Terrorçuluqla əlaqədar fiziki şəxsin və qurumun ölkədaxili siyahıdan çıxarılması qaydası müəyyənləşir

Terrorçuluqla əlaqədar fiziki şəxsin və qurumun ölkədaxili siyahıdan çıxarılması qaydası müəyyənləşir
# 05 dekabr 2022 18:03 (UTC +04:00)

Terrorçuluqla əlaqədar fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıdan çıxarılması qaydası müəyyənləşir.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləyə təklif olunan yeni - LX fəsildə (Terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların ölkədaxili siyahıya daxil edilməsi üzrə icraat) əksini tapıb.

Layihəyə əsasən, ölkədaxili siyahıya daxil edilmə üçün əsaslar aradan qalxdıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdimatı və ya siyahıya daxil edilmiş fiziki şəxsin və ya qurumun, habelə həmin fiziki şəxsin və ya qurumun siyahıya daxil edilməsi nəticəsində hüquq və qanuni mənafelərinin pozulduğunu iddia edən maraqlı şəxsin müraciəti əsasında ölkədaxili siyahıya daxil edilmə barədə qərarı qəbul etmiş müvafiq məhkəmənin qərarı ilə fiziki şəxs və ya qurum ölkədaxili siyahıdan çıxarılır.

Ölkədaxili siyahıdan çıxarılma barədə təqdimatda və ya müraciətdə aşağıdakılar göstərilir:

- onun tərtib edildiyi tarix, vaxt və yer;

- onu tərtib edən şəxsin soyadı, adı, atasının adı və vəzifəsi;

- siyahıdan çıxarılacaq fiziki şəxsin və ya qurumun eyniləşdirmə məlumatları;

- ölkədaxili siyahıya daxil edilmə üçün əsasların aradan qalxdığını təsdiq edən məlumat;

- məsələyə dair qanuni və əsaslı qərarın qəbul edilməsi üçün zəruri olan digər məlumatlar.

Təqdimat və ya müraciətə ölkədaxili siyahıya daxil edilmə üçün əsasların aradan qalxdığını təsdiq edən sənədlər, təqdimata isə həmçinin ölkədaxili siyahıya daxil edilmə barədə qərarın surəti əlavə edilir. Fiziki şəxs və ya qurum xarici dövlətin səlahiyyətli orqanının sorğusuna əsasən ölkədaxili siyahıya daxil edilibsə, sorğu göndərən dövlətin fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıdan çıxarılması ilə bağlı sorğusu da təqdimata əlavə edilir.

Ölkədaxili siyahıdan çıxarılma barədə təqdimat və ya müraciətə bu Məcəllənin 528-ci maddəsində müəyyən edilmiş qaydada baxılır.

Layihəyə əsasən, fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıya daxil edilməsi və ya ölkədaxili siyahıdan çıxarılması barədə təkrar təqdimat və təkrar müraciətlərə baxılması qaydası da müəyyənləşir.

Fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıya daxil edilməsi və ya ölkədaxili siyahıdan çıxarılması barədə təqdimat və ya müraciətin təmin edilməməsi barədə hakim tərəfindən qərar çıxarıldıqdan sonra məhkəməyə təkrar müraciətə müvafiq olaraq ölkədaxili siyahıya daxil edilmənin və ya ölkədaxili siyahıdan çıxarılmanın zəruriliyini təsdiq edən yeni hallar aşkar edildikdə yol verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR