Tbilisidə Əhməd Cavadın 130 illiyi münasibətilə anım tədbiri keçirilib - FOTO

Tbilisidə Əhməd Cavadın 130 illiyi münasibətilə anım tədbiri keçirilib - FOTO
# 05 may 2022 18:06 (UTC +04:00)

Gürcüstanın paytaxtı Tbilisidə görkəmli Azərbaycan şairi Əhməd Cavadın anadan olmasının 130 illiyi münasibəti ilə anım tədbiri keçirilib.

APA-nın yerli bürosu xəbər verir ki, Tbilisi Şəhər Şurasının (Sakrebulo) binasında Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkilatçılığı ilə keçirilən “Əhməd Cavad 130 -"Ölməz Qələm Cəngavəri" adlı tədbirdə Gürcüstan və Azərbaycanın ictimai-siyasi və mədəniyyət xadimləri, gürcü və azərbaycanlı ziyalılar iştirak edib.

Tədbirdə əvvəlcə Gürcüstanın və Azərbaycanın Dövlət himnləri ifa edilib.

Daha sonra çıxış edən Tbilisi Şəhər Şurasının üzvü Nino Ruxadze Əhməd Cavadın Gürcüstan-Azərbayca mədəni əlaqələrində özünəməxsus yer tutduğunu qeyd edib. Vurğulayıb ki, Əhməd Cavad Gürcüstan ədəbiyyatının ən görkəmli nümayəndələrindən olan Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" poemasını ilk dəfə Azərbaycan dilinə tərcümə edərək ədəbi abidənin tanıdılmasına və yaşadılmasına öz töhfəsini verib.

Tədbirdə çıxış edən Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov Əhməd Cavadın Azərbaycan ədəbiyyatında özünə məxsus yer tutduğunu qeyd edib. O, Gürcüstan və Azərbaycan arasında digər sahələrlə yanaşı mədəniyyət sahəsində də əlaqələrin bu gün də sürətlə inkişaf etdiyini vurğulayıb.

Tədbirdə iştirakçılara Əhməd Cavadın həyat və yaradıcılığı ilə bağlı məlumat verilib, Azərbaycan və Gürcüstanın milli rəqsləri nümayiş olunub. Tədbirin sonunda azərbaycanlı gənclər Əhməd Cavadın Gürcüstan haqqında şeirlərini səsləndiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR