Terrorçuluqla əlaqədar fiziki şəxs və qurumun hansı hallarda ölkədaxili siyahıya daxil ediləcəyi müəyyənləşir

Terrorçuluqla əlaqədar fiziki şəxs və qurumun hansı hallarda ölkədaxili siyahıya daxil ediləcəyi müəyyənləşir
# 05 dekabr 2022 18:01 (UTC +04:00)

Terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıya daxil edilməsi barədə təqdimatın məzmunu müəyyənləşir.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləyə təklif olunan yeni - LX fəsildə (Terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların ölkədaxili siyahıya daxil edilməsi üzrə icraat) əksini tapıb.

Layihəyə əsasən, fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıya daxil edilməsi barədə təqdimatda aşağıdakılar göstərilməlidir:

- onun tərtib edildiyi tarix, vaxt və yer;

- onu tərtib edən şəxsin soyadı, adı, atasının adı və vəzifəsi;

- cinayət işi olduğu halda, onun nə vaxt, kim tərəfindən və nə ilə əlaqədar başlandığı;

- ölkədaxili siyahıya daxil edilmə üçün əsas hesab edilən törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlar;

- fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıya daxil edilməsinin zəruriliyinin əsaslandırılması, ölkədaxili siyahıya daxil edilməsi üçün bu Məcəllədə nəzərdə tutulanlara aid olmasına dair məlumatlar;

- fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıya daxil edilməsi ilə hansı nəticənin əldə edilməli olduğu və nə üçün həmin nəticənin digər üsul və vasitələrlə əldə edilməsinin mümkün olmadığı;

- fiziki şəxsin və ya qurumun dəqiq müəyyənləşdirilməsi üçün aşağıdakı eyniləşdirmə məlumatları:

- fiziki şəxslər üçün — soyadı, adı, atasının adı, doğum tarixi, doğum yeri, milliyyəti, vətəndaşlığı, cinsi, məşğuliyyəti (peşəsi), yaşayış yeri və olduğu yer, əvvəlki yaşayış ünvanları, ümumvətəndaş pasportu və şəxsiyyəti təsdiq edən sənədin nömrəsi, verilmə tarixi, qüvvədə olma müddəti, olduğu halda ləqəbləri, telefon nömrələri, elektron poçt ünvanları və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

- hüquqi şəxslər üçün — adı, hüquqi ünvanı, törəmə hüquqi şəxsləri, filialları, nümayəndəlikləri, fəaliyyət sahəsi, sahibkarlıq fəaliyyət növü, rəhbərliyi, təsisçisi (təsisçiləri), vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, elektron poçt ünvanları, telefon nömrələri, əvvəlki adları və ya eyniləşdirmə məlumatları.

- məsələyə dair qanuni və əsaslı qərarın qəbul edilməsi üçün zəruri olan digər məlumatlar.

Təqdimata fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıya daxil edilməsinin zəruriliyini əsaslandıran sənədlər əlavə edilməlidir. Təqdim olunmuş məlumat və sənədlər kifayət etmədikdə, məhkəmə onların tamamlanmasını tələb etmək hüququna malikdir. Fiziki şəxs və ya qurum xarici dövlətin səlahiyyətli orqanının sorğusuna əsasən ölkədaxili siyahıya daxil edildikdə, sorğu edən dövlətin təqdim etdiyi məlumat və sənədlər (əsli və tərcüməsi) təqdimata əlavə edilməlidir.

Terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların ölkədaxili siyahıya daxil edilməsinin ümumi şərtləri müəyyənləşir. Layihəyə əsasən, ölkədaxili siyahıya daxil edilmiş şəxslər və ya qurumlar bu Məcəllə ilə müəyyən edilmiş qaydada terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların ölkədaxili siyahısına daxil edilərək onların “Hədəfli maliyyə sanksiyaları haqqında” qanuna müvafiq olaraq aktivləri dondurulur, həmin şəxslərin və qurumların aktivlər, iqtisadi resurslar və ya maliyyə və digər əlaqəli xidmətlərlə təmin edilməsi qadağan ediləcək.

Aşağıdakı fiziki şəxslər və qurumlar ölkədaxili siyahıya daxil edilirlər:

- terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi əməllərinin törədilməsi, yaxud belə əməllərin törədilməsində hər hansı şəkildə iştirak etməsi və ya kömək göstərməsi, habelə həmin əməllərin törədilməsinə cəhd göstərməsi, terrorçu olması, terrorçu qrupun (dəstənin, təşkilatın) yaradılmasında və ya fəaliyyətində hər hansı formada iştirak etməsi ilə bağlı əsaslı şübhələr olan fiziki şəxslər və qurumlar;

- yuxarıda göstərilən fiziki şəxslərin və qurumların birbaşa və ya dolayı, təkbaşına və ya başqaları ilə birlikdə mülkiyyətində və ya nəzarətində olan qurumlar;

- yuxarıda göstərilən fiziki şəxslərin və qurumların adından, yaxud onların tapşırığı ilə fəaliyyət göstərən fiziki şəxslər və qurumlar.

Fiziki şəxslər və qurumlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdimatı əsasında məhkəmənin qərarı ilə ölkədaxili siyahıya daxil edilirlər.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təqdimatı Azərbaycan Respublikasının Baş Prokurorluğunun, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş nəzarət orqanlarının, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və ya maliyyə monitorinqi orqanının əsaslandırılmış müraciəti, həmçinin xarici dövlətin səlahiyyətli orqanının sorğusu əsasında, habelə öz təşəbbüsü ilə verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR