərciyəs Universiteti, Hacettepe Universiteti, Gəbzə Texnik Universiteti, Ege Universiteti, İstanbul Universiteti-Cərrahpaşa, orta səviyyəli tədqiqat universitetləri sırasında isə Mərmərə Universiteti, Uludağ Universiteti, Dokuz Eylül Universiteti, Atatürk Universiteti, Qazi Universiteti, Qaradəniz Texnik Universiteti, Çukurova, Universiteti, Fırat Universiteti yer alıb. Elmi tədqiqatlar sırasında fərqlənən dərnəklər sırasında isə Bilkent, Sabancı və Koç dərnəkləri yer alıb. Sabancı Dərnəyi və Koç Dərnəyinin bu sırada yer alması da təsadüfi deyil. İnkişaf etmiş ölkələrdə olduğu kimi, Türkiyənin aparıcı şirkətləri sırasında yer alan belə şirkətlər də istehsal və bizneslərinin uğurlu inkişafı üçün məhz belə tədqiqat mərkəzlərinə xüsusi diqqət yetirir, bu tədqiqatların nəticələrində daha keyfiyyətli və müasir tələblərə cavab verən məhsul istehsalını təmin etməyə çalışırlar. Əslində elmi mərkəzlərin, tədqiqat universitetlərinin əsas məqsədi də budur.

Vətən müharibəsində qələbəmizə böyük töhfə vermiş “Bayraktar TB-2” silahlı pilotsuz uçuş aparatı da məhz “Baykar” şirkətinin müvafiq araşdırma mərkəzində komanda şəklində birgə tədqiqatlar aparan gənc mütəxəssislərin, alimlərin məhsuludur. Ağır “Akıncı” silahlı pilotsuz uçuş aparatını da hazırlayaraq təqdim edən “Baykar” araşdırmaçıların hazırda əsas hədəfləri bütün dünya dövlətlərinin, nüfuzlu araşdırma mərkəzlərinin hazırlamağa çalışdığı pilotsuz döyüş təyyarələridir.

Türk alimlərin uğurlarından söz düşmüşkən, bu gün koronavirus pandemiyası ilə üzləşən dünyada adından söz etdirənlər də Almaniyada yaşayan tədqiqatçı alimlər Uğur Şahin və Özləm Türəci kimi "BioNTech" biotexnologiya şirkətinin qurucuları oldu. ABŞ-da “Moderna” vaksinin yaradılması tarixinə nəzər salsaq, yenə də müstəqil araşdırma mərkəzi və onun qurucusu diqqətimizi çəkir.

Bu da faktlarla “AMEA-sı olmayanlar”ın uğurları və elmdən qazandığı pullar…

Rusiya təcrübəsi

Bizim kimi sovetlərdən qalmış AMEA mirasını qoruyub saxlayan Rusiyada hökumət 2013-cü ildən Rusiya Elmlər Akademiyası ilə bağlı bir sıra addımlar atıb. Rusiya Elmlər Akademiyasında strukturu saxlamaqla aparılan islahatların effektiv olmadığını isə elə Rusiya Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyev 2019-cu ildəki müsahibəsində etiraf edib. Aparılan islahatlardan 6 il sonra Elmlər Akademiyası üzvləri arasında keçirilmiş sorğuda rəyi soruşulanların 64 faizi son 6 ildə Rusiyada elmin vəziyyətinin pisləşdiyini bildirib. Bunun özü də belə strukturlarda kosmetik islahatların effektiv nəticə verməyəcəyini bir daha təsdiqləyir.

AMEA olmadan olarmı?

İnkişafın indiki mərhələsində elmsiz mümkün olmayacaq. Bu, birmənalıdır. Lakın hazırkı struktur və iş prinsipi ilə mövcud olan AMEA və yaxud da dövlət qurumlarının tərkibindəki elmi-tədqiqat mərkəzlərini dövlət büdcəsi hesabına saxlayıb, “bizim də elm mərkəzlərimiz var” demək özünü aldatmaqdan başqa bir şey deyil.

Elm ölkə iqtisadiyyatına öz töhfəsini verə bilmirsə, heç bir səmərəli proses yaratmırsa, humanitar elm sahələri cəmiyyətdəki proseslərlə bağlı ciddi tədqiqatlar aparmırsa, bu təsisatların varlığı yalnız iş yerlərinin saxlanılması funksiyasını daşıyır.

Menecmentə ünvanlanmayan, çevik və innovativ idarəetmə üçün konsepsiyalar, həllər təklif etməyən elmi araşdırma hazırkı dünyada aktual deyil. Heç bir maliyyə planlaması aparan menecer, dövlət institutu artıq yalnız iş yeri olsun deyə geri dönüşü olmayan sahəyə investisiya etmir və bu tamamilə haqlı qərardır.

AMEA hazırda nəinki özünün strukturu və istismar müddəti bitmiş texniki avadanlığı ilə, həm də kadr potensialı və bürokratik əngəlləri ilə heç bir halda innovativ inkişaf üçün əlverişli mühit deyil. Bekarçılıqdan yaranan intriqalar, süni, bürokratik əngəllər orda potensialı olan, gənc və perspektivli alimləri də həvəsdən salır. Onlar tezliklə ya alternativ iş yerləri axtarıb elmdən uzaqlaşır, ya da həvəssiz halda işə gəlib gedən növbəti bir AMEA əməkdaşına çevrilirlər.

Çıxış yolu Azərbaycan üçün kadr potensialı, iqtisadi, siyasi və humanitar yönümdə prioritet olan sahələrdə inkişafı təmin edən yeni publik hüquqi şəxslər yaratmaq, yaxud da universitetlərdə daha dinamik elmi mərkəzlər qurmaqdır. Və mühüm məsələ, çox təəssüf ki, bir çox sahədə olduğu kimi elmdə də bütün sfera və sahələri öyrənməyə, araşdırmağa cəhd etmək, amma nəticədə heç nəyə nail olmamaqdan qaçmaqdır. Dünyada elə bir ölkə yoxdur ki, o elmin bütün sahələrində favorit olsun. Dünyanın heç bir ölkəsində belə nəticə yoxdur. Biz daha real və konseptual düşüncə ilə iqtisadiyyatımıza, siyasi və regional inkişafımıza lazım olan elmi tədqiqatlara, elm sahələrinə daha çox investisiya etməliyik. Hələ də maraqlıdır ki, AMEA-nın Biologiya İnstitutu niyə Afrika tropik bitkilərinin xassə və xüsusiyyətlərini araşdırmaq üçün elmi işçiyə maaş verməlidir, elmi tədqiqat aparmalıdır? Məgər biz iqlimimizə uyğun bitkilərin yetişdirilməsi, məhsuldarlığının artırılması, seleksiya imkanlarını araşdırıb bitirdik ki, Afrikaya keçmişik? Və yaxud da AMEA Afrikaya neçə belə elmi araşdırma nəticəsini sata bilib?

Hədəf ölkəmizdə ənənəsi, əsası olmayan, yaxın və uzaq hədəflərdə bizə heç bir halda gərəkli olmayacaq, hətta çoxu tarixə qovuşmuş sahələrdə belə elm bilicisi olmaq deyil. Hədəf - modernləşmək, innovativləşmək, ölkəyə lazım olan və iqtisadi inkişafa kömək edə biləcək elm sahələrinə investisiya etmək, elmi mərkəzləri işlək struktura çevirmək olmalıdır.

Yazıda bu ilin fevral ayında APA Agentliyində yayımlanmış araşdırmadakı faktlardan istifadə edilib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR