TBMM üzvləri Qərbi Azərbaycan İcmasında olublar - FOTO

TBMM üzvləri Qərbi Azərbaycan İcmasında olublar - FOTO
# 04 fevral 2023 17:25 (UTC +04:00)

Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatları Qərbi Azərbaycan İcmasını ziyarət edib.

APA xəbər verir ki, İcma üzvləri ilə görüşdən əvvəl türkiyəli deputatlar jurnalistlərə açıqlama verib.

Türkiyə parlamentinin deputatı Şamil Ayrım 5 gündür Azərbaycanda olduqlarını, yüksək səviyyəli və səmərəli görüşlər keçirdiklərini diqqətə çatdırıb.

Onun sözlərinə görə, 44 günlük savaşdan, Azərbaycanın Zəfərindən sonra Türkiyə-Azərbaycan münasibətləri hər keçən gün yüksək səviyyəyə qalxır. Deputat əlavə edib ki, Türkiyə və Azərbaycan liderləri, eyni zamanda, ölkələrimiz arasında dostluq və həmrəylik dünyaya nümunədir.

Şamil Ayrım, Türkiyə və Azərbaycanın səmimi olduqlarını, sülh istədiklərini vurğulayıb: "Azərbaycan 30 il əvvəlki Azərbaycan deyil. İndi güclü bir Azərbaycan var, həm də Azərbaycanın yanında Türkiyə var. Şuşa Bəyannaməsi bizim əməkdaşlığımızın "yol xəritəsi"dir. Münasibətlərimizin daha da inkişafı üçün əlimizdən gələn hər şeyi edəcəyik. Qarabağdan zəfərlə çıxdıq, amma həll edəcəyimiz bir sıra məsələlər var, onu da həll edəcəyik".

Türkiyəli parlamentari Laçın-Xankəndi yolunda eko-fəalların dinc aksiyasını dəstəklədiklərini də qeyd edib: "Bu torpaqlar beynəlxalq hüquq çərçivəsində Azərbaycan torpaqlarıdır. İllərdir bu topaqları çapıb-talayanlar cavab verməlidir. Uzun müddətdir Azərbaycanın təbii sərvətlərini, mədənlərini talayıblar".

Şamil Ayrım Zəngəzur dəhlizinin açılmasının zəruriliyini vurğulayıb. O bildirib ki, sülh Zəngəzurdan keçir və dünya bunu belə də bilməlidir: "Zəngəzur dəhlizi açılacaq və biz Zəngəzur dəhlizi ilə Türkiyədən Azərbaycana gedəcəyik".

Deputat Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu da pisləyib və başsağlığı verib.

TBMM-in deputatı Yunis Kılıçın sözlərinə görə, Türkiyə daima Azərbaycanın yanında olacaq və onu dəstəkləyəcək.

Türkiyəli deputat qeyd edib ki, Qərbi Azərbaycan icmasının missiyası çox vacibdir və həmin torpaqlardan deportasiya edilmiş azərbaycanlıların qayıdışı lazımdır. Yunis Kılıç əlavə edib ki, beynəlxalq səviyyədə əllərindən gələn yardımı etməyə hazırdırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR