Terrorçuluqla əlaqədar ölkədaxili siyahıdan çıxarılma qaydası hazırlanıb

Terrorçuluqla əlaqədar ölkədaxili siyahıdan çıxarılma qaydası hazırlanıb
# 08 dekabr 2022 11:15 (UTC +04:00)

Fiziki şəxsin və ya qurum ölkədaxili siyahıdan çıxarılmaq üçün məhkəməyə müraciət edə biləcək

Fiziki şəxslərin və ya qurumların ölkədaxili siyahıdan hansı halda çıxarılacağı məlum olub.

APA xəbər verir ki, bu, “Hədəfli maliyyə sanksiyaları haqqında” yeni hazırlanan qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, ölkədaxili siyahıya daxil edilmə üçün əsaslar aradan qalxdıqda siyahıya daxil edilmiş fiziki şəxs və ya qurum, habelə həmin fiziki şəxsin və ya qurumun siyahıya daxil edilməsi nəticəsində hüquq və qanuni mənafelərinin pozulduğunu iddia edən maraqlı şəxslər, bu qanunda müəyyən edilmiş hallar istisna olmaqla, fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıdan çıxarılması barədə Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq məhkəməyə müraciət edə bilər.

Ölkədaxili siyahıya daxil edilmə üçün əsaslar aradan qalxdıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) öz təşəbbüsü və ya fiziki şəxs və ya qurumun, o cümlədən həmin fiziki şəxsin və ya qurumun siyahıya daxil edilməsi nəticəsində hüquq və qanuni mənafelərinin pozulduğunu iddia edən maraqlı şəxslərin müraciəti əsasında fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıdan çıxarılması barədə Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq məhkəməyə təqdimat verir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxsin və ya qurumun, o cümlədən həmin fiziki şəxsin və ya qurumun siyahıya daxil edilməsi nəticəsində hüquq və qanuni mənafelərinin pozulduğunu iddia edən maraqlı şəxslərin müraciətinə 15 gün müddətində baxır və müraciət əsaslı hesab olunarsa, fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıdan çıxarılması barədə məhkəməyə təqdimat verir. Əlavə araşdırma tələb edən müraciətlərə 1 ay müddətində baxılır.

Fiziki şəxs və ya qurum üçüncü dövlətin sorğusuna əsasən ölkədaxili siyahıya daxil edildikdə, sorğu göndərən dövlətin və ya həmin fiziki şəxsin vətəndaşı olduğu, daimi qeydiyyatda olduğu və ya yaşadığı və ya qurumun təsis edildiyi, idarə edildiyi və ya fəaliyyət göstərdiyi dövlətin sorğusu əsasında və ya öz təşəbbüsü ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ölkədaxili siyahıdan çıxarılma barədə təqdimatla məhkəməyə müraciət edə bilər. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) sorğuya 15 gün müddətində baxır və sorğuya baxılmanın nəticəsi barədə xarici dövlətin səlahiyyətli orqanına yazılı formada məlumat verilməsini təmin edir. Əlavə araşdırma tələb edildikdə sorğuya baxılma müddəti uzadıla bilər.

Xarici dövlətin səlahiyyətli orqanının sorğusuna ölkədaxili siyahıdan çıxarılmasının zəruriliyini əsaslandıran sənədlər əlavə edilməli və sorğuda aşağıdakılar qeyd olunmalıdır:

- Azərbaycan Respublikasının sorğu edilən səlahiyyətli orqanının

(qurumunun) adı;

- xarici dövlətin sorğu edən səlahiyyətli orqanının adı;

- ölkədaxili siyahıdan çıxarılması sorğu edilən fiziki şəxsə və ya quruma dair ətraflı eyniləşdirmə məlumatları;

- Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş məlumatlar və ölkədaxili siyahıya daxil edilmə üçün əsasların aradan qalxdığını təsdiq edən sənədlər;

- məsələyə dair qanuni və əsaslı qərarın qəbul edilməsi üçün sorğu edilən səlahiyyətli orqanın zəruri hesab etdiyi digər məlumatlar.

Ölkədaxili siyahıya daxil edilmiş fiziki şəxs vəfat etdikdə, qurumun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verildikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) öz təşəbbüsü və ya həmin fiziki şəxsin yaxın qohumlarının, vərəsələrinin və ya maraqlı şəxslərin müraciəti əsasında fiziki şəxsi və ya qurumu ölkədaxili siyahıdan çıxarır və bu barədə hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatında məlumat yerləşdirir.

Fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıdan çıxarılması barədə məhkəmənin qərarı qanuni qüvvəyə mindiyi gün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin fiziki şəxsi və ya qurumu təxirəsalınmadan ölkədaxili siyahıdan çıxararaq bu barədə məlumatı hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatında yerləşdirir.

Məhkəmənin fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıdan çıxarılmasından imtina edilməsi barədə qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilə bilər.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərə və qurumlara dair əldə etdiyi yeni məlumatlara, habelə xarici dövlətin səlahiyyətli orqanının sorğusuna əsasən ölkədaxili siyahını mütəmadi olaraq nəzərdən keçirir və yeniləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR