Təhsil Nazirliyi: 1535 nəfər ali məktəblərdən köçürülmək üçün müraciət edib

Təhsil Nazirliyi: 1535 nəfər ali məktəblərdən köçürülmək üçün müraciət edib
  • Clock-gray 14:33
  • calendar-gray 23 İyul 2019

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, iyulun 5-dən 20-dək transfer.edu.az portalı vasitəsilə həyata keçirilən elektron sənəd qəbulu zamanı ali təhsil müəssisələrindən köçürülmək üçün ümumilikdə 1535 nəfər müraciət edib. 

Onlardan 13 nəfərini magistratura səviyyəsi üzrə köçürülmək istəyənlər təşkil edir.

Xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan və köçürülmək istəyənlərin sayı 137 nəfərdir. 1385 nəfər ölkə ərazisindəki ali təhsil müəssisələrindən köçürülmək və təhsil alma formasını dəyişmək üçün müraciət edib.

Orta ixtisas təhsil müəssisələrindən köçürülmək istəyənlərin sayı isə 158 nəfər təşkil edir.

Hazırda köçürülmək və təhsil alma formasını dəyişmək istəyən tələbələrin müraciətlərinə baxılır. Nəticələrin sentyabrın əvvəlinədək açıqlanması nəzərdə tutulur.

Qeyd edək ki, tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM tərəfindən müəyyən edilmiş eyni ixtisas qrupu daxilində olmalıdır.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date