TƏBİB: Sığınacaq mərkəzində uşaqlar arasında yayılan dəri xəstəliyi qotur deyil

TƏBİB: Sığınacaq mərkəzində uşaqlar arasında yayılan dəri xəstəliyi qotur deyil
# 24 sentyabr 2022 14:11 (UTC +04:00)

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin təşəbbüsü ilə Səhiyyə Nazirliyinin nəzdində olan Respublika Gigiyena Epidemiologiya Mərkəzi tərəfindən Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi dezinfeksiya edilib.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bilirilib ki, adıçəkilən sığınacağa yeni daxil olan uşaqlar 19 sentyabrda 3 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinə yerləşdiriliblər. Analizlərə əsasən uşaqlara qoturluq diaqnozu qoyulub. Uşaqların müvafiq müalicələri aparılıb və yenidən analizlər götürülüb. Analizlərin nəticəsinə görə qoturluq aşkarlanmayıb və bu səbəbdən də onlar baxıcılarının müşayiəti ilə sığınacağa qaytarılıb.

Bununla belə, ötən gün TƏBİB tərəfindən sığınacağa həkim briqadası göndərilib, psixiatrik-nevroloji problemi olan uşaqlar nevropatoloq tərəfindən müayinə olunub. Eyni zamanda uşaqlarda qeydə alınan qaşıntı ilə bağlı da həkim müayinəsi aparılıb, qoturluq inkar olunub, dermatit aşkar edilib. Dermatit aşkar edilən uşaqlar isə 3 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinə yerləşdiriliblər və müalicələri davam edir.

Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin sədri Kəmalə Ağazadə öz sosial media hesabında sığınacaqdakı uşaqlar arasında qotura bənzər dəri xəstəliyinin yayıldığını və xəstəxanada müalicələri tamamlanmadan onların ambulator müalicəyə buraxıldığı haqda paylaşım etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR